Azərbaycanda qatarla yük maşını toqquşub

Hadisə

04.09.2019 - 11:49

Hadisə nəticəsində yük maşını dəmir yolunun üstünə aşaraq yolu bağlayıb

 

Bu gün saat 08 radələrində Osmanlı-Blok Post-51 mənzilinin 52-ci kilometrində yerləşən dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə AYNA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

 

Məlumata görə, İmişli stansiyasından Şirvan stansiyasına gedən yük qatarı dəmir yolu keçidində hərəkətdəykən, lokomotivin xəbərdaredici siqnalına məhəl qoymayaraq, keçidi keçməyə cəhd göstərən İran vətəndaşı Seyid Rəşidin idarə etdiyi “HOWO” yük maşını ilə toqquşub. Hadisə nəticəsində yük maşını dəmir yolunun üstünə aşaraq yolu bağlayıb və nəticədə dəmir yolunda qatarların hərəkətində fasilə yaranıb.

 

“Hazırda dəmir yolunda qatarların hərəkətinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Hadisə zamanı xəsarət alan olmayıb”, - deyə QSC-dən bildirilib.

 

Qeyd edilib ki, hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub: “Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları tərəfindən araşdırma aparılır”.

Müəllif: Ayna.az