Rəsmi məlumatlarla reallıq arasında ağappaq ziddiyyət

İqtisadiyyat

22.07.2020 - 18:19

Ərzaq istehsalının artmasına dair verilən rəsmi məlumatların arxasında nə gizlənir?

 

Paytaxt sakinlərinə, xüsusilə kiçik uşaqları olan ailələrə, hər il inək südü və təbii süd məhsullarını tapmaqda daha çox çətinliklər yaranır.   Bundan əlavə, son illərdə qırmızı ət idxalı artıb. Mütəxəssislər əmindirlər ki, müxtəlif növ bitkilərin geniş miqyasda əkilməsi heyvandarlığın inkişafı imkanlarını məhdudlaşdırır, lakin bu amil kağız üzərində nailiyyətlərin artmasına mane olmur.

 

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, bu ilin yanvar-iyun aylarında heyvandarlıq məhsullarının istehsalı 2,085 milyard manat təşkil edərək, 3,2% artıb. Bu müddət ərzində 260,4 min ton ət, bir milyon ton süd, 991,5 milyon ədəd yumurta və 14,6 min ton yun istehsal edilib. Bundan əlavə, ət istehsalı 3,1%, süd istehsalı 1,9%, yumurta 7% artıb. Amma rəqəmlərdən görünür ki, ölkədə istehsalın artması ilə yanaşı, idxal məhsullarının da çəkisi artır. 

 

Yanvar-iyun aylarında ölkəyə idxal edilən ətin həcmi 6.7% artaraq 45 milyon 951.91 min dollar dəyərində, 25 min 675,45 ton təşkil edib. Süd idxalı isə 5.5 min tona qədər artıb və buna görə 9.5 milyon dollar əlavə məbləğ xərclənib. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu göstəricilər ötən ilin hesabat dövrü ilə müqayisədə 3,4 milyon dollar (57,2%) və 1,5 min ton (37.8%) çoxdur. Yanvar-iyun aylarında Azərbaycana kərə yağı idxalı 43.599.71 min dollar müqabilində 8.799 tona (artım 34.5%) çatıb.

 

Yerli istehsalın sürətlə inkişafı barədə göz oxşayan hesabatların fonunda idxaldakı belə kəskin artmanın nə ilə izah olunacağını anlamaq mümkün deyil. Məsələn, ət idxalı və istehsalının əvvəllər artan göstəriciləri turizm sənayesinin sürətlə inkişafı ilə izah edilməyə çalışılırdı. Lakin bu gün bu arqument yoxdur, ancaq əhalinin alıcılıq qabiliyyətinin azalması fonunda istehsal və idxal artmaqda davam edir. Gömrük işçilərinin bu il ərzaq idxalının 5,2% - 766 milyon 461.43 min dollaradək artımını bildirməsi maraq doğurur, lakin bu rəqəmlər məsələdəki yeganə qəribəlik deyil.

 

Rusiya Süd Bazarının Təhlili Mərkəzinin açıqladığı hesabata görə,  Azərbaycan yerli istehsalçıları digər qonşu dövlətlərdən xeyli çox məhsul istehsal edirlər. Mərkəz bu məhsulun istehsalına görə Azərbaycanın MDB məkanında 5-ci yeri tutduğunu vurğulayır. Mərkəz son bir ildə istehsal səviyyəsinə dair öz hesabat məlumatlarına istinad edir. Xüsusilə, hesabat dövründə ölkəmizdə 2,13 milyon ton çiy süd istehsal edildiyi bildirilir ki, bu da Qırğızıstandan 30%, Tacikistan, Ermənistan və Moldovadan 4,5% çoxdur. İnkişaf sürəti baxımından Azərbaycan (2,5%) Qazaxıstandan sonra (3,2%) ikinci yerdədir.

 

Ticarət üçün süd məhsulları istehsalında Azərbaycan, hətta 958.1 min ton məhsul istehsal etməklə MDB-də ilk beşliyi qapadır. Bu göstərici   Qırğızıstandan iki dəfə, Ermənistan, Tacikistan və Moldovadan bir yerdə 14.1% çoxdur. Xam (çiy) südün böyük hissəsi Özbəkistanda, ticari südün isə Belarusda istehsal edildiyi bildirilir (ölkədə istehsal olunan ümumi südün 89%-i).

 

Rəqəmlər, əlbəttə ki, göz oxşayır. Amma paytaxt sakinlərinin əksəriyyəti qeyd edir ki, təbii süd, xama, kəsmik və digər süd məhsullarını gün ərzində ticarət şəbəkəmizdə tapmaq müşgül məsələdir. Son illərdə yem qiymətinin kəskin artması səbəbindən vəziyyət daha da pisləşib. Əvvəllər (iki-üç il əvvəl) hələ də paytaxtın kəndlərindəki fermalardan təbii süd almaq mümkün olurdu. Elə Bakının ətrafındakı ərazilərdə yaşayan bir çox ailələr iri və xırdabuynuzlu mal-qara saxlayaraq, təbii süd, pendir və kəsmik satmaqla qazanc əldə edirdilərsə, indi bunun üçün imkanlar xeyli məhdudlaşıb.

 

Bu faktın Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Birliyinin (ASSMİİB) sədri Samir Eyyubovun çıxışı ilə necə uzlaşdığı məlum deyil. Keçən ilin yanvar ayında o, təbii südün Bakı mağazalarının rəflərində satılmadığını bildirmişdi. Eyyubovun sözlərinə görə, saxta məhsullar südün keyfiyyət standartlarına uyğun olmayan quru süddən hazırlanır ki, bu proses də təbii süd istehsalından çox ucuz başa gəlir. Yəni, süd istehsalının həcminə görə lider mövqe tutan ölkənin sakinləri, əslində təbii məhsulə həsrətdirlər.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli AYNA-ya deyib ki, yerli süd istehsalı daxili tələbatın yalnız 50 faizini ödəyir: “Hökumətin pambıqçılıq kampaniyasına başlaması ilə təbii otlaqların azalması və yem qiymətinin artması fərdi təsərrüfatların ət və süd istehsalı seqmentindəki mövqeyini tamamilə sarsıtdı. Yerli müəssisələr üçün quru süd Belarus və Ukraynadan alınır və son 4 ildə ət idxalı dəyər baxımından 4,2 dəfə, süd idxalı 2,5 dəfə, kərə yağı idxalı 3 dəfə artıb”.

 

“Adambaşına düşən daxili süd istehsalı Ümumdünya Səhiyyə Təşkilatının istehlak standartlarına uyğun deyil. Yerli istehsalın həcminə görə, adambaşına düşən süd və süd məhsullarına olan tələbatın (adambaşına 400 kq qəbul edilib) yalnız yarısı ödənilir. Süd idxalı hər il artır”, - o bildirib.

 

Qeyd edək ki, 2018-ci ilin nəticələrinə görə, Azərbaycana 12 652,50 min dollar dəyərində 9 511.43 ton süd idxal edilib. DGK-dan verilən məlumata görə, bu, 2017-ci illə müqayisədə 638,52 ton (7,2%) çoxdur. Cəmi altı ay sonra, ötən ilin yanvar-iyul aylarında idxalın həcmi illik müqayisədə 798,2 ton (19%), dəyəri isə 2,211 milyon dollar (37.31%) artıb.

Müəllif: Tanya Samsonova