“Onun rusiyalı həmkarı müəyyən edilib - Cənubi Qafqaza nəzarət edən xarici işlər nazirinin müavini Mixail Qaluzin”
Moskva artıq Gürcüstan Baş nazirinin Rusiya Federasiyası ilə əlaqələr üzrə yeni xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə əlaqə qurub. AYNA.AZ xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti Rusiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.
Nazirlikdən nəşrə bildirilib ki, "Biz Georgi Zurabaşvili ilə əlaqə yaratmışıq. Onun rusiyalı həmkarı müəyyən edilib - Cənubi Qafqaza nəzarət edən xarici işlər nazirinin müavini Mixail Qaluzin. Rusiya Gürcüstanla praqmatik və qarşılıqlı faydalı münasibətlərin qurulmasını daim dəstəkləyir".
Rusiya XİN-dən əlavə edilib ki, danışıqlar aparan şəxslər ticarətin, turizmin, nəqliyyat əlaqələrinin və mədəni mübadilənin genişləndirilməsi kimi praktik məsələlərə diqqət yetirəcəklər.
Məqalədə qeyd olunub ki, artıq bir sıra sahələrdə işlər görülür: məsələn, kənd təsərrüfatı qurumlarının nümayəndələri qarşılıqlı kənd təsərrüfatı məhsullarının çatdırılmasını sadələşdirməyə çalışırlar.
Xatırladaq ki, oktyabr ayının sonunda Gürcüstan hakimiyyəti Rusiya ilə münasibətlər üzrə yeni xüsusi nümayəndə təyin edib: xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvilini.