Rəsmi Moskva Estoniyanın Rusiya ilə sərhədini bağlama planlarına reaksiya verib
“Rusiya Estoniyanın Rusiya ilə bütün sərhəd keçidlərini bağlamaq planları ilə bağlı məlumatları araşdıracaq. Əgər Tallin həqiqətən belə bir addım atmaq niyyətindədirsə, bu, rusofobiya aktı hesab ediləcək”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova "İzvestiya"ya bildirib: "Bütün bunların doğruluğunu yoxlayacağıq. Amma əgər bunlar onların real planlarıdırsa, deməli, bunlar aqressiv və cilovlanmamış rusofobiyanın başqa bir hissəsidir".
Qeyd edək ki, Estoniya xarici işlər naziri Marqus Tsahkna 15 noyabrda respublikanın 1 dekabrdan etibarən Estoniya-Rusiya sərhədindəki bütün sərhəd keçidlərini bağlayacağını açıqlayıb. Nazir qərarını Rusiya kəşfiyyatının Estoniya müdafiə şirkətinə qarşı sabotaj planlaşdırması ilə izah edib. Lakin o, bu iddianı dəstəkləmək üçün heç bir konkret dəlil təqdim etməyib.