Gələn ilin büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulur
Bu gün Milli Məclisin plenar iclasında 2027-ci il üzrə büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başlayıb. İclasda gələn ilin büdcə sənədləri ilə bağlı təqdimatlar dinləniləcək, deputatlar layihələrə dair fikir və təkliflərini səsləndirəcəklər. Büdcə müzakirələri üç gün davam edəcək. Milli Məclis noyabrın 17-də və 18-də də büdcə zərfinə daxil olan qanun layihələrini müzakirə edəcək.
İclasda Baş nazir Əli Əsədov, maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və digər hökumət üzvləri iştirak edirlər.
Gəlirlər və xərclər
Azərbaycanın 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulur. Layihəyə əsasən, büdcə gəlirləri 2026-cı ilin proqnozu ilə müqayisədə 645 milyon manat və ya 1,7 faiz, xərclər isə 696,4 milyon manat və ya 1,7 faiz çox olacaq.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat, yaxud ümumi daxili məhsulun 2,2 faizi səviyyəsində proqnozlaşdırılır.
Gəlirlərin 23 milyard 774 milyon manatının qeyri-neft-qaz, 15 milyard 480 milyon manatının isə neft-qaz sektorundan formalaşacağı gözlənilir. Qeyri-neft-qaz sektorunun büdcə gəlirlərində payı 60,6 faiz təşkil edəcək.
Dövlət Neft Fondundan büdcəyə 11 milyard 900 milyon manat transfert nəzərdə tutulur. Bu, cari ilin proqnozundan 935 milyon manat və ya 7,3 faiz azdır.
Gələn il sosialyönlü xərclərə 18 milyard 733,4 milyon manat yönəldilməsi planlaşdırılır. Bu, büdcə xərclərinin 44,2 faizini təşkil edir və cari illə müqayisədə 1 milyard 582,1 milyon manat çoxdur.
Əsas xərc istiqamətlərindən müdafiə və milli təhlükəsizliyə 8 milyard 816,4 milyon manat, təhsilə 5 milyard 99 milyon manat, sosial müdafiə və sosial təminata 4 milyard 914 milyon manat, səhiyyəyə isə 2 milyard 84,1 milyon manat nəzərdə tutulur.
İşğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və digər tədbirlər üçün büdcənin bütün xərc bölmələri üzrə ümumilikdə 3 milyard 422 milyon manat yönəldilməsi planlaşdırılır.
Dövlət borcuna xidmət xərcləri üçün isə 2 milyard 200 milyon manat nəzərdə tutulur.
Komitə sədri: “Gələn ilin büdcəsi rifah və inkişafa xidmət edəcək”
“2027-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 18,7 milyard manat ayrılması nəzərdə tutulur. Bu, cari illə müqayisədə 1,6 milyard manat və ya 9,2 faiz çoxdur”. Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib. Komitə sədrinin sözlərinə görə, sosialyönümlü xərclər büdcə xərclərinin 44,2 faizini təşkil edəcək. Bu göstərici dövlət siyasətində sosial öhdəliklərin və insan kapitalının prioritet olduğunu göstərir: “Sosial xərclərin böyük hissəsi davamlı və təkrarlanan öhdəliklərdən ibarətdir. Bu səbəbdən onların fasiləsiz icrası etibarlı maliyyə bazası tələb edir”.

A.Əmiraslanov bildirib ki, gələn il müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat, iqtisadi fəaliyyətlə bağlı xərclərə isə 8,9 milyard manat yönəldiləcək. Hər iki istiqamətin büdcə xərclərində payı təxminən 21 faiz olacaq. Onun sözlərinə görə, müdafiə və milli təhlükəsizlik xərcləri 99 milyon manat və ya 1,1 faiz, iqtisadi fəaliyyət xərcləri isə 1,1 milyard manat və ya 13,4 faiz artırılır.
“Büdcədə təhlükəsizlik və iqtisadi inkişaf xərcləri bir-birinə alternativ deyil, biri digərini tamamlayır. Xərclərin bu dinamikası 2027-ci ilin maliyyə sənədini rifah və inkişaf büdcəsi olaraq dəyərləndirməyə əsas verir”, - komitə sədri vurğulayıb və qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına 2020–2026-cı illərdə dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. Gələn il bu məqsədlə daha 3,4 milyard manat nəzərdə tutulur. O vurğulayıb ki, Azərbaycan Böyük Qayıdış Proqramını öz maliyyə imkanları hesabına həyata keçirir.
A.Əmiraslanov gələn ilin büdcəsinin ümumi göstəricilərini də açıqlayıb. Dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat, xərcləri 42,4 milyard manat proqnozlaşdırılır. Büdcə kəsirinin yuxarı həddi təxminən 3,2 milyard manat və ya ümumi daxili məhsulun 2,2 faizi səviyyəsində nəzərdə tutulur. İcmal büdcənin gəlirlərinin 47,6 milyard manat, xərclərinin 50,4 milyard manat, kəsirinin isə 2,8 milyard manat təşkil edəcəyi gözlənilir.
Strateji valyuta ehtiyatlarımız 89,4 milyard dollara çatıb
Komitə sədri büdcə gəlir və xərclərinin 1,7 faizlik artımının qənaətbəxş olmaması barədə fikirlərə də münasibət bildirib. O qeyd edib ki, büdcənin qiymətləndirilməsi yalnız rəqəmlərin müqayisəsi ilə məhdudlaşmamalıdır: “Büdcənin strukturu, dayanıqlığı, nəticəliliyi və gələcək üçün yaratdığı imkanlar onun ümumi həcmindən və artım dinamikasından daha vacibdir”.
A.Əmiraslanovun sözlərinə görə, gələn il icmal büdcə xərclərinin 50 milyard manatı, dövlət büdcəsi xərclərinin ÜDM-də payının isə 30 faizi ötməsi dövlətin maliyyə imkanlarının kifayət qədər yüksək olduğunu göstərir. Bildirib ki, büdcə zərfi Prezident İlham Əliyevin strateji təşəbbüslərini, sosial-iqtisadi inkişafın əsas hədəflərini və yeni dövrün çağırışlarını əks etdirərək onların reallaşdırılması üçün maliyyə təminatı yaradır.
Komitə sədri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra yeni tarixi mərhələyə qədəm qoyduğunu vurğulayıb. Onun sözlərinə görə, qazanılmış qələbə siyasi və təhlükəsizlik məsələləri ilə yanaşı, daha dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq məsuliyyəti də yaradıb.
A.Əmiraslanov qeyd edib ki, Azərbaycan regional proseslərə təsir göstərən, müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq edən və beynəlxalq təşəbbüslərdə fəal iştirak edən dövlət kimi qlobal siyasi arenada “orta güc” statusuna malikdir.
Komitə sədri deyib ki, enerji ixracı infrastrukturu, Orta Dəhliz, Şimal–Cənub və Şərq–Qərb nəqliyyat bağlantıları, Xəzər üzərindən logistika imkanları və yaşıl enerji ixracı perspektivləri Azərbaycanın geoiqtisadi əhəmiyyətini artırır: “Orta güc dövlətinin büdcəsi sadəcə böyük büdcə deyil, strateji büdcə olmalıdır. Belə büdcə siyasi və iqtisadi müstəqilliyi qorumağa, xarici şoklara qarşı maliyyə ehtiyatları yaratmağa, milli təhlükəsizliyi təmin etməyə və gələcək iqtisadi potensialın formalaşdırılmasına xidmət etməlidir”.
“Maliyyə təhlükəsizliyi baxımından strateji valyuta ehtiyatları, dövlət borcunun idarə olunması və ehtiyatlı büdcə siyasəti əhəmiyyətlidir. 2026-cı il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4,5 milyard dollar və ya ÜDM-in 5,6 faizi səviyyəsində olub. Strateji valyuta ehtiyatları isə 89,4 milyard dollara çatıb. Bu məbləğ ilin sonuna gözlənilən 138 milyard manatlıq və ya 81,2 milyard dollarlıq ÜDM-i 10 faiz, xarici dövlət borcunu isə təxminən 20 dəfə üstələyir”, - deyə bildirib.
A.Əmiraslanov qeyd edib ki, maliyyə təhlükəsizliyi yalnız ehtiyatların həcmi ilə deyil, onların qorunmasına xidmət edən məsuliyyətli fiskal siyasətlə təmin olunur. Qeyri-neft sektorunun büdcə gəlirlərində payının 60 faizi keçməsi, Neft Fondundan transfertlərin tədricən azaldılması və gələn il cari xərclərin 90 faizinin qeyri-neft gəlirləri hesabına qarşılanması hədəfi bu yanaşmanı təsdiqləyir.
“Yeni iqtisadiyyat neft gəlirlərinin yaratdığı imkanlardan imtina etmək deyil”
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi təşəbbüsləri və son illərin iqtisadi transformasiyasını “yeni iqtisadiyyat quruculuğu” kimi qiymətləndirdiklərini bildirib. O, bu ifadənin siyasi və iqtisadi leksikona daxil edilməsini təklif edib: “Yeni iqtisadiyyat neft gəlirlərinin yaratdığı imkanlardan imtina etmək deyil, həmin imkanları yeni gəlirə, ixraca, texnologiyaya və vergi bazasına çevirmək, dövlət üçün dayanıqlı iqtisadi sütunlar yaratmaq, vətəndaş üçün keyfiyyətli rifahı təmin etməkdir”.
A.Əmiraslanov qeyd edib ki, əvvəlki illərdə neft gəlirləri hesabına yaradılmış yol, dəmir yolu, liman, enerji, kommunikasiya və logistika infrastrukturu hazırda strateji nəticələrini göstərir. Onun sözlərinə görə, yeni mərhələdə dövlətin iqtisadiyyatda rolu da dəyişir. İqtisadi təşəbbüslərin yalnız büdcədən maliyyələşdirilməsi əvəzinə özəl kapitalın cəlbi, əlverişli investisiya mühitinin yaradılması və iqtisadi fəallığın stimullaşdırılması ön plana çıxır.
Komitə sədri sentyabrda Prezident İlham Əliyevin himayəsi altında keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu bu yanaşmanın nümunəsi kimi göstərib. O bildirib ki, rəqəmsal transformasiya, süni intellekt, innovasiya ekosistemləri, bərpaolunan enerji və nəqliyyat-logistika iqtisadi artımın yeni mənbələrinə çevrilir.
A.Əmiraslanovun sözlərinə görə, gələn il vergi-gömrük güzəştləri və azadolmalarının ümumi həcminin 8,7 milyard manat və ya qeyri-neft ÜDM-inin təxminən 8 faizi səviyyəsində olması nəzərdə tutulur.
O, xidmət sektorunun inkişafına da toxunub. Bildirib ki, ticarət, nəqliyyat, logistika, turizm, informasiya və rabitə kimi sahələrin inkişafı nəticəsində xidmət sektorunun ÜDM-də payı 2025-ci ildə təxminən 45 faizə çatıb. Ötən il xidmət ixracı 8,6 milyard dollar, xidmət idxalı isə 10,3 milyard dollar təşkil edib.
Komitə sədri bu göstəricilərin yüksək əlavə dəyər yaradan xidmət sahələrinin inkişafı və xidmət idxalının əvəzlənməsi üçün geniş imkanların olduğunu göstərdiyini deyib.
A.Əmiraslanov qlobal iqtisadi artımın zəifləməsinin, enerji qiymətlərinin dəyişkənliyinin, geosiyasi risklərin və borclar üzrə faizlərin yüksəlməsinin büdcə planlaşdırılmasında ehtiyatlı yanaşmanı zəruri etdiyini vurğulayıb.
O bildirib ki, 2027-ci ilin büdcəsində neftin bir barelinin orta illik qiyməti 65 dollar götürülüb. Cari bazar qiymətlərinin bu göstəricidən təxminən 50 faizədək yüksək olmasına baxmayaraq, qiymət artımı dayanıqlı tələb amillərindən çox geosiyasi risklər və təklif məhdudiyyətləri ilə bağlıdır.
“Büdcə gəlirləri baxımından əlverişli görünən bazar şəraiti hər an dəyişə bilər”
Komitə sədri əlavə neft gəlirlərinin dərhal xərclənməsi barədə fikirlərə də münasibət bildirib: “Müvəqqəti gəlirlərlə daimi xərcləri maliyyələşdirmək, başqa sözlə, daimi xərc öhdəlikləri yaratmaq doğru yanaşma deyil. Çünki büdcə gəlirləri baxımından əlverişli görünən bazar şəraiti hər an dəyişə bilər”.

Onun sözlərinə görə, yüksək gəlirlər dövründə bütün əlavə resursların xərclənməsi sonradan maliyyə riskləri yarada bilər. Gələn ilin büdcəsində əsaslı xərclərə 13,8 milyard manat, o cümlədən dövlət investisiyalarına 5,3 milyard manat ayrılması isə fiskal dayanıqlığın iqtisadi əsaslarının yaradılmasına xidmət edir.
A.Əmiraslanov Neft Fondundan transfertlərin azaldılmasının neft gəlirlərinin gələcək nəsillər üçün qorunmasına xidmət etdiyini bildirib. O, borclanmaya ehtiyatlı yanaşmanın da gələcək nəsillərə ağır borc yükü qoymamaq məqsədi daşıdığını vurğulayıb: “Bugünkü inkişaf sabahkı inkişafın resurslarını tükətməməlidir. Bu günün rifahı sabahın rifahı üçün imkanları daraltmamalıdır”.
