Mingəçevir su anbarı quruyur

Xəbərlər

31.10.2019 - 12:15

"Kür çayı hövzəsində yağışların intensivliyi azalıb, bu da regionlarda iqlim dəyişikləri risklərini artırır"

 

"Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın su ehtiyatlarının 15%-ni təşkil edir. Su ehtiyatlarımız son onilliklərdə azalıb və beynəlxalq iqlim modellərinə əsasən su ehtiyatlarının gələcəkdə də azalma ehtimalı var".

 

AYNA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

 

Nazir sözlərinə görə, Kür çayının aşağı axımında suyun səviyyəsi müxtəlif məntəqələrdə 2018-ci il ilə müqayisədə 20 sm-dən 100 sm-dək aşağıdır: "Mingəçevir su anbarının səviyyəsi təkcə oktyabr ayı ərzində 33 sm azalıb və hazırda 68,54 m təşkil edir (2018-ci ilin oktyabrında səviyyə 70,78 m təşkil edirdi). Ölkədə il ərzində su mənbələrindən götürülən 12.8 milyard m3 suyun 3.6 milyard m3 (28%) itkiyə gedir. Kür çayı hövzəsində yağışların intensivliyi azalıb. Bu da regionlarda iqlim dəyişikləri risklərini artırır".

 

M.Babayev bildirib ki, əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir: "Suların dəqiq uçotunun aparılması, eləcə də tullantı suların təkrar dövriyyəyə qaytarılaraq texniki məqsədlər üçün istifadə olunmasına qədər bütün sistemin təkmilləşdirilməsini təklif olunur".

Müəllif: Ayna.az