Ceyhun Bayramov Rusiyaya təşəkkür edib

Aktual

10.11.2020 - 14:12

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

 

Cari ilin 10 noyabr tarixində Azərbaycan tərəfinin təşəbbüsü ilə xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

 

Xarici İşlər Nazirliyindən (XİN) AYNA-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov Rusiya Federasiyasının təşəbbüsü ilə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın əhəmiyyətini vurğulayıb və bu sənədin uzun illərdir ki, davam edən münaqişənin həllində yeni mərhələni başlatdığını qeyd edib.

 

C.Bayramov bölgədə sülhün təmin olunması üçün davamlı səylərinə görə Rusiya tərəfinə təşəkkürünü bildirib.

 

Rusiya XİN başçısı öz növbəsində münaqişənin həlli istiqamətində mühüm addım olan bu bəyanatın imzalanması ilə əlaqədar məmnunluğunu ifadə edib. O, tərəflərin bu qərarının bölgədə dayanaqlı sülhün təmin olunması baxımından yüksək əhəmiyyət kəsb etdiyini bildirib.

Müəllif: Ayna.az