Komitə sədri büdcə prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini də səsləndirib. O bildirib ki, maliyyə dayanıqlığı ilə davamlı iqtisadi inkişafın təmin olunması üçün büdcə, pul-kredit və iqtisadi artım siyasəti bir-birini tamamlamalıdır.
A.Əmiraslanov xarici borcun ümumi dövlət borcunda payının 32 faiz olduğunu qeyd edib. Onun sözlərinə görə, hökumət ortamüddətli dövrdə xarici borcun mərhələli azaldılması və daxili borcla əvəzlənməsi strategiyasını davam etdirəcək.
O vurğulayıb ki, yeni maliyyə ehtiyacları yarandıqda ilk addım həmişə əlavə maliyyə mənbələri axtarmaq olmamalıdır. Bəzi hallarda mövcud büdcə daxilində prioritetlərin yenidən müəyyənləşdirilməsi daha düzgün yanaşmadır.
Komitə sədri gələn il üçün 5,3 faizlik inflyasiya və 2,7 faizlik iqtisadi artım proqnozları fonunda büdcə parametrlərinin fiskal siyasətə bir qədər sərt məzmun verdiyini bildirib. O, növbəti illərdə büdcə göstəricilərinin inflyasiya və iqtisadi artım tempi ilə daha sıx uzlaşdırılmasını vacib sayıb.
A.Əmiraslanov proqram və nəticəəsaslı büdcə mexanizminin tətbiq olunduğu sektorların sayının səkkizə çatdırıldığını da diqqətə çatdırıb. Gələn il həmin sektorlar üzrə 54 dövlət proqramının maliyyələşdirilməsinə 13,9 milyard manat ayrılması nəzərdə tutulur.
Bildirib ki, 2025-ci ildə nəticəəsaslı büdcə üzrə maliyyələşmə 6,1 milyard manat olub və ümumi büdcə xərclərinin 15,8 faizini təşkil edib. Komitə sədri bu mexanizmin genişləndirilməsi ilə yanaşı, vəsaitlərin idarə olunmasının keyfiyyətinin də yüksəldilməsini vacib hesab edib.
A.Əmiraslanov büdcənin təsdiqlənmiş göstəriciləri ilə faktiki icrası arasında uyğunluğun qorunmasına da çağırıb. O qeyd edib ki, fiskal konsolidasiya tədbirləri planlaşdırma mərhələsində müəyyənləşdirilməli, icra zamanı təsdiqlənmiş xərc proqramlarının ardıcıllığı və proqnozlaşdırıla bilməsi mümkün qədər qorunmalıdır: “Büdcə xərclərinin azaldılması ilə onların səmərəliliyinin artırılması eyni anlayışlar deyil. Bəzi xərclərin azaldılması qısamüddətli büdcə qənaəti yaratsa da, uzunmüddətli perspektivdə iqtisadi itkilərə səbəb ola bilər”.
Komitə sədri bu baxımdan dövlət investisiyalarının iqtisadi artıma, məşğulluğa və özəl sektora təsirinin nəzərə alınmasını vacib sayıb.
O, kənd təsərrüfatına ayrılan vəsaitlərin 153 milyon manat və ya 12,5 faiz artırılaraq təxminən 1 milyard 380 milyon manata çatdırılmasının nəzərdə tutulduğunu bildirib. Bu, iqtisadi fəaliyyət xərclərindən sonra ən yüksək artım tempinə malik xərc istiqamətidir.
A.Əmiraslanov qeyd edib ki, aqrar sahəyə dövlət dəstəyindən gözləntilər məhsuldarlığın və ixracın artırılması, ərzaqla özünütəminetmənin yaxşılaşdırılması, kəndlərin inkişafı və əhalinin rifahı ilə bağlıdır. Buna görə də aqrar sahənin maliyyələşdirilməsinin nəticəəsaslı büdcə prinsipləri ilə daha sıx əlaqələndirilməsi vacibdir.
Çıxışının sonunda komitə sədri aparılmış müzakirələri və Hesablama Palatasının rəyini nəzərə alaraq, 2027-ci ilin dövlət büdcəsi layihəsinin büdcə qanunvericiliyinin tələblərinə və ölkənin strateji inkişaf hədəflərinə cavab verdiyini bildirib.
O, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin layihənin birinci oxunuşda müzakirəsini məqsədəuyğun hesab etdiyini deyib və deputatları layihəni dəstəkləməyə çağırıb.
