Qonşuları milyarderin hündür hasarının sökülməsini tələb edirlər
Amerikalı milyarder, “Tesla”nın sahibi İlon Maskın qonşuları milyarderdən qanunu pozaraq tikdiyi iddia edilən hündür hasarın sökülməsini tələb edirlər. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Qeyd olunub ki, sahibkar əvvəllər Ostinin (Texas) prestijli ərazisində ev alıb. Əvvəlcə qonşular 6 milyon dollarlıq malikanənin yeni sahibinin kim olduğunu bilməyiblər, çünki uzun müddət mülkdə yalnız təmir-tikinti işçiləri görünüblər. Sonda beş metrlik hasar və hündür polad darvazalar quraşdırılıb.
Nəşrin məlumatına görə, problem ondadır ki, Maskın ilk növbədə tikintiyə başlamaq və yalnız bundan sonra onun üçün icazə almağa çalışmaq vərdişi var. Sözügedən hasarla bağlı məsələ də məhz belə olub. Yerli qaydalar Ostində altı futdan hündür hasarlar tikməyi qadağan edir. Dünyanın ən varlı adamı olsanız və ABŞ Prezidenti ilə dost olsanız belə...
Yerli hakimiyyət orqanları bunun digər varlı insanları da oxşar pozuntulara sövq edəcəyindən ehtiyat edərək Mask üçün istisna etməkdən imtina ediblər. Ostin Şəhər Şurası qeyri-qanuni hasar və onun mübahisəli sahibi ilə nə edəcəyinə qərar vermək üçün tezliklə toplanmağa hazırlaşır. Bu iş üzrə növbəti məhkəmə iclası mayın 14-də Şəhər Şurasının iclasında olacaq.