Elektrik yarımstansiyası yenidən qurulur

Xəbərlər

28.11.2019 - 18:34

Hazırda təchizatçı şrkətin nümayəndələri ilə birlikdə avadanlığın sazlanması və sınaq işləri aparılır

 

50 ildən artıqdır istifadədə olan “İçərişəhər” alçaldıcı yarımstansiyasının elektrik qurğu və avadanlıqları fiziki cəhətdən köhnəldiyindən yenisilə əvəzlənməsi zərurətə çevrilib. AYNA-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə təhlükəsizlik və elektrik enerjisi təminatı ilə bağlı alternativ mənbələrinin yaradılması ilə yarımstansiyada əsaslı təmir işləri aparılır. Hazırda burada köhnə avadanlıq sökülərək, yeni avadanlıqlar quraşdırılıb.

 

Bildirilib ki, dövrün tələbləri nəzərə alınaraq, yarımstansiyasında 2 güc (630 kvA), 2 işıqlandırma (400 kvA) və işarəvermə avadanlığının qidalanmasını təmin edən 2 qurğu (63 kvA) olmaqla, cəmi 6 transformator dəyişdirilib. Sökülən bütün avadanlıqlar dünyada bu sahədə tanınmış şirkətlərdən biri olan "Siemens"in müasir cihazları ilə əvəzlənib. Sistemin eyni şirkətin avadanlıqlarından qurulması onların istismarı və qulluğunu daha səmərəli şəkildə təşkil etməyə imkan verib. Hazırda təchizatçı şrkətin nümayəndələri ilə birlikdə avadanlığın sazlanması və sınaq işləri aparılır.

 

Qeyd edilir ki, son illərdə bu istiqamətdə mühüm işlər yerinə yetirilib. Ötən iki il ərzində yeni istehsalat və təmir sahələri ilə böyüyən "Nərimanov" elektrik deposunda elektrik təchizatı sistemi yenidən qurulub və iki yeni elektrik yarımstansiyası istifadəyə verilib. Bundan savayı, "Sahil", "Gənclik", "Elmlər Akademiyası" stansiyalarında da elektrik yarımstansiyaları tamamilə yenidən qurulub.

Müəllif: Ayna.az