Paşinyan - “Qarabağ klanı” qarşıdurması: döyüş qarşıdadır

Siyasət

17.04.2025 - 10:17

Həkimlər Klinikalar SEO Xidməti

Əli Mustafa: “Hakimiyyətini itirmək istəməyən Paşinyan artıq təbliğatdan əmələ keçəcək – zorakılığa əl atacaq”

“Ermənistanda “Qarabağ hərəkatı” davam etməyəcək”. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Baş nazir aprelin 16-da jurnalistlərlə söhbətində müxalifətin və Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyanın Qarabağ səhifəsinin bağlanmaması və bu məsələnin siyasi gündəmə qaytarılması ilə bağlı bəyanatları barədə sualları cavablandırarkən belə mövqe açıqlayıb:  “Mən bu bəyanatlara hələ onlar verilməmişdən əvvəl cavab verdim və dedim ki, Ermənistanda “Qarabağ hərəkatı” davam etməyəcək”.

Paşinyan Sarkisyanın hakimiyyəti ələ keçirməsi ilə bağlı açıqlamasına da münasibət bildirib: “Qoy Sərkisyan baxsın, o zaman nə deyib”.

Qeyd edək ki, Qarabağdan könüllü getmiş bir qrup erməni “Qarabağ hərəkatı” adı altında aksiyalara başlayıblar. Əksəriyyəti erməni revanşistlərindən ibarət olan etirazçılar hökumətin Qarabağla bağlı siyasətindən narazılıq edir və etirazların davamına qərar verildiyini bildirirlər. Növbəti dəfə geniş mitinq keçirəcəyini deyən “Qarabağ hərəkatı” bu mitinqin aprelin 23-ə, qondarma “soyqırımı” gününə təyin edildiyini qeyd edirlər.

Ermənistandakı proseslərlə bağlı AYNA.AZ-ın suallarını cavablandıran siyasi icmalçı Əli Mustafa deyib ki, Paşinyan fərqindədir ki, “Qarabağ klanı” və yeni yaradılmış “Qarabağ hərəkatı” onun hakimiyyəti üçün alternativlərdən biridir:

- Həm də onlar Paşinyan hakimiyyəti üçün ciddi təhlükə mənbəyidir. Bu təşkilatın başında dayananlar Qarabağdan olan ermənilərdir və vaxtilə Qarabağda separatizmi alovlandıran, münaqişəni qızışdıran və sonradan Ermənistanda hakimiyyətə gəlmiş şəxslərdir. Söhbət sabiq prezidentlər – Robert Köçəryan, Serj Sarkisyandan, onların komandasında olmuş digər şəxslərdən, Xocalı cəlladlarından, müharibə canilərindən gedir. Paşinyan anlayır ki, “Qarabağ hərəkatı” güclənəcəksə, yenidən qarışıqlıq yaratmağa çalışacaqsa və bu qüvvələrə Rusiya tərəfindən dəstək göstəriləcəksə, onun hakimiyyəti üçün təhlükə yaranacaq. Nəzərə almaq lazımdır ki, gələn il Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Bu seçkilərədək müxalif qüvvələrin güclənməsinin qarşısını almaq zərurəti yaranıb. Düzdür, Paşinyan hazırda Ermənistan cəmiyyətində favoritdir. Dəstəyi yetərincə olmasa da, digər qüvvələrə nisbətən öndədir. Paşinyan bu nüfuzundan istifadə edərək müxalif qüvvələrin üzərinə gedəcək. Çalışacaq ki, “Qarabağ hərəkatı”nı beşikdəcə boğsun.

- Paşinyan buna nail ola biləcəkmi?

- Hesab edirəm ki, əvvəlcə Paşinyan siyasi kampaniya ilə həmin qüvvələrlə mübarizə aparacaq. O öz çıxışlarında 44 günlük müharibədəki məğlubiyyətin səbəbkarı kimi məhz həmin qüvvələri, “Qarabağ klanı”nı göstərir, onları günahlandırır. Bununla bir növ, erməni cəmiyyətinə mesaj verir ki, “Qarabağ hərəkatı” adlı qurumda olanlar faciələrin səbəbkarlarıdırlar və hakimiyyətə gəlsələr, yenə də özləri ilə faciələr gətirəcəklər. Əslində Paşinyan bu fikirlərində hardasa haqlıdır. Çünki “Qarabağ klanı” adlandırılan bu qüvvələr hələ də revanşist bəyanatlar verirlər, yenidən Qarabağı işğal etmək planlarından danışırlar. Məlumdur ki, yenidən işğala cəhd Ermənistanın tamamilə məhvi ilə nəticələnəcək. Azərbaycan tərəfindən ən yüksək səviyyədə bəyan edilib ki, növbəti işğala cəhd Ermənistan üçün çox acı nəticələr verəcək. Artıq ötən əsrin sonları deyil, artıq Azərbaycan ötən əsrin sonlarındakı Azərbaycan da deyil. Paşinyanın bu istiqamətdə təbliğatı “Qarabağ hərəkatı”nın uğursuzluğa düçar ola biləcəyi ehtimalını artırır. Erməni cəmiyyəti də növbəti müharibənin Ermənistan üçün fəlakət vəd etdiyini anlayır.

- Erməni cəmiyyəti əksini düşünə, revanşa dəstək verə bilərmi?

- Əlbəttə, hər şey mümkündür. Çünki biz ermənilərin yüz illərdir ki, “Böyük Ermənistan” adlı axmaq bir ideyası var və bu ideyanın daşıyıcıları kifayət qədərdir. Həmin kəsim revanşist “Qarabağ hərəkatı”na dəstəyini ifadə edə bilərlər. Amma bu, cəmiyyətin böyük kəsiminə aid deyil. Təxminən Ermənistan əhalisinin 20 faizə qədəri revanşa dəstək verə bilər. Əslində bu, Paşinyan hökuməti üçün ciddi siqnaldır. Söhbət həmin qüvvələr hakimiyyətə gələrsə, həqiqətən də revanşa başlayacaqlarından getmir, sadəcə bu ideologiya ilə hakimiyyətə gələ bilmələri ehtimalından gedir. Bu halda yəqin ki, hakimiyyətini itirmək istəməyən Paşinyan artıq təbliğatdan əmələ keçəcək – zorakılığa əl atacaq.  Əslində erməni müxalifəti güclü deyil və Paşinyanın rəhbəri olduğu “Vətəndaş Müqaviləsi” Partiyasından nüfuz baxımından aşağıdır. Amma Paşinyana da etibar və güvən çox deyil. Ona görə də, Paşinyan seçkilərdə lazım olan səsi toplamaya bilər. Bütün hallarda, Ermənistanı qarşıda gərgin siyasi vəziyyət gözləyir. Bunu hiss edən Paşinyan komandası müxalifətin üzərinə gedir: hələlik anti-təbliğatla. Əgər anti-təbliğat nəticə verməsə və müxalif qüvvələr meydanlarda kifayət qədər tərəfdar toplasalar, o zaman zorakılığa əl atılacağı istisna edilməməlidir.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş