Dünya karantindən çıxır, biz əksinə - Fərqlərə diqqət!

Dünya karantindən çıxır, biz əksinə -           Fərqlərə diqqət!

“COVID-19 erası” başa çatır, həyat normal axarına düşür

 

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq, ölkəmizdə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadıldı. Beləliklə, artıq 5-ci aydır ki, ölkəmizdə karantin rejimi təttbiq olunur.

 

Maraqlıdır, digər ölkələrdə bu istiqamətdə vəziyyət necədir? AYNA məsələyə bəzi xarici ölkələrdə yaşayan soydaşlarımız vasitəsilə aydınlıq gətirməyə çalışıb.

 

Türkiyədə yaşayan həmvətənimiz Şəbnəm Karslının sözlərinə görə, qardaş ölkədə həyat normal axarına düşüb: “Maska ilə gəzməyimizə baxmayaraq, bizim üçün hər şey rahatdır. Türkiyədə artıq çölə çıxmaq qadağası yoxdur. Hökumətin qərarı ilə normallaşma dövrünə başlanıldı. Sadəcə bir çox böyük şəhərlərdə maskasız çölə çıxmaq qadağandır. Sosial məsafə ilə bağlı da hüquq mühafizə orqanları xəbərdarlıqlar edir. İş yerləri də normal fəaliyyətlərinə davam edir. Bayram ərəfəsində yenə qadağaların olub-olmayacağı haqqında son qərar yoxdur. Amma böyük ehtimalla, hər hansı bir qadağa gözlənilmir. Bir sözlə, burada artıq karantin bitib”.

Karslı əlavə edib ki, iyulun 19-da dörd fərqli şəhərdə mitinqlər təşkil edilib: “Mitinqlərdə son zamanlar Azərbaycan-Ermənistan sərhədində baş vermiş döyüşlərə görə Azərbaycana dəstək nümayiş olunub”.

 

Həmyerlimiz Nuranə Eminova Rusiyada yaşayır. Dediyinə görə, şimal qonşumuzda da karantin qaldırılıb: “Burada həyat öz axarı ilə davam edir. Xəsətlik də demək olar ki, yox dərəcəsindədir. Çünki burada hər kəs oyulan qaydalara əməl edir. Sevindirici haldır ki, Rusiyada restoranlar, kafelər hər zaman olduğu kimi fəaliyyət göstərir. Hətta, toylar belə, keçirilir. Karantin rejimi tamamilə aradan qaldırılıb”.

ABŞ-da yaşayan Ehtiram Əsgərli deyib ki, onun yaşadığı Corciya ştatı, Atlanta şəhərində əvvəldən də sərt karantin rejimi tətbiq edilməmişdi: “Burada karantin rejimi Azərbaycanla müqayisədə demək olar ki, tətbiq edilmədi. Vətəndaşların heç bir hüquqları məhdudlaşdırılmadı. Əvvəldən məktəblər bağlandı, bəzi yerlərdə məktəblər hələ də bağlıdır, açılması düşünülmür. Restoranların fəaliyyəti cəmi iki həftəlik dayandırıldı, sonra bütün müəssisələr, eləcə də restoranlar açıldı. İstəyənlər baş çəkirdi, istəməyənlər yox. Bütün sahələrdə vəziyyət eyni idi. Xidmət sahəsində müəyyən məhdudiyyətlər oldu, amma yenə də hər şeydə sərbəstlik var idi. Hər şey insanların ixtiyarına buraxılır. Dövlət müəssisələri əvvəldən də onlayn fəaliyyət göstərirdi, elə indi də eyni qaydada fəaliyyət göstərir. Burada insanlar heç bir panika yaşamadılar. Həyat öz axarı ilə gedirdi”.

 

Dövlətin bu dönəmdə hansı addımlar atmasından danışan soydaşımızın sözlərinə görə, dövlət ilk növbədə biznesə dəstək oldu: “Bütün əhaliyə yardım edildi. Bizə “green card” tam olaraq verilməyib, amma bizlərə də 3900 dollara yaxın yardım edildi. Həyat yoldaşım yarım gün işləyirdi, normalda 1800 dollar məvacib alırdı. Amma o, işdən ayrıldı, ona 2400 dollar məvacib verdilər. Tibb sahəsində isə sığorta sisemi ilə çalışırlar, əvvəl hansı qaydada işləyirdilərsə, indi də elə işləyirlər. Ölənlər də oldu, amma heç kim gərginlik yaşamadı”.

İsveçdə yaşayan həmyerlimiz Vahid Qazinin dediyinə əsasən, bu ölkədə heç əvvəldən də karantin rejimi tətbiq olunmayıb: “Yoluxma və ölüm sayı isə qonşulardan qat-qat çoxdur. Amma İsveç modeli deyilən bir hekayə yaratdılar. Məncə, bu uğurlu bir addım oldu”.

 

İdrak Abbasovun yaşadığı Norveçdə isə karantin rejimi martın 13-dən mayın ortalarına qədər davam edib: “Sonra müəyyən karantin qaydalarına riayət etməklə, karantin rejimi aradan qaldırıldı. İyun ayından yalnız Danimarka ilə, iyul ayının 15-dən isə bütün Avropa ilə demək olar ki, sərhədlər açıldı. Amma İsveç, Albaniya və bir sıra başqa ölkələrlə sərhədlər hələ də bağlı qalmaqdadır. Ola bilər ki, İspaniya ilə yenidən sərhədlər bağlansın, çünki orada son günlər yoluxma sayı yenə artıb və İspaniyada yay tətilində olanlar geri dönəndən sonra iki həftə karantində saxlanılmalı olacaqlar”.

“Karantin zamanı Norveçdə mağazalar işləyirdi, amma restoranlar bağlı idi, indi artıq hər yer açıqdır, əyləncə və istirahət mərkəzləri də açılıb. Amma bütün bunlara baxmayaraq, yenə ciddi karantin qaydalarına riayət olunur. Əllər spirtlə, antiseptik məhlullarla tez-tez təmizlənir, bir metrlik ara məsafə saxlanılır. Xüsusi olaraq vurğulayım ki, Norveçdə “maska şousu” olmadı və bu gün də yoxdur. Norveç epidemioloqları ən ciddi vasitə kimi ara məsafə saxlamağı, əlləri tez-tez ilıq su və sabunla yumağı, spirtlə yaxalamağı tətbiq etdirdilər. Yoluxanların sayına gəldikdə isə, sutkaya 3-5 nəfər düşür. Ümumilikdə indiyədək 9023 yoluxma, 255 ölüm faktı qeydə alınıb, 397109 nəfər test edilib. Testlər də dövlət hesabına edilir”, - Abbasov qeyd edib.

 

İspaniyada yaşayan Fərid Mustafayev də ispanların normal yaşamının bərpa edildiyini bildirib: “Sözün açığı, bir az bu oyundan bezmişik. İspaniyada indi də küçəyə çıxarkən maskadan istifadəni macburi ediblər. İspaniyada demək olar ki, karantin rejimi yoxdur. Karantin rejiminin tətbiq olunması regionlardan aslıdır. Məsələn, Kataloniyada yenidən karantin rejimi elan ediləcəyi mümkündür. Maskadan istifadənin məcburi olma səbəbi milyonlarla maskanın əllərində qalmasıdır”.

 

Həmvətənimiz Lalə Musaqızı yaşadığı Kanadada karantin rejiminin yumşaq formada davam etdiyini söyləyib: “İyulun 7-dən qapalı yerlərdə maska taxmaq məcburi oldu. Amma koronavirus başlayandan bu günə qədər heç vaxt çölə çıxmaq qadağası qoyulmayıb. Burada artıq restoranlar da, Mall-lar da açılıb, çöldə fəaliyyət göstərən hovuzlar, binaların altındakı hovuzlar, uşaq oyun yerləri (parklardakı) də fəaliyyət göstərir”.

Müəllif: Ülviyyə Şahin      20 İyul 2020 20:40
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin