Nazirliklərdə maliyyə pozuntuları: "Vəsaitləri xımır-xımır yeyirlər" - HESABAT

İqtisadiyyat

20.04.2022 - 15:35

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə olunub

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda Hesablama Palatasının 2021-ci ildə görülən işlər haqqında hesabatı müzakirə olunub. 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmilərinin də iştirak etdiyi toplantıda hesabat təqdim edilib. Qeyd edilib ki, Hesablama Palatası 2021-ci ildə Təhsil Nazirliyində həyata keçirdiyi yoxlamalar zamanı maliyyə pozuntuları aşkarlayıb.

Təhsil Nazirliyində maliyyə pozuntuları aşkarlanıb

Sənədə əsasən, Təhsil Nazirliyində dövlət ehtiyaclarının həcminin tam qiymətləndirilməməsi, mövcud imkanların nəzərə alınmaması və malların xüsusiyyətlərinin dəqiq müəyyənləşdirilməməsi alınmış malların bəzi hallarda istifadəsiz saxlanılmasına səbəb olmaqla səmərəsiz və artıq xərclərə gətirib çıxarıb. Rəsmi məlumata görə, dövlət satınalmalarının keçirilməsi zamanı podratçılarla bağlı müəyyən edilən tələblər bəzi hallarda rəqabətliliyin təmin edilməsinə təsir göstərib, dövlət ehtiyaclarının ödənilməsi üçün müvafiq podratçının düzgün müəyyənləşdirilməməsi və satınalma müqavilələrinin icrasına nəzarət tam təmin olunmayıb. Malların (işlərin və xidmətlərin) satınalınması zamanı tələbatın tam olaraq araşdırılmaması, eyni zamanda müqavilə şərtlərinə, o cümlədən icra müddətlərinə riayət edilməməsi son nəticədə müqavalilələrin büdcə ili ərzində tam icra olunmaması və vəsaitlərin qabaqcadan ödəniş edilməklə və ya akkreditiv hesablara köçürməklə istifadəsiz saxlanılmasına səbəb olub.

MSK-da “dövlət qulluqçusu” adı altında qanunsuzluq

Mərkəzi Seçki Komissiyası 50 nəfər işçini birbaşa təyin etməklə "Dövlət qulluqçusu" adı ilə işə götürüb. Bu da, Hesablama Palatasının 2021-ci illə bağlı hesabatında qeyd edilib. Hesabata əsasən, Kənar Dövlət Maliyyə Nəzarəti (KDMN) tədbiri nəticəsində müəyyən edilib ki, dövlət qulluğuna qəbul üzrə imtahanından və müsahibədən ibarət olmaqla müsabiqə əsasında və "Dövlət qulluğu haqqında" qanunun tələblərinə uyğun həyata keçirilməli olduğu halda, 50 nəfər işçi dövlət qulluğunun inzibati vəzifələrinə birbaşa təyin edilməklə dövlət qulluqçusu kimi işə qəbul olunub və onlara əməkhaqqı ilə yanaşı dövlət qulluqçuları üçün nəzərdə tutulmuş əlavələr ödənilib.

Qeyd olunan hal və dövlət qulluğuna qəbul qaydalarının pozulmasının dövlətin kadr potensialına mənfi təsir riski nəzərə alınaraq, göstərilən qaydada işə qəbul edilmiş şəxslərin hüquqi statusunun "Dövlət qulluğu haqqında" qanuna uyğunluğu ilə bağlı yaranmış məsələnin qiymətləndirilməsi üçün Milli Məclisə, Dövlət Qulluğunu İdarəetmə Şurasına və Dövlət İmtahan Mərkəzinə təkliflər göndərilib.

BNA-da nöqsanlar - tağşırığın tam şəkildə icra olunmadığı müəyyənləşib

Hesablama Palatası Bakı Nəqliyyat Agentliyində (BNA) yoxlamaların da nəticələrini hesabatda qeyd edib. Palatanın 2021-ci ilə dair hesabatına əsasən, "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi" MMC-nin Bakı Nəqliyyat Agentliyinin tərkibinə verilməsi haqqında tağşırığın tam şəkildə icra olunmadığı müəyyənləşib.  Hesabatda dövlət büdcəsinin investisiya xərcləri hesabına BNA tərəfindən ümumilikdə 165 836,9 min manata 415 ədəd sərnişin avtobusunun alınması əməliyyatlarının başa çatması və həmin avtobuslardan ilkin dəyəri 159 211,1 min manat olan 394 ədədin qanunvericiliyə uyğun razılaşadırılmaqla əvəzsiz olaraq "BakuBus" MMC-nin istifadəsinə verilməsi üçün tələblər tam həyata keçirilmədiyi bildirilib. 

Turizm Agentliyində yoxlama - Cinayət işi başlanıb

Dövlət büdcəsindən Turizm Agentliyinə ayrılmış vəsaitlərinin icrası haqqında Hesablama Palatasının yoxlamalarının nəticəsində isə qeyd edilib ki, 2017-2018-ci illərdə malların (işlərin və xidmətlərin) satın alınması məqsədi ilə bağlanmış müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməməsi barədə, həmçinin “Azərbaycan Konqreslər Bürosu” MMC-nin fəaliyyətinə dair məlumatlarla bağlı aparılmış araşdırma nəticəsində cinayət işi başlanılıb. İstintaqın gedişində 862 min manat vurulmuş ziyan ödənilməsi təmin olunub.

Palata sədri: "Pozuntularla bağlı 8 tövsiyə hazırlanıb"

"2021-ci ildə dövlət qurumlarında aşkarlanan pozuntularla bağlı 8 tövsiyə hazırlanıb, Milli Məclisə və Nazirlər Kabinetinə təqdim olunub". Bu sözləri Hesablama Palatasının sədri V.Gülməmmədov deyib: "2021-ci il üzrə strateji planın qiymətləndirilməsi hələ də təkmilləşməli olan sahələr olduğunu göstərir. Bəzi hallarda verilən tövsiyələr və fiskal göstəricilərin yerinə yetirilməsi aşağı səviyyədə həyata keçirilir. Dövlət vəsaitlərinin nəticələrinin qiymətləndirilməsində maneələr var. Bəzi obyektlərdə daxili nəzarətin təşkili üzrə hüquqi aktlar yoxdur. Ümumilikdə uyğunluq auditi nəticəsində 34,2 milyon manatın bərpası ilə bağlı tədbirlər müəyyən edilib".

Deputat: "Siz desəniz də, deməsəniz də, biz burada problemləri görürük"

Deputat Vahid Əhmədov müzakirə zamanı fikirlərini səsləndirərkən “Dəqiq deyə bilmərəm ki, Hesablama Palatası tam müstəqil fəaliyyət göstərir. Ancaq müəyyən məsələlərdə şəffaflıq var”, - deyə bildirib. Millət vəkili qeyd edib ki, Hesablama Palatası nəzarət orqanıdır: “Palata 44 audit yoxlaması aparıb. Eyni məsələləri Hesablama Palatası mənfi hal kimi göstərir. Siz desəniz də, deməsəniz də, biz burada problemləri görürük. Pozuntular davam edir, özü də daha pis formada. Biz may ayında dövlət büdcəsinin icrasına baxacağıq”.

“Hesab edirəm ki, Palata dövlət büdcəsinin icrası ilə bağlı məsələlərə ildə üç-dörd dəfə baxmalıdır. Bununla bağlı biz “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edə bilərik. May ayında Milli Məclis büdcənin icrasına baxanda Hesablama Palatası pozuntularla bağlı heç nə edə bilməyəcək. Çünki bu vəsaitlər artıq xərclənib”, - deyə deputat çıxışında vurğulayıb.

Deputat həmkarlarını qınadı: “Bəzi həmkarlar reallıqları unudurlar" 

Deputat Qüdrət Həsənquliyev isə qeyd edib ki, Milli Məclisin hazırladığı dəyişikliklər daha çox tənzimləyici xarakter daşıyır: "Hər orqanın özünün səlahiyyətləri var və öz səlahiyyətləri çərçivəsində hər kəs ümumi işə töhfə verməyə çalışmalıdır”.

"Dövlətin götürdüyü kreditlər yalnız Milli Məclisin razılığı il olmalıdır. Çünki dövlət büdcəsindən ayrılmalar Milli Məclisdə bölünür”, - deputat bildirib.

Q.Həsənquliyev onu da bildirib ki, Hesablama Palatasının dövlət büdcəsinə, DSMF-nin büdcəsinə verdiyi rəylər çox cəsarətli idi: “Bəzi həmkarlar reallıqları unudurlar və Hesablama Palatasından daha cəsarətli addımlar, rəylər gözləyirlər. Amma nəzərə almırlar ki, biz əlimizdə olanı da itirə bilərik. Mövcud reallıqlar çərçivəsində Hesablama Palatası əlindən gələni edir”.

Milli Məclisdə Büdcədən oğurlayan məmurlar barədə hesabat istənildi

“Son bir neçə ildə Hesablama Palatasının peşəkarlığının artmaqda olduğu göz önündədir.Dəyişikliklər artıq özünü göstərir. Biz büdcədən oğurlayan məmurların aqibəti barəsində məlumat istədiyimizi daha əvvəllər demişdik. Büdcəyə hesabat ilində 34 milyona yaxın vəsait bərpa olunub. Amma yenə də bəzi məmurlar büdcədən vəsaitləri xımır-xımır yeyirlər. Biz buna görə ictimai nəzarəti də artırmalıyıq. Bununla bağlı dinləmələr də keçirə bilərik". 

Bu sözləri isə müzakirə zamanı deputat Rüfət Quliyev deyib. Millət vəkili qeyd edib ki, Hesablama Palatasının hesabatında hüquq-mühafizə orqanlarına verilən məlumatların aqibəti ilə bağlı məlumat da əksini tapsa, yaxşı olar.

R. Quliyev Azərbaycanda insanların 90 faizinin İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətindən narazı olduğunu vurğulayıb: “Yüzlərlə adam bu şikayətlərlə bizə müraciət edir. Biz də İTSDA-ya müraciət edirik və minlərlə məsələ bu gün hələ də həllini tapmayıb”.

Müzakirələrdən sonra “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabat Milli Məclisin plenar iclaslna tövsiyə edilib.

Müəllif: Anar Bayramoğlu