Gəlin, “atışıb” məmurlara kalkulyator alaq – <font color=red> AXI NİYƏ?!</font>

Maraqlı

19.02.2021 - 10:21

Həkimlər Klinikalar SEO Xidməti

Qarşıda bizi “Azərişıq”dan, “Azəriqaz”dan və Tarif Şurasının xeyir-duası ilə daha hansı “Azər...”-dən sürprizlər gözləyir?

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Son günlər sərt karantin rejiminin yumşaldılması ilə əlaqədar, bir ildir ki, müştərisizlik məngənəsində boğulan bir çox elektrik malları, kompüterlər və ofis texnikası satan mağazalara, sanki ikinci nəfəs verildi. Küçə bilbordlarından, telekanallardan, telefona gələn SMS-lərdən, sanki bu mağazalar “gözümüzə girir”. “Endirimli”, “komissiyasız”, “18 aylıq faizsiz” malların reklamının sayı həndəsi silsilə ilə artır. Sifariş olunan malı evə, ofisə, hara desəniz, ora, çatdırılma da öz yerində.

 

Bilmirəm, bəlkə, bu mağazalar koronavirusdan ehtiyat edərək, “bilmək olmaz, yenə bağlana bilərik” gümanı ilə mallarını tez satmaq istəyir, amma hər halda, belə endirimin (əgər doğurdan da endirimdirsə) əhaliyə ancaq xeyri dəyə bilər. İndi bu mövzunu niyə qaldırdığımız düşünən oxucularımıza bir təklifim var: gəlin, azərbaycansayağı atışaq və bəzi vəzifəli şəxslərə bir noutbuk və ya smartfon alıb pay verək. Hesab edirəm ki, bu çəkdiyiniz xərc sonradan sizin tam olaraq xeyrinizə işləyəcək. Axı niyə belə düşünürəm?! İzah edim.

 

Yeni ilin ilk ayları, qələbə sevincinin məstliyindən tam ayılmayan xalqımızın “kayfını” əməlli-başlı korladı. Əvvəlcə Aİ-92 benzinin qiyməti, səlahiyyətlilər demişkən, bizi düşündükləri üçün qaldırıldı, sonra da keçdik suya. Suyun və kanalizasiyanın qiyməti qalxanda tam ayıldıq.

Картинки по запросу "su kranı"

Bu “kayfalomşiklərin” izahlarına qulaq asanda, adama elə gəlir ki, bunların iş yerlərində, evlərində noutbuk, smartfon, nə bilim, heç olmasa, köhnə elektron hesablayıcı, o da olmasa, sovet dövründən qalma “çötkə” də yoxdur ki, qabaqlarına qoyub bəzi rəqəmləri hesablasınlar və əhaliyə izahat-cavab versinlər.

 

Məsələn, götürək elə su məsələsini. Suyun qiymətinin qalxması ilə jurnalistlərə qarşı aqressivliyi mütənasib olan “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının birdən bizə zəng edib, təhqir edə biləcəyini nəzərə alaraq, bəri başdan deyim ki, bu problemə görə, onun müdiri Qorxmaz müəllimə zəng-zad etməmişik.

 

Abşeron Gənclər Şəhərciyində yaşayan bir dostumun mənzilinə 32.2 manatlıq borc bildirişi gəlib. O da evdəkilərdən şübhələnib ki, birdən ondan xəbərsiz, mənzildə “moyka” açmış olarlar. Şübhəsi də onunla bağlıdır ki, onların mənzilinin aylıq supulu 7-8 manat arasında olur. Bu dəfə isə 32 manat! Axı, suyun qiyməti iki dəfə artıb, dörd dəfə yox! O da fevralın 1-dən sonra...

 

Bununla bağlı sosial şəbəkələrdə narazılığını dilə gətirəndən sonra “Azərsu” ASC-dən ona deyiblər ki, bu borc sənin mənzilinin 2.5 aylıq su sərfiyyatının borcudur. Hələ bir irad da bildiriblər ki, “niyə supulunu gecikdirirsən?”

 

Dostum da başlayıb düşünməyə ki, əvvəla, bu məmləkətdə deyil 2.5 ay, heç 2.5 gün borcunu gecikdirsən, borc sahibləri (ASC-lər, QSC-lər, MMC-lər və s.) başına oyun açarlar. Nə əcəb, bu bir neçə ayda onun başını gövdəsinin üstündə, suyunu mənzilində salamat buraxıblar? Nəysə, boş verib bu xam xəyalları.

 

Keçib ikinci məsələyə. 32.2 manatı bölüb deyilən 2.5 aylıq müddətə - aya 13 manat. Onun 2 manatını 15 günlük fevralın (ikiqat bahalaşma müddətinin) kəkilinə qurban verib. Yerdə qalır 11 manat. Deməli, lap “Azərsu”nun dediyi kimi olsun: Yenə standart aylıq ödəmədən 40-50 faiz artıq borc gəlib.

 

Dostumu xeyli sakitləşdirdim. Dedim, ola bilər ki, evdəkilər də günahkar deyil, “Azərsu” da. Sadəcə onlara işində kalkulyator olan bir texniki vasitə almaq lazımdır ki, haqq-hesabı düz eləsinlər. Axı onlar məmur da olsalar, maaşla dolanırlar. Ola bilər ki, imkanları yoxdur hansısa hesablayıcı vasitə almağa. Ona görə də supulu camaata çox gəlir.

 

Arqument kimi də xəbər agentliklərində “sayğaclar çox yazır” ittihamına “Azərsu”nun cavabını xatırlatdım. Ay dost! Kişilər laboratoriya açıb, bu sayğacların hamsını yoxlayıblar. Səhv yazmır, sadəcə... lazım olan qədər yazır. Sən də “reket” deyilsən ki, “varlıların, məmurların villalarından, əkin yerlərindən pul ala bilmədikləri üçün, hesabı sadə xalqa kəsirlər” kimi əsassız iddialarla razılaşasan. 

 

Odur ki, əziz oxucular! Nə qədər ki, bu “endirim” kampaniyaları davam edir, gəlin “atışaq”, bir neçə noutbuk, smartfon, sadə kalkulyator və sair kimi, içində hesablayıcı proqramlar olan başqa texnika alıb, saxlayaq. Axı, qarşıda bizi “Azərişıq”dan, “Azəriqaz”dan və Tarif Şurasının xeyir-duası ilə daha hansısa “Azər...”-dən sürprizlər gözləyir. Onların da rəhbərləri sadə insanlardır, maaşla dolanırlar, dəqiq hesablaya bilmirlər də.

 

Bu qurumların rəhbərliyindən isə hədiyyəmizi qəbul etməyi xahiş edirik. Əks halda, camaatın evində dava düşəcək, ev sahibi arvadına (və ya əksinə) bir şillə vuracaq... nəticədə ölkəmizin adı gedib düşəcək “ailə zorakılığının çox olduğu” dövlətlərin siyahısına və beynəlxalq təşkilatların hesbatlarına. İnanıram ki, bizim dövlət qurumlarının rəhbərləri bunu istəməzlər. Odur ki, “atışın”, hörmətli oxucular. İlk olaraq, bu yazının qonorarını mən qoyuram ortaya...

Müəllif: Yoldaş Mircəfər