“Petkim”ə yatırılan əlavə investisiyalar 1 milyard dollara çatıb
"SOCAR Türkiyə” İzmirin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin təməlini qoymaq niyyətindədir.
AYNA xəbər verir ki, bu barədə bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında “Petkim PetroKimya Holding A.Ş.”nin icraçı direktoru Anar Məmmədov məlumat verib.
A.Məmmədov vurğulayıb ki, bu investisiya da digər layihələr kimi strateji əhəmiyyət daşıyacaq: “Obyektin fəaliyyətə başlaması ilə Türkiyənin saf tereftal turşusu (PTA) idxalına, tamamilə son qoyulacaq. Bu gün Türkiyədə həmin məhsul yalnız “Petkim”in tərkibindəki PTA fabrikində istehsal olunur. Lakin fabrik təkbaşına Türkiyənin ehtiyacının ancaq bir qismini ödəyə bilir. Yeni investisiya layihəsi, eyni zamanda hazırda 800 min ton həcmində idxal olunan paraksilen (PX) məhsullarının da Türkiyədə istehsalına imkan verəcək. 1,8 milyard dollar sərmayə qoyulması ehtimal edilən layihə üzrə sahə işlərinin 2020-ci ildə başlayacağı planlaşdırılır. BP və “SOCAR Türkiyə” tərəfindən həyata keçiriləcək layihənin yekun investisiya qərarının 2020-ci ildə verilməsi, 2023-cü ildə isə obyektin istismara başlaması nəzərdə tutulur”.
Direktor onu da bildirib ki, 2008-ci ildən bəri SOCAR hər il “Petkim”ə, təxminən 100 milyon dollar sərmayə yatırıb və onun əlavə investisiyalarının ümumi həcmi 1 milyard dollara çatıb.
A.Məmmədov qeyd edib ki, Türkiyənin neft-kimya sektoru çox böyük imkanlara malik və hər il 6-7 faiz böyüyən “Petkim” bu gün Türkiyənin neft-kimya məhsullarına olan tələbatının 20 faizini təmin edə bilir. Genişlənmə potensialı çox yüksək olan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur.
““Petkim”in 15 əsas və 6 köməkçi obyektində istehsal olunan 60 növ müxtəlif məhsul kiçik və orta müəssisələr də daxil olmaqla 6000 istehsalçı tərəfindən istifadə olunur. Məhsullarına yüksək tələbat olan bu şirkət 2018-ci ili 872 milyon türk lirəsi həcmində mənfəətlə başa vurub. Bu ilin ilk 6 ayında isə fəaliyyət göstərdiyi bütün dövrlərin ən böyük məhsuldarlığını nümayiş etdirib və istehsal rekorduna imza atıb. Belə ki, cari ilin birinci yarısında “Petkim” 5,9 milyard lirə gəlir, 439 milyon lirə xalis mənfəət əldə edib. Altı ayda “Petkim”in faiz, amortizasiya və vergidən əvvəlki mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz artaraq 890 milyon lirəyə çatıb”, - A.Məmmədov vurğulayıb.