“Yatmış div” oyandı və dünyanı ovcunda fırlatmağa başlayıb

Maraqlı

27.04.2021 - 21:06

Artıq bəşəriyyətin yönünü o müəyyənləşdirir – kimilərini aparır, kimilərini gətirir

 

Sosial şəbəkələr virtual mühitdə əsas təsir riçaqına çevrilib. Təsadüfi deyil ki, bir zamanlar daha çox əyləncə vasitəsi kimi istifadə edilən sosial şəbəkələr bu gün nəinki insanların daimi məşğuliyyətidir, bəzən sosial mediadan ictimai-siyasi, sosial-iqtisadi təsir aləti kimi də istifadə olunur.

 

“We are social” platformasının yaydığı son məlumata görə, Azərbaycanda əhalinin 81,1 faizi (8,26 milyon nəfər) internet istifadəçisidir. Azərbaycan üzrə internet istifadəçilərinin sayı ötən ilə nisbətən 202 min nəfər, yəni 2,5 faiz artıb. İstifadəçilərin 49 faizini qadınlar, 51 faizini isə kişilər təşkil edir. İnternet istifadəçilərinin 80 faizi sosial şəbəkələrdə aktivdir. İştirakçıların 7,1 faizi sosial şəbəkələrdən gündə bir dəfə istifadə etsə də, 91,4 faizi gün ərzində bir neçə dəfə istifadə etdiyini vurğulayıb.

 

Azərbaycan əhalisinin ən çox üx tutduğu sosial şəbəkə platforması “Facebook”dur - 87,9 faiz. Sonrakı yerləri 76,4 faizlə “Instagram”, 60, 3 faizlə “Telegram”, 23,3 faizlə “Twitter” və 18,6 faizlə isə “Tiktok” tutur. Digər sosial şəbəkələrə - “LinkedIn”, “VKontakte”, “Odnoklassniki”yə isə maraq bir o qədər də böyük deyil. Ölkə əhalisi əsas informasiyaları adıçəkilən sosial şəbəkələrdən, xəbər saytlarından və “Youtube” üzərindən əldə edir.

 

Öncəki dövrlərdə seçki təbliğat kampaniyaları zamanı əyani təmaslar, broşür və digər çap materiallarından istifadəyə üstünlük verilirdisə, artıq əsas alət sosial şəbəkələrdir. 2020-ci ilin fevral ayında keçirilən parlament seçkiləri zamanı namizədlərin əsasən bu üsuldan istifadə etməsi, hər namizədin şəxsi səhifəsinin yaradılması, sponsor reklamlarına qoyulması bu qəbildəndir. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. ABŞ prezident seçkiləri tarixində Barak Obamanı “Sosial şəbəkələr prezidenti” adlandırırdılar. Çünki Obama ilk qalib gəldiyi seçkilərdə sosial şəbəkələr üzərindən böyük məbləğdə ianələr toplamış və öz qələbəsini təmin etmişdi.

 

Eyni zamanda ideoloji müstəvidə təbliğatlar, müxtəlif cərəyanların yayılması, psixoloji elementlərin dəyişdirilməsinə yönəlik cəhdlər də son dövrlər sosial şəbəkələr üzərindən həyata keçirilir. Sosial şəbəkələrin məhdudlaşdırılması, giriş icazəsinin leqallaşdırılması, ümumi nəzarət sisteminin təşkili ilə bağlı təkliflər də məhz bu səbəbdən qaynaqlanır.

 

Xüsusilə xalqları tərəfindən sevilməyən hakimiyyətlər sosial şəbəkələri özləri üçün potensial təhlükə mənbəyi sayır. Şimali Koreya, Türkmənistan və digər çoxsaylı dövlətlər buna misaldır. Sosial medianın cəmiyyətdə artan rolu fonunda bu virtual platformaların əks-təsirləri ilə bağlı müzakirələr də bitmək bilmir.

No description available.

ABŞ-ın texnologiya şirkətlərinin Avropa nümayəndəliyində İT mütəxəssisi vəzifəsində çalışan soydaşımız Anar Aslanlı AYNA-ya bildirir ki, sosial media cəmiyyətin güzgüsüdür və bütün mənfi tərəflərinə rəğmən, bundan sonra dünyanı bunsuz təsəvvür etmək mümkün deyil: “Sosial şəbəkələr təkcə sadə insanların deyil, nəhəng şirkətlərin, müxalifətli-iqtidarlı siyasi qüvvələrin, tanınmış şəxslərin, liderlərin, liderlik iddiasında olanların gündüəlik məkanına çevrilib. Ya prestij xatirinə, yaxud həqiqətən də fərqinə varmadan böyüklü-kiçikli hər kəs bu aləmin içində özünə yer axtarır”.

