Azərbaycanlı Mamedin Ukrayna sərgüzəştləri

Maraqlı

07.08.2020 - 22:41

Ya da belə deyək: Hamı günahkardır, Mameddən başqa...

 

Bu hadisəni mənə başqa adam danışsaydı, bəlkə də şişirtdiyini düşünüb, gülər, inanmazdım. Amma, bu maraqlı hadisə və ona problemlər yaranmaması üçün şərti olaraq Mamed adlandırdığım şəxsin başına gələnlərin özüm iştirakçısına çevrildim. 40-dan bir qədər çox yaşı olan Mamed tikintidə “briqadir” işləyir. Təxminən, il yarım əvvəl o, yaxın bir tanışının dəvəti ilə Ukraynaya gəldi. Səbəb dostunun evində gedən təmirin uzun müddətdir ki, bitməməsi idi. Buraların ustaları eyni vaxtda bir neçə sifariş götürür, sonra o ünvandan bu ünvana qaçaraq, yarımçıq işlər görür və sifarişçilərin hamısını el dilində desək, infarkt edirlər.

 

Ustaların əməllərindən bezən Kiyevdə yaşayan bir həmyerlimiz tarixi vətənində Mamedi tapır. Mamed Kiyevə gəlir və tanışına verdiyi sözə tam əməl edir – təmiri yüksək keyfiyyətlə bitirir. Amma Kiyev Mamedin o qədər xoşuna gəlir ki, burada bir az da qalmaq və qazanmaq qərarına gəlir. İnsafən, Mamedin işini görənlər ona yenə də təmir sifariş etmək qərarına gəlmişdilər.

 

İl yarım ərzində Mamed Kiyevi, özünün deiyi kimi, beş barmağı kimi tanıdı, nəyin harada yerləşməsini, camaatla necə danışmağı öyrəndi. Bir məsələdən başqa – Mamedin heç ağlına da gəlmirdi ki, başqa ölkədə yaşamaq üçün sənədlərini düzəltmək lazımdır. 

Kiev: 3-Hour Private Transport Sightseeing Tour - Kiev, Ukraine ...

İndi Mamed bu problemi həll edə bilmədiyi üçün, ona Kiyevdə yaşamasını leqallaşdıran sənədlərin düzəldilməsinə söz verən bir azərbaycanlını günahkar bilir. Azərbaycanlıların sənəd düzəltmək məsələsinə başdansovdu yanaşması barədə ayrıca film çəkmək olar. Xüsusən də sənəd yoxlanışı məsələsi sərtləşməyən ölkələrdə gedən həmyerlilərimiz işlərini əvvəldən görmür, buna görə də sonradan ciddi problemlərlə üzləşirlər.

 

Ukraynada sənədlərin yoxlanılması çox da tez-tez rast gəlinən proses deyil. Mamedin Kiyevdə olduğu il yarım ərzində cəmi bir-iki dəfə sənədlərini tələb ediblər. Onda da Mamed yəqin ki, kiçik miqdarda pul verərək, canını qurtara bilib. Hər şey yaxşı gedirdi və bir gün Vətəndən xəbər gəldi ki, Mamed, bəs, qızının toyu yaxınlaşır, durma gəl. Sevinclə Azərbaycana yollanan Mamed, toy bitən kimi, Kiyevə dönməyi planlaşdırırdı – burada onu, mən də daxil olmaqla, bir neçə potensial müştəri gözləyirdi.

 

O, Bakıya dönməmişdən qabaq danışdıq ki, mənim Kiyevdəki mənzilimi 2 otaqlıdan 3 otaqlıya çevirmək lazımdır və bu işi Mamed görəcəkdi. Təbii ki, qızının toyundan dönəndən sonra. Amma...

 

Dünyanı lərzəyə gətirən lənətə gəlmiş koronavirus həm mənim, həm də Mamedin planlarına pəl qatdı. Sərhədlər bağlandı və Mamed Bakıda qaldı. Bir müddət keçdi. Kiyevdə qazandığı pulları xərcləyib qurtaran Mamed, Bakıda özünə iş tapa bilmirdi. Koronavirus zamanı necə tapacaqdı bu işi?

 

Odur ki, son iki ayda qarşısına bir məqsəd qoydu - necə olursa olsun, Kiyevə qayıtmaq. Ötən həftə mənə şad xəbər verdi ki, bəs, “eloğlu, artıq bilet də almışam təyyarəyə”. Kiyevə gəlmə vaxtını bildiyim üçün, həmin gün ona zəng vurdum, səsi çox qəmgin gəlirdi: “Qardaş, hamını buraxdılar, amma sərhədçilər mənə ilişdilər. İndi bir neçə rusla birgə oturmuşam aeroportda. Kömək edə bilərsən?”

