"/>

Pandemiyadan doğulan yeni insan gəlir - <font color=red> "C" nəsli kimdir? </font>

Maraqlı

04.07.2020 - 15:00

Həkimlər Klinikalar SEO Xidməti

Hacı İlqar İbrahimoğlu: "Bu təhdidləri fürsətə çevirmək üçün bəşəriyyət toparlanmalıdır"

 

Artıq uzun illərdir ki, yeni dünya mərhələsi, dünya düzəni ilə bağlı müxtəlif fikirlər, ehtimallar, konspiroloji iddialar. Hətta, koronavirus pandemiyasının bütün dünyada geniş vüsət alması, rəqəmsal dünyaya keçid, “yeni insan modeli” ilə bağlı fikirlər və ehtimalların güclənməsinə rəvac verib. Artıq uzun zamandır ki, mövzuya istər siyasi, istər ideoloji, istərsə maddi aspektlərdən yanaşılıb və nəticə əldə etməyə cəhd olunub.

 

AYNA məsələni “Yeni insan modeli - pandemiya” tərəfdən aydınlaşdırmağa çalışıb. Müsahibimiz ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğludur.

 

- Hacı, müxtəlif zamanlarda, xüsusən də COVID-19-dan sonra yeni-yeni fikirlər ortaya atıldı. Ələlxüsus da, 5G, çip məsələləri “yeni insan modeli”, “yeni dünya düzəni” kimi fikirlərin yaranmasına səbəb oldu. Sizin fikrinicə, “yeni insan modeli” deyiləndə nə nəzərdə tutulur?

 

- Düşünürəm ki, 5G və çiplə bağlı deyilənlər birmənalı olaraq emprik, labaratuar əsaslara söykənmir. Ona görə də burada hələlik kateqorik fikirlər söyləmək çox çətindir. Hər halda, bununla bağlı ciddi araşdırmalar, təhqiqatlar və əsaslar olmalıdır. O zaman bununla bağlı dəqiq nəsə demək olar. Amma istənilən halda, COVID-19-un yayılması ilə insanlıq yeni mərhələyə daxil olub. Hətta, sosioloqlar bu mərhələ ilə bağlı yeni nəslin meydana gəlməsini də qeyd edirlər.

 

Bildiyiniz kimi, 1965-1982-ci illəri əhatə edən “X" nəsli var idi ki, onların formalaşması aktiv internet və texnologiya dövrünü düşməmişdi. 1982-2000-ci illəri əhatə edən “Y" nəsli isə yeniyetməlikdən texnologiya, internet əsrini yaşadı. Nəhayət, 2000-ci ildən bu günə qədər “Z" nəsli var ki, ciddi şəkildə digərlərindən fərqlənir. Onlar bu inkişafın içində dünyaya göz açıblar. Lakin COVID-19 hamını bərabər vəziyyətə gətirib çıxardı və bu virus bəşəriyyəti “VUKA World” - qeyri-müəyyənlik strategiyası dövrünə daxil etdi.

 

Hal-hazırda mahiyyətcə, bütün nəsillər eyni, bərabər şəraitdədir və yeni nəsil meydana gəlməkdədir ki, buna da “C" nəsli deyirlər. Yəni texnologiyadan istifadə edərək bütün işlərin idarə olunması, bütün işlərin onlayn həyata keçirilməsi. Qeyri-müəyyənlik strategiyasının xüsusiyyətlərindən biri də budur ki, heç kim bilmir ki, bu, nə vaxt bitəcək. Bu, yeni həqiqətdir və yeni təhdidlər yaradır. Bu təhdidləri də fürsətə çevirmək üçün sözsüz ki, bəşəriyyət toparlanmalıdır.

İlgar İbrahimoglu adlı şəxsin şəkli.

- Tətbiq olunan karantin rejimi, virtual dünya, rəqəmsal aləm, sosial məsafə və bütün bunların fonunda dayanan bir həqiqət var - insanların bir-birindən uzaqlaşması. Bu fakt, əslində, hansısa məqsədə xidmət edirmi? Bunu nəylə əlaqələndirmək olar?