 

“Bir müddət öncəyə qədər sosial şəbəkələri “yatmış div” adlandırırdılar. Bu gün isə artıq “oyanıb” və dünyanın hər yerində hadisələrə təsir imkanları qazanıb. Uzağa getməyək, götürək elə ABŞ-da son seçkiləri. Bu seçkilər zamanı sabiq Prezident Donald Tramp sosial mediadan çox uğurla istifadə etdi və yekunda “Twitter” onu blokladı. Yaxud “ərəb baharı”nı. Tunisdə baş verən ilk baxışdan sıradan bir olay sosial şəbəkələrin hesabına böyük kütlələrə çatdı və nəticədə çoxlu sayda ərəb iqtidarları yola salındı. Təbii ki, bu gün sosial mediadan müəyyən  məqsədlər üçün istifadə edən qüvvələr də var. Hətta deyərdim ki, bu platformalarla kütlənin şüur səviyyəsinə təsir edən çoxsaylı mexanizmləri də işlənib hazırlanıb. Bu gün sosial şəbəkələr trenddir. Uzun müddət belə olacaq. Bu mənada mənfi-müsbət tərəflərini müzakirə etmədən sosial medianın verdiyi üstünlüklərdən bəhrələnməyə çalışmaq daha optimal yoldur”, - deyə müsahibimiz vurğulayır.

 

Azərbaycanda sosial medianın mövcud durumundan danışan Aslanlı hesab edir ki, artıq bizim ölkədə də sosial şəbəkələr ciddi təsir alətinə çevrilib: “Müqayisə aparsanız, görərsiniz ki, “Facebook” ilk yarandığı dövrlərdə əsasən əyləncə seqmentini öz ətrafına toplaya bilirdi. Bu səbəbdən daha çox bayağı və məzmunsuz kontentlərin izləyici sayı çox olurdu. Son vaxtlar isə belə deyil. Artıq hər kəs, o cümlədən cəmiyyətin düşünən kəsimi də “Facebook”dan istifadə edir. Qüvvələr nisbəti artıq bölünüb. Hazırda “Instagram” vaxtilə “Facebook”un yaşadığı dövrü yaşayır. Bu platformaya maraq həddindən artıq olsa da, əsasən şou, əyləncə və reklam tipli kontentlər populyarlıq qazanır. “Telegram” və “Twitter” isə daha çox siyasi maraqları ifadə edir”.

 

Ekspertin fikrincə, yaxın gələcəkdə sosial medianın birbaşa təsir imkanlarının daha da artacağını nəzərə alaraq, bu dövrə ciddi hazır olmalıyıq: “Əgər bu gün hər hansı deputatı, yazıçını bir video bitirirsə və yaxud bir məmuru ifşa edirsə, demək, görəcəyimiz günlər hələ qabaqdadır. Burada bir məqama da diqqət çəkmək istəyirəm ki, son dövrlər sosial şəbəkələrdə ciddi güvənsizlik problemi var. Bu səbəbdən istifadəçilər şəxsi məlumatlarını mümkün qədər qorumağa çalışaraq, maksimum diqqətli olmalıdırlar”.

No description available.

Azərbaycanda böyük “Facebook”, “Instagram” və “Telegram” səhifələrinin yaradıcılarından olan, sosial media eksperti Hacıbəy Heydərlinin AYNA-ya dediyinə görə, sosial media bu gün sosiallıqdan uzaqlaşıb və daha çox siyasi platforma rolunu oynayır: “Təsadüfi deyil ki, dünyada baş verən bir çox inqilablar, təlatümlər məhz sosial media üzərindən baş qaldırıb. Kiçik bir statistik araşdırma aparsaq, görərik ki, bu günə qədər təxminən 10-dan artıq dövlətin başçısı məhz mediada başlanan ictimai hərəkatın qurbanı olub. Hüsnü Mübarək, Zeynalabdin ben Əli, Əli Abdullah Saleh və s. bu qəbildəndir. Eyni zamanda Ukrayna və Gürcüstanda baş verən “məxməri inqilablar” zamanı da sosial media ciddi rol oynadı”.

 

“ABŞ-da Obama dövründən başlayaraq, sosial media prezidentliyə namizədlərin əsas təbliğat vasitəsinə çevrilib. Son dövrlər dünya liderlərinin mətbuat vasitəsilə deyil, “Twitter”lə mesajlar verməsi də kifayət qədər ciddi mətləblərdən xəbər verir. Demək, qarşıda sosial medianın əhəmiyyəti daha da artacaq. Azərbaycanda da sosial şəbəkələr ciddi resursa çevrilib və faktiki olaraq gündəmi məhz onlar formalaşdırır. Mətbuatda və xəbər portallarında dərc olunan yazılar məhz sosial media trendi olandan sonra gündəm yaradır. Dövlət qurumları və ictimaiyyət tərəfindən sosial mediada yayılanlara operativ reaksiya da bunun bariz nümunəsidir”, - deyə mütəxəssis bildirir.