 

Hadisəni təfərrüatı ilə danışmağı xahiş etdim, axı, həmin günə qədər Mamedin Kiyev sərgüzəştlərindən xəbərsiz idim. Mamed, sanki qəhrəmanlıq səlnaməsi danışırmış kimi, başına gələnləri ərz etdi və sonda “Kiyevdə nə qədər adam sənədsiz gəzir, bunlar isə bircə mənə ilişiblər” dedi.

Диалог «Паспортный контроль в аэропорту» (Immigration control ...

Mənim bütün xəbərdarlıqlarıma baxmayaraq, Mamed ölkəyə girmək üçün “başqa varianta” əl atdı. O, sərhədçiyə şəxsi kolleksiyasını, yaşıl fonda Bencamin Franklinin şəkilləri olan miniatür portretlərlə zənginləşdirməyi təklif etdi. Bu zaman Mamed qanunu pozmaqla öz vəziyyətini ağırlaşdırması barədə məsləhətimə heç qulaq da asmaq istəmirdi. Mən diaspor, səfirlik və digər əlim çatan yerlərə kömək üçün müraciət etdim, amma hər yerdən eyni cavabı aldım – il yarım Ukraynada qeyri-leqal yaşayan bir adamı heç kim ölkəyə buraxmaz. Amma müraciət etdiyim insanların hamısını daha bir sual maraqlandırırdı: Pandemiyaya görə sərhədlərin bağlandığı bir dövrdə Mamed təyyarə ilə Bakıdan Kiyevə necə gələ bilib?

 

Sualı Mamedə ünvanladım və aldığım cavabdan şoka düşdüm. Mamed “Mən Boliviya ilə gəlmişəm” dedi. Yəni çətin vəziyyətlərdə baş çıxarmaqları ilə məşhur olan həmvətənimiz Kiyevə gəlmək üçün əvvəlcə Cənubi Amerikaya-Boliviyaya uçub, oradan da Ukraynaya gəlib çıxıb? Təkrarən soruşdum və hər şey mənə agah oldu: Mamed Ukraynaya Belarusun “Belavia” şirkəti tərəfindən həyata keçirilən Bakı-Minsk-Kiyev reysi ilə gəlib. Yəqin ki, Belarus şirkəti Mamedi geri gətirəcəyini bilsəydi, heç ona bilet satmazdı...

 

Kiyevin Borispol hava limanından ölkəyə daxil olmaq üçün bir neçə uğursuz cəhd edən Mamed, sonda Minskə qaytarıldı. Sağ olsun Minsk diasporumuzdakı uşaqlar, həmyerlimizə kömək edərək, ona yemək-yatmaq təşkil etdilər. Amma Mamed özünə qoyulmur, elə hey Kiyevə dönmək üçün yollar axtarırdı. Onu 1000-1200 dollar müqabilində Ukraynaya keçirmək istəyənlər də tapılmışdı. Mamedin bu qədər bulu yox idi, üstündə olanların çoxu isə əmanət idi – Bakıda Kiyevdəki azərbaycanlılara çatdırmağı xahiş etmişdilər. Mamed pulları Kiyevə, onlara Minskdən “vester yunıy” (o, ABŞ-ın “Western Union” şirkətini belə adlandırırdı) vasitəsi ilə göndərdi.

 

Mamedin rus dili biliklərinə yaxşı bələdəm. O, Belinski və ya Dal deyil, rus dilində onu başa düşmək üçün xeyli əziyyət çəkməlisən. Amma bu oğlan Minskdə də onu Ukraynaya maşınla keçirəcək adam tapa bildi. Bunun üçün Mamed Qomel şəhərinə gəlməli, bələdçi ilə oradan Ukraynaya yollanmalı idi. Buna cəmi 300 dolları çıxacaqdı. Mamed həvəslə sərhədə qədər gəldi, amma yenə də başa düşmədi ki, sənədləri düz olmasa, heç kim onu Ukraynaya almayacaq.

 

İndi Mamed hamını lənətləyir: Ukrayna sərhədçilərini və Miqrasiya Xidmətini, ona sərhədi keçirmək sözü verən, lakin bacarmayan belaruslunu, Kiyevdə il yarım ərzində onun sənədlərini düzəltməyən həmyerlimizi… Bir sözlə, hamı günahkar idi, Mameddən başqa.

 

Mamed hələ də Ukraynaya keçmək üçün variantlar axtarır. Kimsə fikirləşirsə ki, Mamed Rusiya, Ukrayna, Belarus torpağına ayaq basan azərbaycanlıların ən pis nümunəsidir, səhv edir. İndi isə bütün bu əhvalatı bir sualla bitirmək istəyirəm: Ölkəmizdən belə təmsilçilər axını qarşısında kimsə doğrudan da təəccüblənir ki, niyə Azərbaycan diasporu təsiredici gücə çevrilmir?!

Müəllif: Əkbər Həsənov