Qarabağdakı terrorçular İrəvana qarşı: Paşinyanın ümidi Bakı və Ankarayadır

Aktual

02.01.2022 - 10:35

Zərdüşt Əlizadə: "Azərbaycan İrəvandan verilən bəyanatlara diqqət etməlidir, separatçı-terrorçu yaramazların açıqlamalarına deyil"

Elxan Şahinoğlu: "Paşinyanın bəyanatlarından aydın olur ki, Ermənistan hakimiyyəti Qarabağın Azərbaycan ərazisi kimi tanımağa məcburdur"

Ermənistanın Baş naziri Nikol Paşinyanın "Qarabağın statusu" ilə bağlı son bəyanatı erməni cəmiyyətinin bəzi kəsimlərində və Qarabağdakı terrorçu-separatçılar tərəfindən kəskin etirazla qarşılanıb və etirazlar davam etməkdədir. Narazılar hesab edirlər ki, Paşinyan Ermənistanın "milli maraqlarını satıb". 

Qeyd edək ki, rəsmi Bakı 44 günlük müharibədəki qalibiyyətdən sonra "Qarabağın statusu"nun cəhənnəmə getdiyini bəyan edib. İrəvan isə zaman-zaman "status" məsələsini gündəmə gətirməkdədir. 

Ermənistanda Paşinyanın bəyanatında etirazın səbəbi, Baş nazirin "1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, lakin o vaxtdan bəri regionun statusu məsələsi ilə ATƏT-in Minsk qrupu məşğul olub. 2016-cı ildə isə status məsələsi yenidən BMT Təhlükəsizlik Şurasına qaytarılıb və bu, Ermənistan üçün “fəlakət” idi, çünki bu mötəbər beynəlxalq qurum çərçivəsində Qarabağın statusu ilə hesablaşmaq mümkün deyil. Qarabağın statusu Azərbaycanın Konstitusiyası əsasında həllini tapmalıdır", - fikirləridir. Bununla yanaşı, Ermənistanın Baş naziri bəyan edib ki, o, əvvəlki hakimiyyətin “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız erməni olmalıdır” ifadəsi ilə heç vaxt razılaşmayıb: "Mən bu ifadə ilə razı deyiləm, çünki Qarabağ tamamilə erməni ola bilməzdi. Əhalinin demoqrafik tərkibini nəzərə alsaq, heç bir halda. Danışıqların məzmunundan aydın görünürdü ki, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni və azərbaycanlı əhali yaşayır. Qarabağda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələ mübahisəli olmayıb və olmayacaq. Mən bu barədə dəfələrlə ictimaiyyət qarşısında çıxış etmişəm. Ən azı bu hissədə əvvəllər danışıqlarda iştirak etmiş dairələrin nümayəndələri təsdiqlədilər ki, Dağlıq Qarabağ Muxtar Vilayəti danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərə alınmayıb. Dağlıq Qarabağ Muxtar Vilayəti heç vaxt sırf erməni birliyi hesab edilməyib. Bu, ən azı əhali baxımından erməni-Azərbaycan birliyi kimi qəbul edilib, müşahidə edilib, qeydə alınıb”. 

Ermənistan liderinin bu bəyanatı və ona qarşı etirazlar, xüsusən də, separatçıların əks mövqe tutmasının nə ilə nəticələnəcəyi bir sıra suallar yaradır. 

Mövzunu AYNA-ya şərh edən politoloq Zərdüşt Əlizadə deyib ki, Paşinyanın mövqeyi Ermənistanın bir nömrəli mövqeyidir: "Bu adam dövlətin rəhbəridir, birinci adamdır. Ermənistanda konstitusiyaya uyğun olaraq bütün məsələlərlə bağlı qərar verən Nikoldur. Qanuni hakimiyyət Paşinyanın əlindədir. İndi Nikol deyir ki, "sülhə hazırıq, kommunikasiyalar açılmalıdır, Azərbaycanla, Türkiyə ilə münasibətlər bərpa olunmalıdır, Qarabağ Azərbaycanın tərkib hissəsidir", demək ki, İrəvanın mövqeyi budur. Paşinyan bunları deyir, İrəvandan asılı olan Qarabağdakı separatçı qondarma qurumun "başçısı" Arayik Arutunyan, "xarici işlər naziri" David Babayan başqa fikirlər deyirsə, biz hansına əhəmiyyət verməliyik?! Əlbəttə, Paşinyanın dedikləri Bakı üçün əhəmiyyətlidir. Çünki Nikolun fikirləri onun hakimiyyətindən asılı olan qondarma qurumun "rəhbərlərinin" fikrindən üstündür. Azərbaycan İrəvandan verilən bəyanatlara diqqət etməlidir, separatçı-terrorçu yaramazların açıqlamalarına deyil. Hesab edirəm ki, rəsmi Bakı məhz bu cür edir". 

