Üfüqdən boylanan qiymət artımı: zərəri niyə dövlət deyil, vətəndaş ödəsin?!

Cəmiyyət

08.04.2022 - 14:25

Daşıyıcı qiymətdən, sərnişin xidmətdən, mütəxəssislər isə ümumi vəziyyətdən narazıdır

Mətbuatda gedən xəbərə görə, 19 sərnişindaşıma şirkəti Tarif Şurasına, iqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb. Müraciətdə ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yarandığı deyilib.

Qeyd edilib ki, maliyyə hesabatlarına əsaslanaraq, hazırda sərnişindaşımada mövcud olan gedişhaqqı (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli deyil. Mövcud tarif daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarımını risk altına salıb.

Şirkətlərin kollektiv şəkildə imzaladığı müraciətdə Bakıda tətbiq edilən tarifin qonşu ölkələrlə müqayisəsi aparıldığı və təkcə cari ilin geridə qalan 3 ayı ərzində Türkiyə, Rusiya, İran və Gürcüstanda ictimai nəqliyyatda gediş haqqı dəyərinin artığı deyilib. Həmçinin bildirilib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi 4 mart 2019-cu il tarixli qərarla sərnişindaşıma şirkətləri qarşısında bir sıra vacib tələblər müəyyənləşdirilib. Bu tələblərdən biri 1 yanvar 2025-ci il tarixindən etibarən Bakı şəhərində yalnız elektrik və ya CNG (sıxılmış təbii qaz) yanacağı ilə çalışan avtobusların istismara qəbul ediləcəyi ilə bağlıdır.

Müraciətdə vurğulanıb ki, ötən illərdə tərəflərindən avtobus parkının yenilənməsi, müasir AVRO tələblərə cavab verən avtobus nəqliyyat vasitələrinin alınması istiqamətində bir sıra addımlar atılıb: “Avtobus parkımızın müəyyən hissəsini mövcud tariflərə baxmayaraq yeniləyə bilmişik. Lakin məlum qərarın müəyyənləşdirdiyi tələblərə cavab verən avtobusların qiyməti xeyli bahadır və həmin nəqliyyat vasitələrini alaraq istismara qəbul etməyimiz hazırkı tariflərlə mümkün deyil. Hazırda yaranmış şəraitlə əlaqədar şirkətlərin parklarında olan təxminən 700-dən artıq avtobus sərnişinlərə xidmət göstərə bilmir. Həmçinin 2 ildən artıqdır davam edən pandemiya sərnişindaşıma şirkətlərinə ciddi zərbə vurub, əhalinin sosial və iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına səbəb olub. Ümumilikdə isə sektorda 6 min nəfərdən çox şəxs çalışır ki, bir ailədə orta hesabla 4 nəfərin olduğunu nəzərə alsaq, ictimai nəqliyyatda gedişhaqqının məbləği 24 min nəfərdən çox insanın sosial təminatı baxımından əhəmiyyətlidir”.

Şirkətlər əsaslandırmalarında onu da qeyd edib ki, hər şeyin qiyməti qalxdığı kimi, ehtiyat hissələrinin də qiyməti 5 dəfə bahalaşıb. Sığortanın, yanacağın qiyməti artıb.

Bütün bunların nəticəsində gözlənilir ki, gedişhaqqı şəhəriçi avtobuslarda 30 qəpikdən 40-50 qəpiyə, şəhərətrafı qəsəbələrdə isə 40-50 qəpikdən 60-70 qəpiyə qədər artırılacaq.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran nəqliyyat eksperti Eldəniz Cəfərov söyləyib ki, sərnişindaşıma şirkətlərinin bu tələbi anlaşılandır, amma: “Onlar həm özlərinin sosial rifahını yüksəltmək, həm də qazanclarını artırmaq istəyirlər. Eyni zamanda bunu da qeyd edək ki, Bakı şəhərində fəaliyyət gösətərən sərnişindaşıma şirkətləri vətəndaşlara yüksək keyfiyyətli xidməti göstərmir. Şəxsən mən bir vətəndaş, Bakı şəhərinin sakini kimi bu gün Bakıdakı ictimai nəqliyyatın fəaliyyətindən çox narazıyam. Biz ictimai nəqliyyatdan istifadə etmək üçün bəzi hallarda heç balansımızı artıra bilmirik. Çünki terminallar yoxa çıxır. Avtobusları dayanacaqlarda dəqiqələrlə gözləməli oluruq. Sürücülərin kobudluğu, nasaz avtobuslar və s. belə qənaət yaradır ki, keyfiyyətli xidmət təqdim olunmur”.

“Əgər Bakı şəhərində ictimai nəqliyyat keyfiyyətli xidmət təqdim etsəydi, bu qədər çox taksi olmazdı. İctimai nəqliyyatın bərbad vəziyyətdə olmasına görə vətəndaşlar banklardan 5-10 min manat kredit götürür və həmin pula sınıq-salxaq avtomobil alırlar ki, ictimai nəqliyyatın zülmündən qurtulsunlar”, - deyə həmsöhbətimiz bildirib.

Ehtiyat hissələrinin 5 dəfə bahalaşması məsələsinə qaldıqda, Cəfərov belə bir faktla rastlaşmadığını deyib: “Əgər kimdəsə belə bir fakt varsa, buyursun, təqdim etsin. 2022-ci il yanvar ayının 1-dən mart ayının 31-nə qədər Azərbaycanda nə sığortanın, nə yanacağın, nə də ehtiyyat hissələrinin qiyməti yüksəlib. Sahibkarların fikirlərinə hörmətlə yanaşıram. Vətəndaş kimi istəyirəm ki, sosial rifahları daha da yüksək olsun. Sərnişinlərin hesabına yox, şirkət olaraq daha çox qazanc əldə etmələrinin, daha çox vergi ödəmələrinin tərəfdarıyam. Gedişhaqlarında artımının olacağını bu gün heç kim proqnozlaşdıra bilməz. Lakin mən bunun tərəfarı deyiləm”.

İqtisadçı ekspert Natiq Cəfərli isə AYNA-ya şərhində yaxın zamanlarda gedihaqlarında artım olacağının gözlənildiyini qeyd edib: “Yəqin ki, yaxın zamanda bununla bağlı qərar veriləcək. Bizim nəqliyyat sistemimiz fraqmentaldır: metro dövlətin nəzarətindədir, şəhər nəqliyyatında özəl şirkətlər də var, dövlətin nəzarətində olan şirkətlər də. Bakı Nəqliyyat Agentliyi müdaxilə edir, eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin də müdaxilə etmək imkanları var. Yəni bir pərakəndəlik hökm sürür və bu da həm gedişhaqqı qiymətlərinə, həm də göstərilən xidmətə təsirsiz ötüşmür”.

Mütəxəssisin fikrincə, problemin həlli üçün mərkəzləşdirilmiş idarəetmə olmalıdır: “Bu problemlər təməldən həll edilməlidir. Bunun üçün də idarəetmə mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir. Eyni zamanda da nəqliyyat şirkətləri – dövlətin kapitalı ilə fəaliyyət göstərən, o cümlədən də metropoliten aydın açıqlamalar verməlidir ki, maya dəyəri nə qədərdir, bir sərnişindaşımın həyata keçirilməsi neçəyə başa gəlir, hansı izafi xərcləri var və s. Bütün bunlar barədə məlumatlar verilmədən və idarəetmənin fraqmental olmasını əsas gətirərək ancaq qiymət artımı ilə effektiv idarəetmə, gəlir əldəetmə imkanları nəzərdən keçirilirsə, bu, təbii ki, doğru deyil”.

“Bakı Böyükşəhər Bələdiyyəsi yaradılmalı, mer seçkiləri keçirilməli, şəhərin öz hökuməti olmalıdır. Bakı şəhərinin bütün nəqliyyat sistemi seçilmiş orqanlara həvalə edilməlidir. Seçilmiş orqanlar da qiymət siyasəti yürütməlidir. Bu, ona görə vacibdir ki, seçilmişlər həmişə öz seçiciləri qarşısında məsuliyyət hiss edirlər. Qiymət artımında daha ehtiyatlı davranırlar. Təyin olunmuşların isə bu cür qayğıları olmur. Necə ki Tarif Şurası istənilən halda qiymətləri qaldırır. Çünki vətəndaş qarşısında birbaşa məsuliyyəti yoxdur”, - deyə Cəfərli vurğulayıb.

Yol-nəqliyyat eksperti Elməddin Muradlı isə AYNA-ya deyib ki, daşıyıcı şirkətlərin arqumentlərini haqlı sayır: “Bu, həqiqətən, reallıqdır. Daşıyıcı şirkətlər irəli sürdükləri arqumentlərdə haqlıdır. Bütün dünyada enerji daşıyıcılarının qiyməti qalxıb - 5-10 il əvvəl aldığımız avtobusun qiyməti əvvəlki kimi deyil. Daşıyıcılardan dizel, benzin yox, CNG yanacağı ilə işləyən, komfortlu avtobus tələb edirik, amma gedişhaqqı 30 qəpikdə qalıb. Türkiyədən avtobus alırıq, lakin istehsalçı ölkənin özündə - Türkiyədə gedişhaqqı bizim pulla 95 qəpikdir”.

“Azərbaycanda avtobus istehsalı yoxdur, bütün detallar xaricdən gətirilir. Hər şey bahalaşıb. Sahibkarlıq inkişaf etməlidir, amma edə bilmir. Həmin daşıyıcı şirkətlər də sahibkarlardır, onların 200-300 min manata avtobus alıb, 30 qəpiyə də camaatın ixtiyarına vermək kimi dövlətə borcları yoxdur. Sahibkar öz gəlirini düşünür və bu da normaldır”, - deyə müsahibimiz bildirib.

Muradlı ortada iki variant olduğunu əlavə edib: “Ya dövlət sahibkarlara dotasiya şəklində dəstək olmalıdır, ya da qiymət artımına gedilməlidir. Daşıyıcı şirkətləri qınamıram, qınamağa da haqqım yoxdur. Çünki onlar da gerçəkləri deyirlər. Daşıyıcı şirkətlər qarşısında BNA tərəfindən bir sıra tələblər qoyulub. İşçilərin belə, əməkhaqları artırılıb. Buna görə də iki variantdan biri olacaq”.

Müəllif: Aləmdə Nəsib