 

Postsovet məkanında “Telegram”ın son dövrlər daha çox populyarlıq qazandığını deyən Heydərlinin sözlərinə görə, Belarus hadisələrindən sonra bu kanala xüsusi maraq yaranıb: “Bilirsiniz ki, Belarusda müxalif mətbuata qarşı senzura mövcuddur. Faktiki olaraq informasiya resursları tam mənada Lukoşenko iqtidarının nəzarətindədir. Lakin seçkilər zamanı “Nexta” kanalı “Telegram” üzərindən böyük kütlə topladı və bu hadisələrin əsas təkanverici qüvvəsinə çevrildi. Bu gün Azərbaycanda da “Telegram” məşhurdur. İnsanlar bu platformadan təhlükəsiz danışıq vasitəsi kimi istifadə etməklə yanaşı, həm də informasiya alırlar”.

 

“Heç şübhəsiz, sosial şəbəkələrin artan rolu televiziyaların, KİV-lərin də fəaliyyətinə təsirsiz ötüşməyib. Məhz elə bu səbəbdəndir ki, onlar rəqabətdə uduzur. Azərbaycanda sosial media üzərində ciddi təbliğat gedir və maraqlı qüvvələr hər vəchlə ictimai rəyi yönətməyə çalışırlar. 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra informasiya savaşının əsas elementi də məhz sosial şəbəkələr oldu. Mənbənin qeyri- səhihliyi də sosial şəbəkələrin gətirdiyi əsas problemlərdəndir. Bu mənada diqqətli olmağa və etibarlı xəbər mənbələri ilə işləməyə vərdiş etməliyik”, - deyə həmsöhbətimiz vurğulayır.

No description available.

XXI əsri bütün dünyada informasiya müharibələri dövrü kimi xarakterizə edən politoloq İlyas Hüseynovun AYNA-ya şərhinə görə, bu informasiya xüsusi “beyin mərkəzləri” tərəfindən idarə olunur: “Bu, özlüyündə ictimai rəyi yönləndirmək, ictimai rəyi manipulyasiya etmək, müəyyən mövzuları gündəmə gətirmək və onun üzərindən dövlətlərə müdaxilə etmək məqsədi daşıyır. Bu məsələlər “soyuq müharibə”dən sonrakı dövrdə aktuallaşdı və Şimali Afrikadan tutmuş ərəb dövlətlərinə, Qərb dövlətlərindən tutmuş postsovet məkanına qədər dünyanın hər yerində bunu müşahidə edirik. Buna qədər transmilli kompaniyalar iqtidar və müxalifət arasında olan ziddiyətləri ənənəvi KİV-lər  müstəvisinə daşıyırdısa, hazırda bu, sosial şəbəkələr vasitəsilə həyata keçirilir”.

 

Analitik hesab edir ki, mövcud vəziyyətdən çıxış yolu medianı sağlamlaşdırmaqdan, mətbuatda azad rəqabət mühiti yaratmaqdan keçir: “Əgər cəmiyyət sağlam informasiyanı KİV-lərdən almayacaqsa, o zaman sosial mediada yayılan saxta xəbərlər gündəmi müəyyən edəcək. Hibrid müharibələri müxtəlif seqmentlərdə özünü göstərir və bu informasiya sahəsindən də yan ötmür. Hazırda bununla bağlı dərin tədqiqatlar həyata keçirilir”.

 

“Qlobal müstəvidə bunu böyük mərkəzlərin maraqlarına xidmət edən problem kimi səciyyələndirə bilərik. Bu mövzu üzərindən müəyyən mülahizələr yürütmək olar. Heç şübhəsiz, baş verənlər Azərbaycandan da yan ötmür. Hazırda Azərbaycan hökuməti bu sahədə ciddi araşdırmalar aparır. Müxtəlif qurumlarda, AMEA-da, ali təhsil müəssisələrində, “beyin mərkəzləri”ndə bu araşdırmalar aparılır”, - deyə Hüseynov qeyd edir.

 

Müsahibimizin fikrincə, hazırda dünyada gedən siyasi proseslərin tədqiqatı ilə məşğul olan mütəxəssislərin formalaşması gələcəkdə bunun ziyanlı tərəflərini aradan qaldırmağa yardımçı olacaq: “4-cü sənaye inqilabı bizim qarşımızda yeni vəzifələr qoyur. Bu nöqteyi-nəzərdən də ölkəmizin regionda və dünyada rolunu artırmaq üçün qlobal trendləri müəyyən etmək və onların üzərində tədqiqatlar aparmaq olduqca aktual məsələdir”.

Müəllif: Azər Niftiyev