Nazir: “Gələn il manatın məzənnəsi sabit saxlanılmaqla 1,7 manat proqnozlaşdırılıb”
“Cari ilin 1 oktyabr tarixinə ölkənin məcmu valyuta ehtiyatları 89,4 milyard ABŞ dolları təşkil edib. Xarici dövlət borcunu təqribən 20 dəfə üstələmiş, proqnozlaşdırılan illik ÜDM-in isə 110 faizinə bərabər olub. Bu sözləri isə maliyyə naziri Sahil Babayev deyib. Nazirin sözlərinə görə, Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir. Belə yüksək ehtiyat səviyyəsi makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlılığının və xarici öhdəliklərin mühüm təminatıdır.

Nazir bildirib ki, 2027-ci il üçün Azərbaycan Respublikasında ümumi daxili məhsulun real ifadədə 2,7 faiz artımla 141 mlrd. manat təşkil edəcəyi proqnozlaşdırılır: “İqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində, ÜDM-in 77,4 faizi və yaxud 109,1 mlrd. manatı qeyri-neft sektorunun payına düşəcək. Bu isə 2026-cı illə müqayisədə nominal ifadədə 9,1 milyard manat, real ifadədə 4,4 faiz çoxdur. Monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində növbəti ildə də manatın məzənnəsi sabit saxlanılmaqla 1,7 manat, illik inflyasiya isə 5,3 faiz proqnozlaşdırılıb. 2027-ci il üçün “Azəri light” markalı xam neftin bir barelinin dünya bazarlarındakı satış qiyməti orta hesabla 65 ABŞ dollar səviyyəsində proqnozlaşdırılıb. Beynəlxalq maliyyə bazarlarındakı dalğalanmalar nəzərə alınmaqla, neftin qiymətinin müəyyən olunmasında mühafizəkar yanaşma əsas götürülmüşdür”.
S.Babayev dövlət borcunun məbləğini də açıqlayıb. Nazirin sözlərinə görə, 2026-cı il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 23,9 milyard manat təşkil edib. Bu, illik ümumi daxili məhsulun 17,3 faizinə bərabərdir. Nazir bildirib ki, ümumi borcun 16,2 milyard manatı və ya 68 faizi daxili, 7,7 milyard manatı və ya 32 faizi xarici dövlət borcunun payına düşür.
“Azərbaycan tarixi vəzifələrini borc almadan həyata keçirib”
İqtisadiyyat naziri Mikayıl Cabbarov isə bildirib ki, tarixi vəzifələr borclanmaya müraciət edilmədən, ölkənin öz resursları hesabına həyata keçirilib: “Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə əldə olunmuş iqtisadi nəticələr ölkəmiz qarşısında duran tarixi vəzifələrin həllinə yönəldilib: müdafiə qabiliyyətimiz gücləndirilib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb, böyük miqyaslı sosial paketlər reallaşıb və əhalinin rifahı yüksəlib. Ən mühüm məqam ondan ibarətdir ki, bu vəzifələr borclanmaya müraciət edilmədən, ölkənin öz resursları hesabına həyata keçirilib. ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub Möhtərəm Prezidentimizin siyasi iradəsinin və müəyyən etdiyi inkişaf kursunun nəticəsi olaraq iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Son illərdə olduğu kimi, cari ilin 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub”.

“Özəl sektorun investisiya qoyuluşları üçün daha əlverişli şəraitin yaradılması xüsusi əhəmiyyət daşıyır. Dövlətin investor rolundan tərəfdaş roluna keçidi şəraitində özəl kapital üçün imkanların genişləndirilməsi mühüm şərtdir. Bu istiqamətdə mövcud investisiya təşviqi mexanizmi ilə yanaşı, sahələr və klasterlər üzrə yeni və ünvanlı vergi təşviqləri davam etdirilir. Buna misal olaraq bu yaxınlarda qəbul olunmuş innovasiya, startap və texnologiya parkları üzrə 20 ilədək müddəti əhatə edən vergi güzəştləri paketini qeyd edə bilərik”, – deyə M.Cabbarov vurğulayıb.
Onun sözlərinə görə, strateji investisiya layihələrinin icrasını sürətləndirmək məqsədilə Baş nazirin müavininin rəhbərliyi ilə İşçi Qrup yaradılıb. Həmçinin özəl sənaye zonaları və dövlət-özəl tərəfdaşlığı modelləri genişləndirilir.
Qeyd edək ki, müzakirələr daha iki gün davam edəcək.