27 noyabr tarixinə qədər pirotexniki vasitələrin satışı qadağan olunub
Fransada 27 noyabr tarixinə qədər atəşfəşanlıq və pirotexniki vasitələrin satışını müvəqqəti olaraq qadağan edilib. AYNA.AZ xəbər verir ki, fərman 15 noyabr tarixində Fransa Respublikasının rəsmi qəzetində (Journal Officiel) dərc edilib.
Nəşrdə deyilir: "Pirotexniki vasitələrin və atəşfəşanlığın satışı və istifadəsi ölkə daxilində 27 noyabr tarixinə qədər qadağandır".
Məhdudiyyətlər əvvəllər böyüklərə sərbəst şəkildə satıla bilən F2 və F3 kateqoriyalı pirotexnika vasitələrinə şamil edilir. F4 kateqoriyalı cihazları almağa yalnız peşəkar pirotexniklərə icazə verilir. Əvvəllər onların satışına xüsusi icazə ilə ixtisaslaşmış mağazalarda icazə verilirdi və küçələrdə istifadəsi qadağan idi.
Fərmanda qeyd olunub ki, bu kateqoriyalardakı pirotexniki cihazlar artıq əyləncə üçün deyil, xəsarət yetirmək üçün istifadə olunur.
Fransa hökuməti nümayişlər keçirmək hüququnun təmin olunduğunu vurğulayıb, lakin bildirilib ki, bu, iştirakçılara başqalarına zərər vermək hüququ vermir. Etirazçıların pirotexnika vasitələrini polis və jandarmlara qarşı silah kimi istifadə etdikləri qeyd olunub.
Bundan əlavə, təhsil müəssisəsi işçiləri və tələbələr də bu cür cihazlardan zərər görürlər. Misal üçün, noyabrın əvvəlində Val-d'Uaz departamentində baş verən oxşar hadisələrdə bir müəllim, təhsil köməkçisi, orta məktəb direktoru və başqa bir işçi xəsarət alıb.