"Erməni cəmiyyəti artıq gerçəkliyə daha uyğun mövqe tutub. Paşinyan da onu seçən erməni çoxluğununun fikirlərini səsləndirir. Mən əminəm ki, Paşinyanın mövqeyi üstün olacaq, ona qarşı etirazlar əhəmiyyətsiz qalacaq", - politoloq əlavə edib. 

Separatçı-terrorçuların Rusiyaya sığınması, Rusiyanın Qarabağdakı sülhməramlılarının vasitəsilə varlıqlarını qoruyub-saxlaması cəhdinə gəlincə, Z.Əlizadə deyib ki, bu, Ermənistan və Azərbaycandan asılıdır: "Əgər biz Ermənistanla Azərbaycan arasında normal münasibətlər qurulsa, əməkdaşlıq, ticarət əlaqələri, gediş-gəliş tezliklə başlasa, əminəm ki, Qarabağdakı erməni icması məcbur qalıb bu münasibətlərə qoşulacaqlar. Bundan sonra əvvəlki ədavət yavaş-yavaş aradan qalxacaq". 

"Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisində qalması, erməni separatçılarına hansısa formalarda dəstək verib-verməməsi də Azərbaycanla Rusiya arasındakı münasibətlərdən asılıdır. Əgər Ermənistanla Azərbaycan arasında münasibətlər qurulacaqsa, sülh əldə olunacaqsa, o zaman sülhməramlıların Qarabağdakı varlığına səbəb qalmayacaq", - deyə politoloq bildirib. 

"Rusiya Qarabağda qalmaq üçün separatçıların əli ilə münaqişəni yenidən alovlandıra bilərmi?", - sualına gəlincə, Z.Əlizadə deyib ki, mümkündür: "Amma bu, xeyli dərəcədə bizdən asılıdır. Azərbaycan ağıllı siyasət aparmalıdır. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan tərəfi ağıllı davranmadı, Rusiya ilə münasibətləri köklü şəkildə pisləşdirdi. Bu səhvi təkrarlamamaq lazımdır. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti bu dəfə ağıllı mövqe tutub. Belə mövqe ilə rəsmi Bakı münaqişəni yenidən alovlandırmalarına imkan verməyəcək".  

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə AYNA-ya deyib ki, Paşinyanın Qarabağla bəyanatından sonra ona daxildəki radikal müxalifət, Qarabağdakı separatçılar və xaricdəki lobbi nümayəndələri tərəfindən təzyiqlərin artacağı gözlənilən idi. 

Onun sözlərinə görə, Paşinyan təzyiqlərə qarşı gəlmək üçün Azərbaycan və Türkiyə ilə əlaqələrin inkişafına, Ermənistan iqtisadiyyatının dirçəldilməsinə ümid edir: "Nikol Qarabağın Azərbaycana aid olduğunu deməklə qarşısında müxtəlif gücləri gördü və görəcək. Bu sıraya Ermənistandakı radikal müxalifəti, o cümlədən “Qarabağ klanını”, Qarabağdakı separatçıları və müxtəlif ölkələrdəki erməni lobbisini aid etmək olar. Güman ki, bu güclər Paşinyana qarşı biləşəcək. Belə olan halda, Paşinyan hesab edir ki, onu və dəstəkçiləri vəziyyətdən bir halda çıxa bilərlər: Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərini açmaqla. İki dövlətlə münasibətləri normallaşdıracaq sazişlər Ermənistanın indiki ağır siyasi, iqtisadi və sosial vəziyyətdən çıxaracaq. Yəni ki, Paşinyanın ümidi Bakı ilə Ankarayadır. Buradan belə nəticə çıxır ki, iplər bizim əlimizdədir". 

"Əgər Paşinyan sözdə və əməldə eyni siyasəti yürüdəcəksə, o cümlədən “Qarabağ Azərbaycana aiddir” deməkdə davam edəcəksə, onun radikallardan qorunması ilə bağlı müvafiq addımlar atmaq məcburiyyətində qalacağıq”, - politoloq əlavə edib. 

E.Şahinoğlu hesab edir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə olunmuş hərbi qələbəni diplomatik sferada da davam etdirir: "Və rəsmi Bakı masada öz şərtlərini diqtə etməyi bacarır. Bakının əsas şərtlərindən biri Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasıdır. Paşinyanın bəyanatlarından aydın olur ki, Ermənistan hakimiyyəti Qarabağın Azərbaycan ərazisi kimi tanımağa məcburdur və bununla bağlı əməli addımlar atmağı planlaşdırır".

Müəllif: Anar Bayramoğlu