Qarabağda işçi çatmır, qapısı döyülməyən ailələr, söyülən deputat və... - Parlamentdə bu gün

Cəmiyyət

27.12.2021 - 15:24

Deputat: "Azərbaycan və Qarabağ üçün işçi lazımdır. 300-400 manat versəniz, gedib işləyəcəklər"

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. Gündəliyinə 19 məsələnin daxil edildiyi iclasda əvvəlcə deputatlar cari məsələlər haqqında danışıblar. 

"Pekresin Azərbaycan ərazilərinə qanunsuz səfəri Fransanın bəyan etdiyi siyasətin məzmunu ilə heç cür uyğun gəlmir”

Deputat Soltan Məmmədov Fransada keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olan Valeri Pekresin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfəri ilə bağlı deyib ki, bu, Azərbaycan ictimaiyyəti tərəfindən dərin təəssüf hissi ilə qarşılanıb: "Siyasi təxribat xarakteri daşıyan bu addım Azərbaycan-Fransa münasibətlərinin ruhuna, eyni zamanda, beynəlxalq ictimaiyyətin regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərinə tamamilə ziddir. Fransanın Vətən müharibəsi dövründə tutduğu mövqe ATƏT-in Minsk Qrupunun həmsədri kimi vacib bir missiyanı üzərinə götürmüş bu ölkənin tərəfsizliyinə əsaslı şübhələr yaratmışdı. Son dövrlərdə qarşılıqlı münasibətlərdə etimadın bərpa olunmasına yönəlmiş bəzi təşəbbüslərin şahidi olduq".

"Fransa hökuməti işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə töhfə vermək istəyini bəyan etdi. Prezident Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında qeyri-formal görüş təşkil olundu. Bu addımlar Fransanın Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin yaradılmasında iştirak etmək cəhdləri kimi qiymətləndirilir. Lakin Valeri Pekresin Azərbaycan ərazilərinə qanunsuz səfəri Fransanın bəyan etdiyi siyasətin məzmunu ilə heç cür uyğun gəlmir”, - deyə deputat söyləyib.

"Azərbaycanın ərazi bütövlüyü heç bir halda seçki kampaniyasının elementi kimi istifadə oluna bilməz"

Məmmədov vurğulayıb ki, bu gizli və qanunsuz səfər Fransanın müəyyən siyasi dairələrində də təəssüflə qarşılanıb: “Fransa Milli Assambleyasında Azərbaycan-Fransa Dostluq Qrupunun vitse-prezidenti, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamber xüsusi bəyanatla çıxış edərək, Fransa və onun nümayəndələrini davamlı sülh naminə beynəlxalq hüququn elementar normalarına hörmət etməyə, qərəzsiz davranmağa çağırıb. Biz seçki kampaniyasında namizədlərin müəyyən taktiki gedişlərə müraciət etmək məcburiyyətini anlayışla qarşılaya bilərik. Lakin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq hüququn fundamental prinsipləri heç bir halda seçki kampaniyasının elementi kimi istifadə oluna bilməz. Bu, həmin namizəd tərəfindən ilk növbədə öz ölkəsinə, eyni zamanda beynəlxalq hüquqa hörmətsizlikdir".

"Bütün dünya 44 günlük müharibədən sonra regionda tamamilə fərqli bir reallığın yarandığını, təhlükəsizlik konfiqurasiyasının dəyişdiyini qəbul edir. Aparıcı dövlətlər, o cümlədən Fransa bu yeni tarixi mərhələdə regionda etimad mühitinin formalaşması, iqtisadi, siyasi, humanitar, mədəni əlaqələrin bərpasında mühüm rol oynaya bilər. Bu gün Azərbaycan-Fransa münasibətlərində tarixi əməkdaşlıq üçün çox yaxşı zəmin yaranıb. Bu zəminə əsaslanaraq, münasibətlərin inkişafına çalışmaq hər iki ölkəyə fayda verməklə yanaşı, regionun təhlükəsizliyinə və rifahına da xidmət edər”, - deyə deputat bildirib.

"Necə ölümə getdilər, eləcə də işləməyə gedəcəklər"

Milli Məclis üzvü Aqil Abbas isə gənclərin işğaldan azad edilmiş ərazilərimizə - Qarabağa cəlb edilməsi məsələsini qaldırıb. Deyib ki, bu gün Qarabağda böyük tikinti-quruculuq işləri həyata keçirilir: "Görülmüş işlər göz qabağındadır. Amma mənə elə gəlir ki, işçi qüvvəsi çatmır. Hesab edirəm ki, tələbə inşaat dəstələri yenidən bərpa olunmalıdır. On minə qədər işçi qüvvəsi az rəqəm deyil". 

"Gənclər və İdman Nazirliyindən xahiş edirəm, yaya qədər vaxt var. Gəncləri, tələbələri Qarabağa cəlb etsinlər. Azərbaycan və Qarabağ üçün işçi lazımdır. İşçi çatışmır, 300-400 manat versəniz, gedib işləyəcəklər. Necə ölümə getdilər, eləcə də işləməyə gedəcəklər", - deyə o, əlavə edib.

“Elə şəhid ailəsi, əlil var ki, qapısı illərlə döyülmür”

Razı Nurullayev şəhid ailələrinə, qazilərə göstərilən qayğı və edilən köməkliklərdən danışıb. Bildirib ki, Azərbaycanda Birinci Qarabağ müharibəsinin 20 minə yaxın, İkinci Qarabağ müharibəsinin isə 3 minə yaxın şəhidi var: "Onların ailələrinə, habelə müharibə əlillərinə dövlət qurumları tərəfindən müxtəlif köməkliklər edilir".

"Bir şahid ailəsinə, bir əlilə beş-on dəfə kömək edilsə də, qapısı heç döyülməyən ailələr var. Birincisi, ASAN Xidmət bu sahədə daha mütərəqqi və əlçatan internet resurslarına malik olduğu üçün bu tip bütün məlumatlar ASAN Xidmətdə emal edilsin və vahid mərkəzdə - şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan şəxslərin dövlət reyestrində birləşdirilsin. İkincisi, bu vahid informasiya mərkəzinə hər kəsin çıxışı olsun. Elə edək ki, bütün şəhid ailələri və ehtiyacı olan müharibə əlilləri əhatə olunsun. Elə olmasın ki, bir ailə və ya şəxs müxtəlif dövlət orqanlarının köməyindən yararlana bilsin, digərləri isə kənarda qalsın", - deyə o vurğulayıb.

"Onların yüz dəfə də yararlanmaq haqlarıdır, halalları olsun"

"Onların yüz dəfə də yararlanmaq haqlarıdır, halalları olsun. Amma bu, növbəli şəkildə olmalı, hamını əhatə etməlidir. Elə şəhid ailəsi və müharibə əlili və ya yararlısı var, oturub gözləyir ki, onun qapısı nə zaman döyüləcək. Üçüncüsü, bütün şəhid ailələrinin, müharibə əlillərinin və bu kateqoriyadan olan digər ehtiyaclı şəxslərin bu reyestrdə birləşdirilməsi zamanı onların mövcud problemləri də göstərilsin. Dövlət orqanları, fərdi şəxslər də kömək etmək istəyən zaman güclərinə və istəklərinə uyğun seçim edə bilsinlər. Bunu edə bilsək, xaricdə yaşayan azərbaycanlılar da bu işdə yaxından iştirak edə və yükümüzü hətta 50 faiz azalda bilərlər”, - deyə Nurullayev fikrini tamamlayıb.

“Xalqın söyüşlə bağlı xasiyyətinə məəttəl qalmışam”

Deputat Tahir Kərimli isə deyib ki, ötən həftə Milli Məclisdəki çıxışına görə sosial şəbəkələrdə söyülüb: "Ötən iclasda bəzi dairələrə qarşı fikirlərimi bildirdim. Xalqın söyüşlə bağlı xasiyyətinə məəttəl qalmışam. Bilmirəm, əvvəldən bu qədər söyüş var idi, yoxsa indi çoxalıb... Bu qədər söyüş olar? Bu, həmin xalq deyilmi ki, Prezidentin çağırışı ilə 50 min nəfər müharibədə könüllü iştirak üçün yazıldı?! Bizim yaltaqlığa nə ehtiyacımız var ki?! Övladımız, özümüz üçün nə istəyirik ki?!"

"Deyirlər, Tahir Kərimli deyib ki, Prezidentin alternativi yoxdur. Həqiqətən yoxdur da... Siz özünüz müxtəlif illərdə uduzdunuz. Minlərlə insanı küçədə əzdirdiniz. Müsavat AXCP-ni, AXCP Müsavatı xəyanətdə ittiham etdi. Siz neçə il oturdunuz parlamentdə, nə etdiniz ki... Biz xalqın problemini dilə gətiririk. İstəyirsiniz ki, biz də söyək Prezidenti - bunu görməyəcəksiniz! 22 il işsiz qaldım. Amma heç kimin yanında olmadım. Siz istəyirsiniz ki, siz iqtidara yaxın olanda biz də yaxın olaq, siz uzaq olanda da uzaq olaq. Yalan vədlərlə xalqı aldatmayaq", - deyə o söyləyib.

Müəllif: Anar Bayramoğlu