Küçələrə pul səpirik, asfalt "bərəkətli" olsun deyə

Küçələrə pul səpirik, asfalt "bərəkətli" olsun deyə

Maraqlıdır, yenicə təmirdən çıxmış yolda, az sonra yenidən qazma-asfaltlama işləri başlayır, yaxud da 40 km-lik yolun 10 kilometri harasa “yoxa çıxır”

 

Yeni mövsümdə vətəndaşın gərgin iş tempi, tədris ilinin açılması yenə də yol mövzusunu gündəmə gətirir. Vaxtımızın çoxu yollarda keçir, hələ tıxaclar, tez-tez təmirə bağlanan yollar müşkülü olanda əsəblərimiz lap tarıma çəkilir.

 

Avtomagistralların, küçələrin təmiri dərdi nə vaxt bitəcək? Nə üçün yenicə təmirdən çıxmış yolda, az sonra yenə qazma-asfaltlama işləri başlayır?

 

Ən əvvəl qeyd edək ki, hazırda ölkədə yol təmiri, yol salınması ilə bağlı vəziyyət, həm də müvafiq qanun pozuntularını ortaya qoyur. “Avtomobil yolları haqqında” Qanunun bir çox maddələrinə, eləcə də yol işlərinin planlaşdırılması (maddı 22), avtomobil yollarının müayinəsi və diaqnostikası (maddə 37) işlərinə məhəl qoyulmur.

 

Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının AYNA-ya verdiyi şərhə görə, ölkəmizdə avtomobil yollarının vəziyyəti ürəkaçan deyil: “Yollarımız heç bir standarta cavab vermir, istismar müddəti bitməmiş təmirə bağlanır. Keçmiş Nəqliyyat Nazirliyinin vaxtında da vəziyyət belə idi, indi də belədir. Heç nə dəyişməyib. İllərdir, istismar müddəti bitməmiş dağılan yolların şahidi oluruq. Misal üçün, Bakı-Quba yolunun istismar müddəti 30 illik idi. Amma 3 il sonra dağılmağa başladı. Beləliklə, milyonlarla vəsait havaya sovruldu. Bu gün də problem davam edir”.

Yol tikintisi məsələsinə münasibət bildirən ekspertin sözlərə görə, yol təsərrüfatı ilə bağlı ciddi nöqsanlar var: “Mütəxəssis çatışmır, aidiyyəti orqanlarda qeyri-peşəkarlar çoxdur. Onların da çoxu özbaşına yol salır. İstədikləri yerdə nişanlama xətti çəkirlər, yol çəkilişi zamanı başqa qurumlarla vəziyyəti razılaşdırmırlar. Asfalt örtüyü çəkildikdən sonra başqa qurum gəlib yenidən qazıntı işləri aparır. Ölkə rəhbəri ötən ilin dekabrında avtomobil yollarının təhlükəsizliyi ilə bağlı 5 illik proqramı təsdiqləyib. Orada qeyd olunub ki, dövlət qurumları arasında təmir işləri zamanı əlaqələndirmə olmalıdr. Başqa sözlə, kimin nə işi varsa, görsün, sonra asfalt örtüyü çəkilsin. Amma nə fayda?!”

 

“Hazırkı vəziyyətə baxın: Bakı-Quba yolu dağıldı, Nobel prospekti, Hovsan yolu, Aeroport yolu dağılmaq üzrədir. Görünür, standartlar pozulub. Yol istismara qəbul edilərkən yol hərəkətinin təhlükəsizliyinə dair Nazirlər Kabineti yanında komissiya var, o komissiya baxıb təsdiqləməlidir. Burada da səriştəsizlik nəzərə çarpır. Necə olursa, bütün yollar bütün hallarda istismara verilir. İnsanlar həm mənəvi, həm maddi, dövlət isə təkrar maddi əziyyət çəkir. Eyni yola dövlət dəfələrlə pul ayırır. Xatırlayırsınız, Babək prospekti istismara verildikdən az sonra orada ciddi çökmələr oldu, hətta avromobillər yaranan çuxura düşmüşdü. Bu yaxınlarda həmin ərazidə təmir işləri aparıldı”, - Muradlı bildirib.

 

“Təəssüf ki, bu boyda neqativ halların nəticəsi olmur. Ən əsası isə ciddi tədbirlər görülmür, heç kəs məsuliyyətə cəlb olunmur. Yol təsərrüfatı işlərində də qohumbazlıq, yaxınlıq, doğmalıq əlaqələri rol oynayır. Əgər peşəkarların fikirləri dinlənilsə, itki olmaz. Kimlərsə kabinetdə şifahi qərar verir, buna uyğun iş aparılır. Məsələyə ciddi nəzarət olmalıdır. Xarici təcrübə mütləq öyrənilməlidir. Şikayətlər gəlir ki, misal üçün, 40 km-lik yol üçün vəsait ayrılır, amma işlər 30-35 km-də bitir. Mövcud vəziyyəti araşdırmaq üçün hüquq-mühafizə orqanları araşdırmalar aparmalıdır”, - deyə o, əlavə edib.

 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc AYNA-ya açıqlamasında deyib ki, hər şey yolun keyfiyyətinə nəzarət və tikinti şərtlərinin müəyyənləşdirilməsindən asılıdır: “Əvvəllər layihələr müvafiq icra qurumlara təqdim olunurdu və onlar əvvəlcə layihəni detallara uyğun təsdiqləyirdi, sonra da yol təhvil verilirdi. İndi bu qaydalar kağız üzərindədir, məmur özbaşnalığı davam edir. İndi avtomobil yollarının tez-tez bağlanmasında hər hansı planlama yoxdur, məqsədsiz görülən işlərin nəticəsidir ki, hələ də tıxaclar davam edir. Bizdə yol salındıqdan sonra tıxaclar, başqa məsələlər barədə düşünülür”.

V.Oruc yol tikintisinin kompleks yanaşma tələb etdiyini bildirib: “Ən vacibi yolun alt qatıdır, kosmetik yox, məhz alt örtüyü. Bu məsələdə ciddi tədbirlər görülməlidir. Bəzən kanalizasiya qurğuları işləmir, asfalt örtüyü də yağış suları hesabına korlanır. Kanalizasiya boruları əvəzlənərkən səhvlərə yol verilir. Yağış, kanalizasiya suları asfalt örtüyünü pis günə qoyur. Bir məsələni də vurğulamaq lazımdır ki, yollarda asfalt qarışığının nisbəti pozulur və qarışımda beynəlxalq normalara əməl olunmur deyə, bu da yolun dağılmasına səbəb olur. Əslində, asfaltın tərkibi analiz olunmalıdır”.

 

“Problemin həlli üçün müvafiq konsepsiya ortaya qoyulmalıdır, burada həm avtomobil, həm piyada, həm moto, həm də velosiped yolları dəqiqləşdirilməli, qaydalar, planlaşdırma olmalıdır. Sənədləşmə, layihə və nəticələrə prosesin əvvəlindən nəzarət mexanizmi olmalıdır. Bizim yol probleminin həllinin çarəsi yol layihələrinə vicdanlı mütəxəsislərin cəlb olunmasıdır”, - deyə ekspert vurğulayıb.

 

P.S. Ekspertlərin fikirlərini və vətəndaş yanğısını müvafiq quruma – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ünvanlamağa çalışdıq. Təəssüf ki, günlərlə cəhd etsək də, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli zənglərimizə cavab vermədi…

Müəllif: Raminə Eyvazqızı      27 Sentyabr 2019 13:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin