“Qarabağ münaqişəsinin həlli Minsk Qrupunun marağında deyil”

“Qarabağ münaqişəsinin həlli Minsk Qrupunun marağında deyil”

Rusiyalı politoloq: “Münaqişənin sülh yolu ilə həll edilməsi perspektivini görmürəm”

 

ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan ilə Ermənistan arasındakı son danışıqların nəticələri həmsədrlərin qeyri-müəyyən açıqlamaları ilə yadda qaldı. Bu açıqlamaların mahiyyəti Azərbaycanın münaqişəni hərbi yolla həll etmək hüququndan praktik olaraq məhrum edilməsi deməkdir.

 

AYNA-nın mövzuya dair suallarını rusiyalı politoloq Oleq Kuznetsov cavablandırıb:

 

- Bu yaxınlarda ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında videokonfrans keçirildi. Bu görüşün nəticələrini necə xarakterizə edirsiniz?

 

- Mən dəfələrlə demişəm ki, Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqları Soçidən yeni səviyyəyə çıxarmağı bacaran keçmiş Rusiya Prezidenti Dmitri Medvedyevin dövründən sonra, Dağlıq Qarabağla bağlı iki ölkənin Xarici İşlər nazirləri arasındakı təmaslar sırf texniki xarakter daşıyır və münaqişənin hərbi-siyasi məzmununa təsir göstərmir. Bu cür təmasların nə vaxt baş verməsinin və bunun hansı formatda keçirilməsinin əhəmiyyəti yoxdur - videokonfrans və ya üz-üzə görüş, onların əsas məqsədi iki ölkə rəhbərliyinin müəyyən bir məsələyə  mövqeyini düşmənə yox, ATƏT-in Minsk Qrupunun beynəlxalq vasitəçilərinə çatdırmaqdır. Buna görə şəxsən mən bu videokonfransdan heç bir real nəticə gözləmirdim.

 

2012-ci ildən bəri deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi yalnız ərazi mübahisəsi yox, sivilizasiyaların və bir-birinə tam əks olan sosial mentallığın toqquşmasıdır. Buna görə də münaqişə konsensual razılaşma, yəni sülh danışıqları yolu ilə həll edilə bilməz. Tərəflərdən biri mövqeyindən bir addım belə, geri çəkilərsə, bu, milli xəyanətə bərabər olacaq. Şəxsən mən Qarabağ ətrafındakı münaqişənin sülh yolu ilə həll edilməsi perspektivini görmürəm, amma danışıqlar davam edir və bu, onların iştirakçılarının - tərəflərin və vasitəçilərin özləri üçün hansısa bir səbəb görmələri deməkdir.

 

Özünüz də başa düşürsünüz ki, mənim bu mövzuda tam bilgilərim yoxdur. Azərbaycanda yalnız iki şəxs - Prezident və Xarici İşlər naziri üçün Qarabağ danışıqlarının ən xırda detalları əlçatandır. Ona görə də rəsmi Bakı üçün yuxarıda sözügedən tipli görüşlər keçirməsinin əhəmiyyətini dəqiq bilmirəm. Lakin Dağlıq Qarabağ münaqişəsinin həllində simpatiyalarım tamamilə xalqınızın və dövlətinizin tərəfində olduğundan, əminəm ki, ölkənizin siyasi və hərbi rəhbərliyi ATƏT-in Minsk Qrupu formatındakı diplomatik təmaslardan hansısa faydalar əldə edir. Məsələn, danışıqlar prosesindən çıxmayan Azərbaycan ATƏT-in Minsk Qrupu vasitəçilərinin tam olaraq Ermənistanın tərəfində çıxış etmələrinə imkan vemir.

Олег Кузнецов о связях немецких фашистов и армянских националистов ...

- Görüşdən sonra ATƏT-in Minsk Qrupu bəyanat verdi ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalı və qoşunların təmas xəttində monitorinqlər bərpa edilməlidir. Belə bir açıqlamanı nazirlər arasındakı dialoqun gərgin şəraitdə keçdiyinin nəticəsi kimi qəbul etmək olar?

