Əsas səhifə Haqqımızda Xəbər lenti

“Ermənilərin təxribatçı çağırışları Rusiyanı qayğılandırmalıdır” – DEPUTAT

“Ermənilərin təxribatçı çağırışları Rusiyanı qayğılandırmalıdır” –       DEPUTAT

Elşad Mirbəşiroğlu: “Hesab edirəm ki, ermənilərin partizan müharibəsi aparmaq, ərazini tərk etməmək və buna oxşar çağırışları münaqişənin başqa formatda davam etməsinə şərait yaratmayacaq”

 

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Bununla yanaşı, Rusiya sülhməramlıların nəzarəti altında olan bəzi əraziləri erməni hərbçilərinin, qanunsuz silahlı dəstələrin tərk etmədikləri bildirilir.

 

Bu cür qanunsuz yaraqlıların öz silahlarını gizlətməsi və gizli fəaliyyətə davam etməsi mümkündürmü? Çünki hələ döyüşlərdən və döyüşlərin getdiyi vaxtda, Ermənistan tərəfindən separatçı və muzdlu döyüşçülərin qeyri-qanuni silahlandırılması faktları dəfələrlə öz təsdiqini tapmışdı.

 

Mövzunu AYNA-ya dəyərləndirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu belə ehtimalları istisna etmir: “Xatırlatmaq istəyirəm ki, elə bu istiqamətdə Ağdamda Rusiya sülhməramlıları ilə erməni silahlıları arasında silahlı insident də yaşanmışdı. Ki, bu da bir daha nümayiş etdirmişdi ki, gələcəkdə də belə hallar olacaq. Həqiqətən də Ermənistan tərəfi müharibənin gedişində və ondan əvvəl Azərbaycana qarşı təxribatlar həyata keçirən zaman, rəsmi ordu sıralarında qeydiyyatda olmayan müxtəlif insanlardan istifadə edib. Təbii ki, bu da post-münaqişə dövründə nəzarətin idarə edilməsi imkanlarını məhdudlaşdırmış olur. Bunun da hansısa bir problem yaradacağı əvvəlcədən ehtimal edilirdi”.

Prezidentdən Elşad Mirbəşir oğlu ilə bağlı SƏRƏNCAM - Unikal.org

“Amma regionda sühməramlıların fəaliyyət göstərməsini də nəzərə almaq lazımdır. Hesab edirəm ki, belə vəziyyətin qarşısının alınması mexanizmləri də var. Çünki Rusiyanın sülhməramlı missiya təcrübəsi kifayət qədər genişdir və dünyanın müxtəlif coğrafiyalarında münaqişə vəziyyətlərində onlar ən müxtəlif situasiyalarla rastlaşıblar. Ermənilərin özləri də gah partizan müharibəsi aparacaqlarını, gah bir qisminin ərazini tərk etməyəcəyini, gah da buna oxşar çağırışlar etdiklərini deyirlər. Amma düşünürəm ki, bütün bunların hamsının qarşısının alınması imkanları mövcuddur”, - deputat bildirib.

 

Mirbəşiroğlu Rusiya ilə Türkiyə arasında atəşkəsə nəzarət üzrə yaradılmış monitorinq mərkəzinin funksiyasının da belə məqamlar üçün mühüm olduğunu deyib: “Bildiyiniz kimi, noyabrın 10-da imzalanmış birgə bəyanatda atəşkəsin şərtlərinə əməl edilməsinə nəzarət üzrə monitorinq mərkəzinin yaradılması nəzərdə tutulub. Noyabr ayının 11-də isə Türkiyənin müdafiə naziri Hulusi Akarla Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında birgə monitorinq mərkəzinin yaradılması ilə bağlı imzalanmış memorandum da hər şeydən əvvəl vəziyyətin tam effektiv nəzarət altında saxlanılmasına imkan verəcək”.

 

“Yəni, bu mərkəzin funksional məqsədi də məhz bundan ibarətdir. Burada konkret istiqamət ondan ibarətdir ki, razılaşmanın şərtlərinə əməl olunsun və razılaşmanın şərtlərinin yerinə yetirilməsinə mane olan bütün situasiyalar haqqında təsəvvürlər də artıq mövcuddur. Hesab edirəm ki, bu məsələ operativ qərarların qəbul olunması və faktiki fəaliyyət növlərinin tətbiq olunması üçün də imkanlar yaratmış olacaq. Bu baxımdan da Ermənistan tərəfindən təxribatlara cəhdlər olsa da, Rusiya və Türkiyənin regionda monitorinq mərkəzindəki birgə fəaliyyəti belə halların qarşısının alınmasına imkan verəcək”, - müsahibimiz vurğulayıb.

 

O, hesab edir ki, ermənilərin partizan müharibəsi aparmaq, ərazini tərk etməmək və buna oxşar çağırışları münaqişənin başqa formatda davam etməsinə şərait yaratmayacaq: “İndiki şərtlər daxilində bunu real hesab etmirəm. Çünki Ermənistan tərəfi də çox aydın şəkildə vəziyyətlərinin olduqca acınacaqlı olduğunu dərk edir. Bunu Rusiya Prezidenti Vladimir Putin də dəfələrlə vurğulayıb. Əslində isə razılaşmanın imzalanması, bir dövlət olaraq həm də Ermənistanın özünü xilas etdi. Çünki Putin də Ermənistanın razılaşmadan imtina etməsinin intihara bərabər olacağını vurğulamışdı”.

 

“Ona görə də ermənilər vəziyyətin onlar üçün gərginliyini dərk edirlər deyə, intihara bərabər ola biləcək addıma da imza atmayacaqlar. O ki, qaldı ayrı-ayrı qruplaşmaların təxribat xarakterli hərəkətlər törədə biləcəyinə, hesab edirəm ki, bu, artıq regionda sülhyaratma missiyasını birbaşa öz üzərinə götürmüş Rusiyanın qayğısıdır. Çünki Rusiya bu halların baş verməməsi üçün birbaşa məsul ölkədir. Düşünürəm ki, Ermənistan tərəfi də məntiqli davranaraq, Rusiyanın missiyasına xələl gətirəcək addımlardan çəkinəcək”, - E.Mirbəşiroğlu fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib      1 Dekabr 2020 10:28
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin