"Sputnik" təhlükəsi, "çörəklə imtahan" narahatlığı, "Əliyev planı" - Parlamentdə MÜZAKİRƏ 

Aktual

26.04.2022 - 15:14

Deputat: "Kredit faizlərinə 5-6 faiz limit qoyaq, faizləri, borcları silək. Xalqımızı əzən borc sistemi haqqında yeni rəhbərlik qərar qəbul etsin"

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. Gündəliyinə 19 məsələnin daxil edildiyi toplantıda əvvəlcə deputatlar gündəmin problemləri ilə bağlı təkliflərini səsləndiriblər. Milli Məclisin Sədri Sahibə Qafarova aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının Qurultayı - Zəfər Qurultayı haqqında fikirlərini səsləndirib. 

Spiker: "Zəfər Qurultayı Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu nümayiş etdirdi"

Spiker qeyd edib ki, bu, ölkəmizin və xalqımızın həyatında çox mühüm bir hadisə oldu: "Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dünya azərbaycanlılarının Zəfər Qurultayı oldu. Hesab edirəm ki, qurultayın 44 günlük Vətən müharibəsinin son döyüşlərinin  baş verdiyi bu şəhərdə keçirilməsinin və Zəfər Qurultayı adı daşımasının dərin rəmzi mənaları var. Qurultay Azərbaycan Respublikasının Cənubi Qafqazın lider dövləti olduğunu, Azərbaycan xalqının öz sözünü qəbul etdirə bilən mütəşəkkil bir qüvvə kimi formalaşdığını və daim öz dövlətini dəstəklədiyini nümayiş etdirdi".

Sədrin sözlərinə görə, bu gün Azərbaycan bölgənin geosiyasi və geoiqtisadi mənzərəsini müəyyən edən güc mərkəzi kimi dünyanın diqqətini özünə cəlb edir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qurultayda geniş və dərin məzmunlu nitq söyləyib. Deməliyəm ki, cənab Prezidentin hər bir azərbaycanlı, bizim hər birimiz üçün proqram xarakteri daşıyan bu nitqi xalqımızın həyatının mühüm hadisələrinə işıq salmış, qarşıdakı dövr üçün əsas vəzifələri müəyyən edib. Möhtərəm Prezident müzəffər xalqın rəhbəri, qalib dövlətin başçısı kimi bir daha  bəyan etdi: “Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

Deputat: ""Sputnik-Azərbaycan”nın fəaliyyəti qadağan edilməlidir”

Deputat Vahid Əhmədov süni qiymət artımının narahatlıq yaratdığını, bunun çox ciddi problemə çevrildiyini söyləyib: "Süni qiymət artımının Azərbaycanda qarşısının alınması üçün çox ciddi tədbirlər həyata keçirilməlidir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bəzi işlər görür. Amma bu işlər geniş vüsət almalıdır”.

"Mən eyni zamanda, Azərbaycan saytlarına Rusiyada qadağa qoyulması ilə bağlı da fikrimi bildirmək istəyirəm. Bu gün Rusiyada bizim informasiya saytlarına qadağalar tətbiq edilib. Amma Azərbaycanda “Sputnik-Azərbaycan” fəaliyyət göstərir və heç bir qadağa da yoxdur. Bununla yanaşı, bu yaxınlarda Abxaziyada, Osetiyada fəaliyyət göstərən bir generalı gətirib "Sputnik-Azərbaycan"a rəhbər təyin ediblər. Hesab edirəm ki, bu informasiya resursunun fəaliyyəti dayandırılmalıdır". 

"Buradan Media Agentliyinə və Mətbuat Şurasına müraciət edirəm. “Sputnik-Azərbaycan”nın fəaliyyəti araşdırılsın və bu agentliyin fəaliyyəti Azərbaycanda qadağan edilsin”, - deputat vurğulayıb.

"Camaat qazandığının hamısını borca verir"

Deputat Tahir Kərimli isə kreditlər, kredit faizləri haqqında məsələni gündəmə gətirib. Millət vəkili bildirib ki, bank borcları, faizlər bu gün əsas problemdir: "Azərbaycanda elə ailə tapmaq olmaz ki, faizlər onları əzməsin. Yoxsul ölkələrdə, o cümlədən Azərbaycanda da kredit faizləri yüksəkdir. Camaat qazandığının hamısını borca verir. Biz Milli Bankın İdarə Heyətinə yeni sədr təyin etdik. Ondan xahiş edirəm ki, biz kredit faizlərinə 5-6 faiz limit qoyaq, faizləri, borcları silək. Xalqımızı əzən borc sistemi haqqında yeni rəhbərlik qərar qəbul etsin”.

"Ermənistan tərəfi onu da bilməlidir ki, törətdiyi bütün təxribatların qarşısı qətiyyətlə alınacaq"

"Bir neçə gün bundan əvvəl Şuşada dünya Azərbaycanlılarının Zəfər Qurultayı keçirildi. Zəfər Qurultayının Şuşada keçirilməsi bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Postmüharibə dövründə Azərbaycan diasporunu daha böyük vəzifələr gözləyir. Qurultayda Prezident İlham Əliyev konseptual, dərin və əhatəli çıxış edərək Azərbaycan diasporunun qarşısında duran mühüm hədəflərdən geniş bəhs etdi və Ermənistana növbəti dəfə ciddi xəbərdarlıq etdi. Növbəti gün Ermənistanın təxribat-diversiya qrupu Azərbaycan sərhədini keçməyə cəhd etdi. Bu, Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş növbəti təxribat idi". Bu sözləri çıxışında deputat Ceyhun Məmmədov deyib. 

Millət vəkili bildirib ki, bir neçə gündür Ermənistanın paytaxtında və Xankəndidə təşkil olunan mitinqlər revanşistlərin və köhnə rejimin qalıqlarının növbəti məkrli niyyətlərindən xəbər verir: "Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərdən əvvəl bir bəyanat, səfərdən sonra isə başqa bəyanat verməsi Azərbaycan cəmiyyətində haqlı olaraq bir sıra suallar yaratdı".

"Reallıq ondan ibarətdir ki, Ermənistanın cəhdləri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda yaratdığı yeni reallığı dəyişə bilməz. Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə tezliklə çatacaq. Ermənistan tərəfi onu da bilməlidir ki, törətdiyi bütün təxribatların qarşısı qətiyyətlə alınacaq. Heç şübhəsiz ki, baş verən bütün təxribatlara görə məsuliyyəti Ermənistan daşıyır. Ermənistanın Baş nazirinin özünün də dediyi kimi, bu ölkə qurbanlıq quzu statusundan, hansısa dövlətlərin əlində maşa və ya alət olmaqdan xilas olmağa çalışmalı, ona verilən son şansdan düzgün istifadə etməlidir. Ermənistanın xilas yolu yalnız bundan keçir", - deyə deputat fikrini tamamlayıb.

Deputat: "Minaların təmizlənməsinə hərəsi çox yox, 10 milyon dollarlıq yardım etsə, tarixi "mina dağı"nı ziyarət etmiş olarlar!"

“Qarabağ lokal ərazi münaqişəsi olmayıb, SSRİ-nin yaranması və süqutunda böyük rol oynayıb. Özü də söhbət təkcə bir milyona qədər köçkünün Vətənə dönüşündən getmir, bütövlükdə Qafqazın xilası, ənənəvi ticarət yollarının bərpası, iqtisadi və siyasi təhlükəsizlikdən gedir”, - deyə çıxışına başlayan deputat Zahid Oruc bildirib ki, Qarabağın bərpasına 100 milyardlarla manat vəsait gərəkdir: “Onu tək bir dövlət qarşılaya bilməz. Elə isə nə üçün Türk Dövlətləri Təşkilatı xeyirxah bir aksiya keçirmir? Yaxud, islam ölkələrinin xüsusi fərqlənməsi hazırki müqədddəs Ramazan ayının xeyirxahlıq, mərhəmət prinsiplərinə uyğun olmazmı? Minaların təmizlənməsinə hərəsi çox yox, 10 milyon dollarlıq yardım etsə, tarixi "mina dağı"nı ziyarət etmiş olarlar!". 

"Amerikada general Corc Marşalın əməl varisləri Qarabağda azad edilən torpaqlarda bir küçənin bərpasını üzərlərinə götürə bilməzlərmi? 100 il əvvəl Xəzər dənizinə donanma ilə gələn general Tomsonun Qarabağda yeganə ali hakimiyyət rəhbəri kimi tanıdığı Xosrov bəy Sultanova münasibətini indi Britaniya hökuməti təkrarlasa, Şuşada bir məhəllənin quruculuğunu öz üzərlərinə götürsə, ədalətli olmazmı? İki dəfə Bakıya gələn Şarl de Qollun Müqavimət Hərəkatında vuruşan azərbaycanlılara ehtiramını davam etdirmək üçün yenidən seçilən Makrondan çoxmu fədakarlıq tələb olunur? Axı həmin dövlətlər Qarabağda sülhdən milyardlar qazanacaqlar", - Z.Oruc əlavə edib. 

""Əliyev planı" onsuz da Marşal layihəsindən daha müqəddəsdir"

Millət vəkili qeyd edib ki, Azərbaycan o şəhərlərdə hər kəsin əməlini öz adı ilə yazıb tarixiləşdirəcək: "Ona görə də ölkə rəhbərinin Qarabağın Quruculuğuna Beynəlxalq Yardım Fondunun yaradılması ideyasını hər birimiz müdafiə edirik. Yoxsa ki, son 30 ildə və 44 günlük müharibədə o dövlətlərin davranışları nə olubsa, indi bərpa və yenidən məskunlaşmaya, Böyük Qayıdışa də eyni münasibəti görürük. Lakin “Əliyev planı” onsuz da Marşal layihəsindən daha müqəddəsdir. Çünki onu tək bir dövlət edir! Prezident Əliyev 44 günlük hərbi meydanda kimdirsə, inşaat meydanında da həmin qurucu liderdir!”.

“Elə edilməlidir ki, xalqımız çörəklə imtahana çəkilməsin”

Deputat Elman Nəsirli isə buğda və çörək qıtlığı təhlükəsindən danışıb. Millət vəkili bildirib ki, bu gün dünyada taxılın ixracında birinci yerdə Rusiya, beşinci yerdə Ukrayna dayanır: "Hazırda bu iki dövlət müharibə aparır və müharibənin sonu görünmür. Belə reallıqda ərzaq qıtlığı təhlükəsi realdır. Prezident İlham Əliyevin müşavirədə dediyi kimi, Azərbaycan 75 faiz ərzaq taxılını başqa ölkələrdən idxal etmək məcburiyyətindədir. Bu gün Rusiyadan 780 min ton taxıl alırıq. Yəni bir ölkədən taxıl idxalında bu qədər çox asılılığın olması qənaətbəxş hal deyil. Qazaxıstan isə taxıl ixracına kvota tətbiq edir. Bu, bizim taxıl istehsalçılarını çox ciddi düşündürməlidir. Taxıl məhsulu istehsal edən sahibkarlara subsidiyaların həcmi artırılmalıdır. Elə edilməlidir ki, xalqımız belə gözlənilməz situasiyalarda çörəklə imtahana çəkilməsin”.

Deputat: “Zəngəzur dəhlizinin Laçına birləşən hissəsinə Xosrov bəy və Sultan bəy Sultanovların adı verilsin”

Deputat Məlahət İbrahimqızı xatırladıb ki, bu günlərdə Türkiyə Böyük Millət Məclisində Türkiyənin Ermənistanla sərhədindəki Akkaya Sərhəd-Keçid Məntəqəsinə “Tələt Paşa qapısı” adının verilməsi məsələsi qaldırılıb: "Zəngəzur ictimaiyyətinin bir qrup ziyalısı mənə müraciətlər edirlər. Bildirirlər ki, Zəngəzur dəhlizinin Laçına birləşən hissəsinə 1905-1906 və 1918-ci ildə azərbaycanlılara qarşı kütləvi qətliam törədən erməni faşizminin təmsilçiləri Qaregin Njdeyə, Andranik Ozanyana qarşı mübarizə aparan Xosrov bəy və Soltan bəy Sultanov qardaşlarının adı verilsin. Zəngəzur ictimaiyyəti tərəfindən irəli sürülmüş bu təklifin Milli Məclisdə dəstəklənməsini və qəbul edilməsini xahiş edirəm”.

Bundan sonra deputatlar iclasın gündəliyində olan məsələlərin müzakirəsinə başlayıblar.  

Müəllif: Anar Bayramoğlu