 

- Qarabağda cəbhə bölgəsindəki vəziyyətə beynəlxalq nəzarətin – mütəmadi monitorinqlərin dayandırıldığını gözdən qaçırmışam. Ötən il Azərbaycan və Ermənistan mətbuatı müntəzəm olaraq - hər iki ayda bir dəfə ATƏT-in növbəti monitorinq missiyası barədə xəbərlər verirdi. Bu il isə belə mesajları görmürəm. Göründüyü kimi, belə situasiyanın əsas səbəbkarı koronavirus pandemiyasıdır. Məhz ona görə ATƏT bu il Qarabağa səfər edən işçilərinin sağlamlığına və həyatlarına təhlükə yaratmamaq qərarına gəlib. Lakin, hamımız ATƏT-in Qarabağdakı müşahidə missiyasının mövcud təcrübəsindən yaxşı məlumatlıyıq. Bilirik ki, belə monitorinqlər heç bir əməli nəticə vermir, ona görə də onların bərpa olunub-olunmamasının xüsusi əhəmiyyəti yoxdur. Bu addım yalnız ATƏT-in Minsk Qrupunun özü üçün vacibdir ki, bu yolla həmin beynəlxalq təşkilat özünün fəaliyyətini və əhəmiyyətini nümayiş etdirir. Bu isə yeni büdcə ili üçün ATƏT-dən maliyyə alınması, onların məmurları üçün problemsiz qazanc yerinin qorunması deməkdir.

 

ATƏT-in Minsk Qrupunun rəsmilərinin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin videokonfransından sonra verdiyi açıqlamaya gəldikdə, burada prinsipial yeni heç bir şey yoxdur. Bütün deyilənlər bu və ya digər şəkildə dəfələrlə səsləndirilib. ATƏT-in Minsk Qrupu Qarabağdakı status-kvonu qorumaq istəyir, çünki yalnız bu şəkildə onların mövcudluğuna ehtiyac duyulur və təsisçisindən pul ala bilir. Əslində, Minsk Qrupu münaqişənin beynəlxalq hüquqa uyğun olaraq ədalətli həllində maraqlı deyil. Münaqişə həll edilən kimi onların mövcudluğuna ehtiyac qalmaycaq və qurumun vəzifəli şəxsləri yüksək gəlirli işlərini avtomatik olaraq itirəcəklər. Ona görə də mən ATƏT-in Minsk Qrupunun hər hansı bəyanatlarına yalnız bu mövqedən yanaşıram və ona görə də ciddi əhəmiyyət vermirəm.

 

- Son tendensiyaları və Ermənistan tərəfinin əsaslı danışıqlardan aralandığını nəzərə alsaq, müharibə məsələsi pandemiya dövründə belə, daha real görünür. Bu səbəbdən ATƏT-in Minsk Qrupunun hazırkı vəziyyətdən narahat olduğunu iddia etmək olarmı?

 

- Mən ATƏT-in Minsk Qrupu ilə bağlı mövqeyimi əvvəlcədən bildirmişəm. Bu məsələ kontekstində onu deyim ki, müharibə ehtimalı bu qurumu yalnız məmurlarının gələcəyinin bu faktordan asılılığı baxımından narahat edir. Azərbaycan işğal altındakı torpaqları azad edən kimi bu qurum dağılacaq. Beləliklə, onun rəhbərliyi müharibənin qarşısını almaqdan yox, statusunu qorumaqdan narahatdır, çünki Ermənistan-Azərbaycan cəbhəsindəki hərbi əməliyyatların nəticəsi hər kəsə bəllidir.

 

Düşündüyünüz kimi, davamlı olaraq "predmetli danışıqlar"dan uzaqlaşan Ermənistan tərəfi, əslində ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsini dondurmaqla əbədi mövcud olmaq arzusunu həyata keçirir. İndiki şəraitdə bu beynəlxalq qurum heç də vasitəçi deyil, qlobal vəzifələri ilə səlahiyyətlərinin mahiyyətindən uzaq olsa belə, münaqişə tərəflərindən birinin nümayəndəsidir. Ölkənizin gec-tez başlayacağı Qarabağın azad edilməsi uğrunda müharibə təhdidi, əvvəllər söylədiyim səbəblərə görə, Minsk Qrupunun bürokratlarını çox qorxudur. Qarabağ üçün mübarizə aparan ölkələrin Xarici İşlər nazirləri arasında keçirilən videokonfransın nəticələrinə əsasən verilən bəyanatın məzmununu diktə edən məhz bu narahatlıqdır.

Müəllif: Nicat Hacıyev      4 İyul 2020 17:32
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin