Baş məşqçi: “Qızların iradəsi oğlanlardan güclü olur”

Baş məşqçi: “Qızların iradəsi oğlanlardan güclü olur”

Ziya Rəcəbov: “Maaş məsələsi həllini tapıb, bütün borclar ödənilib”

 

Bakının "Lokomotiv” voleybol klubunun baş məşqçisi Ziya Rəcəbov karyerasını ölkə xaricində davam etdirəcək. 37 yaşlı mütəxəssis İndoneziya komandası ilə danışıqları müsbət yekunlaşdırıb. Belə ki, o, bu ölkənin lider qadın voleybolçularından ibarət "Cakarta” klubu anlaşıb və 1 mövsümlük müqaviləyə imza atıb.

 

Ziya Rəcəbov AYNA-ya müsahibəsində Azərbaycan voleybolu və imzaladığı müqavilə barəsində məlumat verib.

 

- Bu gün Azərbaycan voleybolunun vəziyyəti necədir?

 

- Bu gün Azərbaycan voleybolunda nəsə etməyə çalışırlar. Keçən ilkindən yaxşı olacaq ki, pis olmayacaq. Bir balaca irəliləyiş var. Keçən il ancaq yerli oyunçular çempionatda iştirak edirdilər. Bu il legionerlər də çıxış edəcəklər. Yerli kadrları inkişaf etdirmək üçün daha təcrübəli voleybolçuların onlarla birlikdə məşq etmələrinə zərurət var. Faiq Qarayev bu yöndə əlindən gələni edir. Ukraynadan, Rusiyadan azyaşlı qızlar dəvət edib. Çalışırlar ki, onlar burada qalsın və Azərbaycanın adından iştirak etsinlər. Həmçinin yerli qızlarımız da yavaş-yavaş yetişirlər.

 

- Legioner? Axi bizim milli komandanın tez-tez şikayət etdiyi bir məsələ var - aylarla maaşlarının verilməməsi. Belə vəziyyətdə legioner götürməyə maliyyə çatır?

 

- Artıq maaş məsələsi federasiyada düzəlib. Bütün borclar ödənilib, maaşlar artıq vaxtı-vaxtında verilir. Maddi baxımdan da keçən ilə nisbətən çox irəliləyiş var.

- Bəs niyə Ziya Rəcəbov Azərbaycan voleybul klublarından birini deyil, İndoneziyanın klubunu seçdi?

 

- Bu söhbət 3 il idi davam edirdi. Sadəcə mən bu ilə hazır idim deyə, bu il də qərar verdim. Avropadan bir neçə kluba və milli komandalara dəvət gəlmişdi. Mən isti havanı sevirəm və bu ölkə bizə daha yaxındır deyə İndoneziyanı seçdim. Həm də burada çempionat aktiv keçir. Azarkeşlər də bu ölkədə daha çoxdur. Bir oyuna 30-35 min azarkeş gəlir.

 

- Yerli klublardan təklif var idi? Yoxsa olmadığı üçün xaricdən gələn təklifləri dəyərləndirdiniz?

 

- 3 ilə yaxın işsiz qalmışdım. Amma bir müddətdir ki, “Lokomotiv” klubunda qızların komandasında işləyirdim. Rəhbərliyə də demişdim. Faiq Qarayev bu xəbəri biləndə dedi ki, “get”. Bizim ölkənin adına yaxşıdır. Həm də mənim üçün də böyük təcrübə olacaq.

 

- Azərbaycan voleybolu niyə qadınlardan ibarət komandalarda daha çox uğurlu olur?

 

- Kişilərdə də potensial var. Amma kişi voleybolu çox çətindir. Ona görə ki, voleybolun vətəni olan ölkələrdə potensial idmançılar daha çoxdur. Bizdə legioner oğlan yoxdur. Ancaq yerli idmançılarımızdır. Qızlarda isə əksinədir. Əksəriyyəti boyuna görə legioner olduğu üçün onlar daha çox uğur qazana bilir.

 

- Onda belə çıxır ki, bizdə qadın voleybolu legioner hesabına uğur qazanır?

 

- Elə saymaq olar. Milli komandanın üzvlərinin əksəriyyəti legionerdir. 14-15 yaşından Azərbaycana gəliblər, istedadlı olublar. İndi də uğur qazanırlar. Bunu danmaq olmaz.

 

- Legionerlə uğur qazanmaq idmanın inkişafı deməkdir? Axı onlar bir gün gedəcəklər və nəticədə bizdə peşəkar qalmayacaq...

 

- Legioner olmasa, rəqabət olmaz. Rəqabət olmasa da, bizim yerli idmançılarımız inkişaf edə bilməz. Ona görə də mütləqdir ki, istedadlı legionerlər olsun. Bizim az olsa da, istedadlı idmançılarımız yetişir.

 

- Voleybol idman növünün geyimi qısa şort olduğu üçün, əvvəllər valideynlər qızlarını bu sahəyə qoymurdular. İndi vəziyyət necədir?

 

- Son illər inkişaf var. Artıq bu idman növünə maraq çoxdur. Sadəcə onların yetişməsində problemlər olur. Öz voleybolumuzu qurmalıyıq. Boy problem deyil. Tailand voleybolunun komandası balacaboylardan ibarətdir. Amma dünya voleyboluna meydan oxuyurlar.