 

- Mahiyyət etibarı ilə hər bir insan bunun fərqində olmalıdır ki, biz bütün hallarda Allah dərgahındayıq. İstər real, istərsə də virtual aləm olsun, fərq etmir. Və bütün hallarda da insan olmaq həyatın prioriteti olmalıdır. Bu mənada düşünürəm ki, bu həqiqətin imtahanları var və bu, məsuliyyəti bir qədər artırır. İndiki dönəmdə də insan olmaq, insan qalmaq istiqamətində hər kəs səylərini artırmalıdır. Çünki, real aləmdə qəflət deyilən bir mərəz ki var, insanı özünün fərqinə varmaqdan, özünü qorumaqdan, özünü inkişafdan saxlayır, virtual aləmdə də qəflətə düşmə qədər təhlükəli “feyk” xəbər dünyası var. Təbii ki, bunun içində insan qalmaq lazımdır, meyarlara malik olmaq lazımdır və yaşayaşımızı buna uyğunlaşdırmalıyıq. Sözsüz ki, mənəvi anlamda insanın məsuliyyətləri daha da artır. Amma bu təhdidləri insan fürsətə çevirə bilsə, daha da kamil, daha da inkişaf etmiş vəziyyətə çatacaq.

 

- Virtuallaşmış yeni dünya mərhələsində insan nə qədər mühüm əhəmiyyət kəsb edəcək?

 

- Hər kəs son illərdə 4-cü mərhələ sıçrayışını gözləyirdi. Yəni faktiki olaraq biz 3 mərhələni geridə qoymuşduq. Növbəti dalğa, texnoloji-kommunikasion inqilabın 4-cü dalğasına, yəni robotlaşma, süni intellekt formatına hər kəs hazırlaşırdı. Amma dünya tam başqa istiqamətə doğru hərəkət etdi. İnsanlar bunun fərqində oldular ki, texnologiyanın, emprik elmin inkişafı özü-özlüyündə yetərli deyil. İnsanın bundan artığına ehtiyacı var. Yəni bunlar mühüm olsa da, yetərli deyil. Düşünürəm ki, COVID-19-un yaratdığı “VUCA World” dövrü robotlaşma, süni intellekt mərhələsi öncəsi yaxşı ayılma oldu.

 

Amma eyni zamanda, bu, həm də bioloji silahın tətbiqidir ki, bu da təsadüfi deyil və bəşəriyyətdə xaosun, gərginliyin artırılmasıdır. Bu imtahanlardan da insan daha güclü və daha qüvvətli çıxa bilər. Bunun üçün də yetərli potensial var. İstər geosiyasi olsun, istər iqtisadi, istər mədəni, istər sosial-ictimai, dəyişməz görsənən qüdrətlər dəyişir, dəyişməz görsənən iqtisadi qüvvələr böhran yaşayır. Hər bir insan fərd olaraq, toplum olaraq bu çağırışları qarşılamağa hazırlaşmalıdır. Çünki bu imtahandan başıuca çıxmaq üçün bəşəriyyətin yetərincə imkanı var.

 

- Bəs, bu yeni mərhələni, sistemi necə anlayaq?

 

- Bioloji silah faktorunu ciddi hesab edirəm. ABŞ-ın dünyada çox sayda bioloji silah laboratoriyaları var. İndiyə qədər də bəlli deyil ki, virus necə başladı, necə mutasiya etdi. Amma bütün bunlarla yanaşı, bunun yaratdığı bumeranq (ABŞ-ın özünə qayıtması), Çin və İranın bu mövzuda daha bacarıqlı və qabiliyyətli çıxması, bütün dünyanın bu vəziyyətlə üzləşməsi dünyanın daha da qloballaşmasını göstərir. Aydın olur ki, bioloji silah lokal xarakter daşımır. Əgər vaxtı ilə nüvə silahı Herosima və Nakasaki ilə məhdudlaşırdısa, indi bioloji silah hər yerə qayıdıb. Ona görə də bioloji silaha qarşı birmənalı olaraq dünyada yeni etiraz dalğası başlanmalıdır. Çünki bioloji silah bütün silahlardan qat-qat daha təhlükəlidir.

 

- Məlumdur ki, bu mərhələni quran da insandır, dağıdan da. Təhlükəni yaradan da insandır, qarşısını alan da. Yəni haqqında danışdığımız insan nə üçün bir istiqamətdə hərəkət etmir? İnsana özünü tanımaq, özünə qayıtmaq üçün nə mane olur?

 

- İnsan bütün varlıqlar içində seçilmiş, şüurlu varlıqdır və seçim boşluğu məsuliyyət yaradır. Tarixən də belədir ki, hər kəs fərdi olaraq bu sınaqları verir və bu sınaqlar da Qiyamət gününə qədər davam edəcək. Mühüm olan bizim bu sınaqlardan necə çıxmağımızdır. Hər dövrün də öz imtahanı, sınağı var. Arzu edirəm ki, bəşəriyyət bu dövrün sınaqlarından da başıuca, alnıaçıq çıxa bilsin.

Müəllif: Mərahim Nəsib