Soyğunçuluq və şantajda şübhəli bilinən şəxslər tutulublar

Xəbərlər

06.12.2022 - 17:21

Polis əməliyyat-axtarış tədbirləri həyata keçirib

Bakının Xətai və Yasamal rayonlarında ayrı-ayrı şəxslərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən Mehdi Abaszadə tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, onun paytaxt ərazisində iki nəfərin 750 və 580 manat pulunu ələ keçirdiyi müəyyən edilib. Araşdırma zamanı Mehdi Abaszadənin paytaxtın digər ərazilərdə də analoji cinayətlər etdiyi məlum olub.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib.

Mehdi Abaszadə və Rasim Həsənov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Xətai Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Müəllif: Ayna.az