“Hər abidəyə bir mühafizəçi təyin etmək mümkünsüzdür, amma…”

“Hər abidəyə bir mühafizəçi təyin etmək mümkünsüzdür, amma…”

Faiq İsmayılov: “Tarixi kökümüzə biganə qaldığımız üçün, tarixi abidələrimizin məhvinə də mane ola bilmirik”

 

Tarixi abidələrlə bağlı yaşanan problemlər həmişə olduğu kimi, bu gün də öz aktuallağını qoruyub saxlayır. Əsrlərlə yaşı olan, uzun müddət öz mövcudluğunu qoruyub saxlayan tarixi-mədəniyyət ocaqları, müstəqillik dövründə məhvə məhkum olub.

 

Təmir-bərpa işlərindən uzaq qalan bu abidələr, təkcə “dövlət tərəfindən qorunur” elanları ilə təsəlli tapmağa çalışır. Elə, yaxın günlərdə barəsində məsələ qaldırdığımız, Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən tarixi karvansaray kimi.

 

AYNA-nın mövzu ilə bağlı suallarını “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov cavablandırıb.

- Faiq müəllim, Azərbaycanda yerləşən tarixi abidələrə nə üçün kifayət qədər diqqət ayrılmır?

 

- Mədəniyyət Nazirliyinin Abidələrin Qorunması və Bərpası Xidməti var. Abidələrin qorunması da həmin Xidmət sahəsinə daxildir. Məsələ burasındadır ki, həmin abidələrdən çoxsaylı olsa belə, qorunması çətin olur. Belə ki, müxtəlif təbiət hadisələri, yaxud insan faktorunun vurduğu ziyanlar nəticəsində bu abidələr məhv ola bilir. Bu baxımdan da abidələrin mühafizəsi dövlət xidməti tərəfindən araşdırılır, daha pis vəziyyətdə olan abidələr qeydiyyata götürülür və onlar haqqında layihə smetalar işlənir və tələb olunan vəsait Nazirlər Kabinetindən xahiş olunur. Bu isə uzun bir proses olduğuna görə, bütün ərazini əhatə etmək qeyri-mümkündür. Regionlarımızda, daha çox ucqar bölgələrdə, inzibati yaşayış yerlərində ya tamah məqsədi ilə, ya da başqa səbəblərdən abidələrə ziyan vurulur. Bunun da mühafizəsi, əlbəttə ki, kütləviləşdirilməli və vətəndaş cəmiyyəti bu işlə məşğul olmalıdır. Sizin də dediyiniz kimi, Səngəçalda yerləşən tarixi karvansaray da bunlardan biridir. Mən də bu məsələni gündəmdə saxlayacam və Mədəniyyət Nazirliyi qarşısında bu məsələni qaldıracam. Bunun üçün həmin abidələrin indiki görüntüləri kifayət edir ki, abidənin coğrafi ərazisi dəqiqləşdirilsin və onun gələcəkdə bərpa və ya konservasiya məsələsi öz həllini tapsın.

 

- Tarixi abidələrin dövlət tərəfindən qorunması onların mövcudluğu üçün kifayət edirmi?

 

- Azərbaycan sərhədləri daxilində olan tarixi-mədəniyyət abidələrinin hər biri qorunur. Ancaq bu qorunmanın təşkilində çox böyük səhvlər var. Qorunmanın təşkilinin düzgün aparılmaması və qurulmaması, demək olar ki, həmin abidələrin məhvinə gətirib çıxarır. Abidələrin qorunması təbliğatına orta məktəb vaxtlarından başlamaq lazımdır. Yəni bir ərazi vahidində bir neçə tarixi-mədəniyyət abidəsi varsa, hər abidəyə bir mühafizəçi təyin etmək mümkünsüzdür. Ən azından, bu, çox böyük büdcə tələb edir. Amma məsələ burasındadır ki, başqa ölkələrin təcrübəsindən də istifadə etmək olar. Bunun üçün də vətəndaşları bu işə cəlb etmək lazımdır. Çünki bəzi abidələr var ki, onların qorunması insanların ciddi maraq dairəsindədir. Pirləri, ziyarətgahları, qəbirüstü abidələri, məscidləri buna misal göstərə bilərik. Sadəcə bizdə çatışmayan cəhət budur ki, dövlətin verdiyi qanunlardan yetərincə istifadə etmirik. Əlbəttə ki, tarixi-mədəniyyət abidələrinin qorunması dövlətin marağındadır. Amma buna cavabdeh şəxslər də öz səlahiyyətlərini ciddi şəkildə yerinə yetirməlidirlər. Burda isə ciddi nöqsanlar olduğunu görürük.

- Tarixi-mədəni abidələrin, xüsusilə müstəqillik dövründə diqqətdən kənar qalmasının səbəbi nədən ibarətdir?

 

- Bu abidələrin qorunması üçün kütləvi tədbirlər həyata keçirilməldir. Müstəqillik dövründən bu yana heç bir məktəb kollektivi abidələrin ətrafında təmizlik işlərinə cəlb olunmayıb və bu işə maraq göstərməyib. Bu da bizim özümüzün laqeyidliyimizdən irəli gəlir. Abidələr də daşdan və ya digər materiallardan tikilir deyə, uzun illərdən sonra köhnəlir və dağıntılara məruz qalır. Onlara da can vermək üçün konservasiya etmək lazımdır. Bunun üçün də çox böyük məbləğdə vəsaitlər tələb olunur. Sadəcə müstəqillik dövründə öz tarixi kökümüzə biganə qaldığımız üçün, tarixi abidələrimizin məhvinə mane ola bilmirik.

 

- Azərbaycanda beynəlxalq yarışlara göstərilən diqqət və qayğı ölkə mədəniyyətinə də göstərilsə, irəliləyiş baş verə bilər?

 

- Müxtəlif beynəlxalq yarışların və oyunların Azərbaycanda keçirilməsi, Azərbaycanın tanıdılmasına və turizm potensialının inkişafına müsbət təsir göstərən amillərdən biridir. Digər tərəfdən, abidələrlə bağlı tədbirlərin keçilməsi də vacibdir. Yalnız bu il dünya memarlarının Bakıda toplantası baş tutdu. 600-dən çox əcnəbi alim bu toplantıda iştirak etdi. Biz həm də 800 fotoşəkildən ibarət erməni vandalizmini əks etdirən sərgi nümayiş etdirdik. Bundan sonra UNESCO-nun Bakı konfransı baş tutdu. Həmin konfransın da Bakıda keçirilməsi mühüm hadisə idi. Çünki ermənilər bundan çox narazı idilər və ciddi təzyiq göstərirdilər. Yəni bu sahə üzrə fəaliyyət göstərən Mədəniyyət Nazirliyini və onların məhdud sayda əməkdaşını günahlandırmaq da düzgün olmazdı. Ona görə ki, bu abidələrin qorunmasında xalq olaraq da iştirak etməliyik. Mədəni tədbirlərin keçirlməsini təşkil etmək lazımdır. Abidələrin mühafizə işinin təşkili ilə bağlı yerlərdə icra nümayəndələri, məktəblər və kənd ağsaqalları ilə görüşlər keçirilməlidir. Belə olarsa, bizim işimizin də keyfiyyəti artar.

Müəllif: Mərahim Nəsib      13 Noyabr 2019 10:14
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin