“Şuşaya bir nəfəs qədər yaxın”lığın anlamı və iki strateji hədəf

Aktual

05.11.2020 - 17:10

Sülhəddin Əkbər: “Bu, o deməkdir ki, Azərbaycan Ordusu artıq Laçın dəhlizinə dayanıb”

 

Ramil Məmmədli: “Azərbaycan Ordusu qarşıya qoyulan tapşırığı yerinə yetirib”

 

Qarabağın işğaldan azad edilməsi uğrunda davam edən Vətən müharibəsinin 35-ci günündə Bakıya gələn Türkiyənin “Habertürk” saytının yazarı, professor Kürşad Zorlu, daha sonra - noybarın 4-də “Habertürk”də maraqlı məqalə ilə çıxış etmişdi. O, noyabrın 2-də Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olmuş və məqaləsində görüşlə bağlı təəssüratlarını bölüşmüşdü. Məqalədə qeyd olunan maraqlı məqam isə Binəli Yıldırımın İlham Əliyevə ünvanladığı “Şuşada durum necədir” sualına Azərbaycan Prezidentinin verdiyi cavab idi: “Azərbaycan Ordusu Şuşaya bir nəfəs qədər yaxındır”.

 

Dünən isə ölkə başçısı İtaliyanın “La Republica” qəzetinə müsahibəsində Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etmək vəzifəsinə yaxınlaşdığını vurğulayıb: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Azərbaycan öz ərazisində döyüşür, biz təcavüzkar deyilik, biz başqa ölkələrə hücum etmirik. Ona görə də toqquşmaların ilk saatlarında başlayan və indiyədək davam edən bu siyasi dəstək münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir”.

 

Baş verənləri AYNA-ya şərh edən Azad Demokratlar Partiyasının (AzDP) sədri, Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbərin fikrincə, ən yüksək səviyyədə belə bir açıqlamanın verilməsi müəyyən əsaslara və tutarlı məlumatlara dayanır: “Çünki heç vaxt heç bir dövlət başçısı əlində əsas olmadan belə bir açıqlama vermir. Bu da o deməkdir ki, Azərbaycan Ordusu artıq Laçın dəhlizinə dayanıb. Yəni, əldə olan məlumatlara və erməni mənbələrinin də təsdiqinə əsasən, demək olar ki, döyüşlər Şuşa və Laçın ətrafında gedir və Azərbaycan Ordusunun Laçın dəhlizinin bir hissəsinə nəzarət etməsi haqında məlumatlar gəlir”.

Sülhəddin Əkbər Ədalət Vəliyevlə nə danışıb? - Baku Press Klub

“Mən özüm də mətbuata verdiyim açıqlamalarda müharibənin artıq həlledici mərhələyə daxil olduğunu demişdim. Ona görə də bugünlərdə xoş xəbərlər eşidəcəyik. Düşünürəm ki, ən həlledici döyüşlər məhz Laçın və Şuşa rayonları, həmçinin Laçın dəhlizi ətrafında gedir. Bizim hərbi birliklərmiz də artıq oradadır”, - müsahibimiz bildirib.

 

Əkbər hesab edir ki, Ağdərə və Xocavənd rayonları artıq Azərbaycan Ordusunun nəzarətindədir: “Əslində, Ağdərə və Xocavənd çoxdan mühasirəyə alınıb. Lakin həmin ərazilərdə ermənilərin otuz il ərzində qurduqları istehkamlar Azərbaycan Ordusunu, itki verməmək üçün ehtiyatla davranmağa vadar edir. Çünki bu ehtiyyat tədbirləri olmasaydı, Xocavənd və Ağdərə çoxdan bizim nəzarətimizə keçmişdi. Əslində, tezliklə Ağdərə və Xocvəndin də azad edilməsi haqqında xəbərlər eşidə bilərik. Amma onlar onsuz da bizim nəzarətimizdədir deyə, bizi maraqlandıran Şuşa və Laçın rayonları, həmçinin Laçın dəhlizinin bağlanmasıdır. Çünki Laçın dəhlizinin bağlanması və Azərbaycan Ordusunun orada möhkəmlənməsi, müharibənin ermənilər üçün qırılma nöqtəsi olacaq”.

 

Hərbi-siyasi icmalçı Ramil Məmmədli də AYNA-ya şərhində deyib ki, strateji və taktiki baxımından Azərbaycan Ordusu Vətən müharibəsində qarşıya qoyulan tapşırığı yerinə yetirib: “Yəni, düşmənin əsas müdafiə xətləri darmadağın edilib, düşmən ordusunun təminat və təchizat prosesini həyata keçirən əsas bölmələri dağıdılıb, dərinlikdə yerləşən, problem yaradacaq hava hücumundan müdafiə sistemləri, raket-artilleriya qurğularının böyük hissəsi məhv edilib, həmçinin işğalçıların canlı qüvvəsinin darmadağın edilməsi ilə bağlı çox ciddi əməliyyatlar həyata keçirilib və Ermənistan ordusunun nizami hərbi birləşmələrinin böyük hissəsi sıradan çıxarılıb”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

“Bu da o deməkdir ki, Ermənistan ordusunun Qarabağda hər hansı bir effektiv hərbi əməliyyatlar həyata keçirməsi mümkün deyil. Məhz bu amilləri nəzərə aldıqda belə qərara gəlmək olar ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun əsas imkanlarını məhdudlaşdırıb və əsas qüvvələrini sıradan çıxarıb. Artıq yerdə qalan məsələ - digər problemləri yarada biləcək hərbi birləşmələrin sıradan çıxarılmasıdır. Ona görə də Prezidentin köməkçisi Hikmət Hacıyev iki gün əvvəl Ermənistan ordusunun hibrit müharibə taktikasına ütünlük verəcəyinə dair fikirlər sələndirmişdi”, - ekspert bildirib.

 

Məmmədli vurğulayıb ki, bu problemin qarşısını almaq üçün Azərbaycan Ordusunun xüsusi ixtisaslaşmış qoşun növləri var: “Belə ki, həmin qoşun növlərinin vəzifəsi də müxtəlif ərazilərdə ordumuzun manevr etməsinə, imkanlarını genişləndirməsinə və mövqelərini gücləndirməsinə mane ola biləcək kiçik erməni silahlı qruplaşmalarının qarşısını almaqdır. Sadaladığım bütün bu məqamlar da Azərbaycan Ordusunun bundan sonra həyata keçirəcəyi əməliyyatların daha da geniş miqyaslı ola biləcəyinə dair bir işarədir”.

Müəllif: Mərahim Nəsib