Xaricdəki soydaşlarımız Vətən müharibəsinə necə dəstək verirlər?

Aktual

18.10.2020 - 19:24

“Gəncə hadisələri ərəfəsində səhərə kimi yatmadım, yerli mətbuata məlumatlar göndərməklə məşğul oldum”

 

Bu gün Azərbaycan Ordusu Qarabağda Vətən müharibəsi aparır və ard-arda böyük uğurlar qazanır. Eyni zamanda, arxa cəbhədə də informasiya müharibəsi gedir. İkinci savaşda xaricdəki soydaşlarımız nə dərəcədə fəal iştirak edirlər? AYNA bununla bağlı xaricdə yaşayan bir neçə azərbaycanlı ilə həmsöhbət olub.

 

Hollandiyada yaşayan Vüqar Abbasov: “Biz haqlı tərəfik, bizə aid olan torpaqlarımızı işğaldan azad etməyə çalışırıq. Dünya gözəl bilir ki, bizim torpaqlarımız  Ermənistan tərəfindən işğal olunub və 30 ilə yaxındır ki, bu vəziyyət davam edir. Dünya dövlətlərinin hamısı Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü 86,6 min kv.km ərazi ilə tanıyıb. İşğaldan sonra da BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi var. Bunları niyə saydım? Siyasətlə məşğul olan hər kəs bunları bilməlidir və bildiklərini düşünürəm. Bunları bilməyənin regionla bağlı fikir bildirmək haqqı olduğunu düşünmürəm. Bilib, ancaq bilməzdən gələrək birtərəfli mövqe tutanlara isə nə desəniz, xeyri yoxdur. Onlar öz maraqları və müxtəlif maraqlara görə haqsızlıq edirlər. Bu isə öz növbəsində bizi narahat etməməlidir.

 

Biz xaricdə yaşayan azərbaycanlılar olaraq, haqq səsimizin dünyaya çatdırılması üçün əlimizdən gələni edirik. Burda bir çox gənclərimizin yerli mətbuatda müsahibələri dərc olundu və etiraf edim ki, bu, böyük uğur və ağır fəaliyyətin nəticəsi idi. Ad çəkmirəm, çünki kimisə unuda bilərəm. Ancaq həqiqətən də bunu təşkil edənlər böyük işlər görmüşdülər, burada yaşayan və yerli mətbuatın iş mexanizmini bilən biri kimi deyirəm.

 

Mən də öz növbəmdə, həm fərd olaraq, həm jurnalist kimi yerli mətbuata və mümkün ola biləcək hər yerə müraciətlər göndərdim. Gəncə hadisələri ərəfəsində səhərə kimi ancaq məlumatlar göndərməklə məşğul oldum. Ancaq indi bizim göndərdiklərimizə nə qədər diqqət verirlər - bu, artıq başqa məsələdir. Fürsətdən istifadə edərək soydaşlarımıza demək istəyirəm ki, bizlərin, xaricdə yaşayanların da ürəyi sizinlədir. Orda baş verən hər hadisəni izləyir və sizlərin keçirdiyi hissləri bizlər də keçiririk. Bizim mübarizəmiz haqlıdır və biz qalib gəlcəyik. Dünya dövlətləri haqqa, ədalətə göz yumursa, bu da onların problemidir”.

 

Rusiyada yaşayan Qənirə Cəlilzadə: “Rusiyada, əsasən mətbuat vasitəsi ilə məlumatlar yayılır. Rusların çoxu həqiqəti bilmir. Biz azərbaycanlılar isə əlimiz çatan ruslara maksimum həqiqətləri çatdırmağa çalışırıq”.

 

ABŞ-da yaşayan Elgün Xanoğlanov: “ABŞ-da yaşayan azərbaycanlılar var qüvvələri ilə təbliğat aparırlar. Hətta, Nyu-York və Vaşinqtonda yürüşlər təşkil etməyi planlaşdırırıq”.

 

Almaniyada yaşayan Nəzakət Zeynallı: “Almanlar bu məsələyə çox da qarışmırlar. Ərdoğanı sevməyən, Almaniyada yaşayan türklər isə erməniləri dəstəkləyirlər. Alman mediası çalışır ki, məsələni tərəfsiz işıqlandırsın. Yanlış mövqe sərgiləyəndə Almaniyada yaşayan azərbaycanlılar etiraz edirlər. Ayrı-ayrı mətbuat orqanlarının redaksiyalarına gedib etiraz edirik”.

Müəllif: Təranə Xudabaxşiyeva