Çalabyan: “İrəvan özünü "demokratiyanın qalası" kimi təqdim etsə də...”

Dünya

16.11.2026 - 22:12

"Ermənistanda məhbusların təxminən yarısı məhkəmə hökmü olmadan saxlanılır"

“Ermənistanda həbs qəti tədbirlər kimi yersiz şəkildə istifadə olunur və qanun seçici xarakter daşıyır. Əksər hallarda hökumətin əleyhdarlarını hədəf alır”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın "Hayakve" təşəbbüsünün koordinatoru Avetik Çalabyan parlament dinləmələrində bildirib.

Qeyd edək ki, bu gün Ermənistan parlamentində ölkədə demokratiyanın vəziyyəti və siyasi təqiblərə məruz qalan şəxslər üçün hüquqi təminatlarla bağlı dinləmələr keçirilib. Dinləmələr müxalifət "Ermənistan" fraksiyası tərəfindən təşkil edilib.

"Ermənistanda azadlıqdan məhrum edilənlərin 48%-i məhkəməyəqədər həbsdə olanlardır və son üç ayda onların sayı 100-dən çox artıb. Onların əksəriyyəti siyasi səbəblərdən həbsdədir", - Çalabyan bildirib.

O, həbsdə olanların təxminən yarısının hələ də məhkəmə hökmü almadığını vurğulayıb.

Siyasətçi digər ölkələrlə müqayisəli rəqəmlər səsləndirib: “Avropada orta hesabla, barələrində hələ hökm çıxarılmamış məhbuslar ümumi məhbusların 25%-ni, Rusiyada 30%-ni, Gürcüstan və Azərbaycanda hər birində 22%-ni, Türkiyədə 17%-ni və Bolqarıstanda 7%-ni təşkil edir”.

O qeyd edib ki, bütün qonşu ölkələrdə vəziyyət özünü "demokratiyanın qalası" kimi təqdim edən Ermənistandan daha yaxşıdır.

Müxalifətçinin sözlərinə görə, Ermənistanda bu vəziyyətin səbəblərindən biri məhkəmələrə faktiki əsaslandırma olmadan həbs təyin etməyə imkan verən Cinayət Prosessual Məcəlləsinin 118-ci maddəsinin kifayət qədər aydın ifadə edilməməsidir.

Çalabyan qeyd edib ki, məhkəmələr çox vaxt alternativ qabaqlayıcı tədbirlərin təqsirləndirilən şəxsin düzgün davranışını təmin edə bilmədiyini iddia etməklə məhdudlaşırlar.

Çalabyan həbsin tətbiqi şərtlərini aydınlaşdırmağa və bu qabaqlayıcı tədbir üzərində məhkəmə nəzarətini gücləndirməyə yönəlmiş qanunvericilik təşəbbüsü irəli sürməyi təklif edib.

Xatırladaq ki, Çalabyanın özü 24 iyunda iki ay müddətinə həbs edilib. Müxalifətçi "seçki hüquqlarının həyata keçirilməsinə mane olmağa hazırlaşmaqda" ittiham olunub. O, ona qarşı irəli sürülən ittihamları “tamamilə uydurma” adlandırıb. Siyasətçi 21 avqustda məhkəmə qərarı ilə həbsdən azad edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş