DYP sürücülərə və piyadalara müraciət edir

DYP sürücülərə və piyadalara müraciət edir

“Piyadalar işıqqaytarıcı geyimlərdən istifadə etsinlər”

 

Dekabrın 10-da Bakıda bir gün ərzində 4 piyada vurularaq öldürülüb. Son zamanlar bu cür halların artmasına görə Daxili İşlər Nazirliyi (DİN) sürücülərə və piyadalara müraciət edib.

 

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYPİ) İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov AYNA-ya bildirib ki, Bakı şəhəri üzrə ümumi qəzaların nisbətinə baxanda piyadaların vurulması üstünlük təşkil edir. 

 

"Bu da çox ciddi həyacan siqnalının verilməsi deməkdir. Bu hallar bizi və Nazirlik rəhbərliyini çox ciddi narahat edir. Vətəndaşlar "Yol Hərəkəti haqqında" qanunun 40-cı maddəsi yaxşı öyrənilməli və tələbləri yerinə yetirməlidirlər", - deyə DYP rəsmisi əlavə edib. 

 

V.Əsədovun sözlərinə görə, maarifləndirmə yolu ilə piyadaları və sürücüləri bu cür bədbəxt hadisələrdən qorumaq olar: "Tövsiyə edirik ki, yolun qaranlıq vaxtı piyadalar üzərində işıqqaytarıcı elementlər olan geyimlərdən mütləq istifadə etsinlər. Nəzərə alsaq ki, qış mövsümüdür, qaranlıq tez düşür. İkinci məsələ, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermir. Üçüncüsü, yolun hərəkət hissəsi ilə getmək olmaz. Yağışlı havada yolun hərəkət hissəsi ilə getmək isə riski daha da artırır. Çünki yağış işığı udur, bu gün piyadaların əksəriyyəti də tünd rəngli geyimlərdən istifadə edirlər. Bu rənglər də işığı udduğu üçün sürücülər onları görə bilmir".

 

"Buna görə də piyadalar səki ilə hərəkət etməlidir, yolu piyadalar üçün nəzərdə tutulan yerlərdə keçməlidir, onların üzərində işıqqaytarıcı elementlər olmalıdır, yaxınlaşmaqda olan avtomobillər diqqət etməlidir, onların sürətini qiymətləndirməyi bacarmalıdır, yaxınlaşan avtomobilin qarşısından qaçmamalıdır, onları çaşdırmamalıdırlar. Avtomobillərin tam dayandığına əmin olub yolu keçmək üçün ona yol verdiyinə əmin olduqdan sonra yolu keçsinlər", - deyə o vurğulayıb. 

 

Bölmə rəisi sürücülərə də müraciət edib: "İşıq cihazlarından düzgün istifadə edin, tələsməyin, sürət həddinə fikir verin, yolun sağ hərəkət solağı ilə hərəkət etdikdə sürəti aşağı salın. Xahiş edirik, bu prosesdə hər kəs öz məsuliyyətini dərk etsin. Bu hadisələr bizi çox narahat edir. Hər kəsin bu təbliğata qoşulmasını istəyirik”.

Müəllif: Ayna.az      11 Dekabr 2019 18:02
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin