Milli maraqları lağ obyektinə çevirmək: Siz nə etdiyinizin fərqindəsiniz?

Aktual

16.08.2020 - 16:09

Dövlət (Milli) maraqlar xalqların varolma məsələsinin təməlidir, bunu gülüş obyektinə çevirmək ziyanlı və mənasızdır

 

Müstəqillikdən üzü bəri YAP hökuməti bir çox qavramları dəyərdən salıb, devalvasiyaya uğradıb, onlardan biri də Dövlət (Milli) maraqları terminidir. Son 27 ildə qanunsuzluqları, insan haqlarının pozulmasını, büdcə oğurluğunu idarəetmə fəsləfəsinə çevirərək dar siyasi “elita” maraqlarını Dövlət (Milli) marağı kimi cəmiyyətə satmağa, sırımağa çalışıblar. Nəticə olaraq bu çox vacib, təməl məsələni vətəndaş cəmiyyətinin, müxalifətin bəzi üzvləri gülüş, lağ obyektinə çeviriblər.

 

Hökuməti anladım, onlardan pozitiv gözləntimiz yoxdur. Yaxşı, bəs ağıllı, savadlı adamların bu məsələni lağ obyektinə çevirməsinə nə ad verək?! Zatən hökumət 27 ildir qavramları və qafaları qarışdırır – vətəndaş cəmiyyəti və müxalifətin görəvi buna qarşı çıxmaq, cəmiyyətə doğru mesajlar vermək, qavramları və tezisləri aydınlatmaqdır. Ona görə də, mən, şəxsən “ziyalı” sözündənsə, “aydın” sözünə üstünlük verirəm. Ağıllı, bilikli insan aydın olmalı, qaranlıqlara işıq saçıb toplumu aydınlatmalıdır, daha hər şeyə lağ etməklə gününü keçirməməlidir.

 

Aydın toplumun yaranması hökumətin marağında deyil, bu heç. Yaxşı, bizə nə gəlib ki, vacib tezislər olan, istənilən xalqın varolma təməllərindən biri olan Dövlət (Milli) maraqlarını lağ obyektinə çeviririk?!

 

Bəzi doslarımız Dövlət (Milli) maraqlarının dəyərlərlə üst-üstə düşmədiyini vurğulayaraq bu qavrama qarşı çıxır. Amma anlamırlar ki, YAP müvəqqətidir, Dövlət isə əbədi olmalıdır. YAP bu tezisi öz dar maraqlarına salmağa çalışırsa, bu o demək deyil ki, sabah bu ölkədə iqtidar olmağa namizəd olan insanlar, siyasətçilər, vətəndaş cəmiyyəti üzvləri (gələcəkdə qurulacaq hökumətlərdə mütləq bu sahəda çalışanlar təmsil olunacaqlar – çünki çoxlu sayda dəyərli və bilikli insanlar məhz vətəndaş cəmiyyətində toplaşıblar) də Dövlət (Mili) maraqları terminini gözdən və nüfuzdan salmalıdırlar. Gələcəyə baxmağı öyrənməli, özümüzü gələcək hökumət kimi aparmağa hazırlaşmalıyıq.

 

Normal sistemdə Dövlət (Milli) maraqlarla dəyərlər arasında da çatışma olacaq, bu qaçılmazdır. O zaman nə edəcəyik?! Bu haqda düşünmüsünüzmü?! Misal: Biz hamımız güneyli qardaşlarımızın haqları, hətta müstəqillik uğrunda apardıqları (ya da aparacaqları) mübarizəni həssaslıqla izləyirik, dəstək ifadə edirik, bunu insan haqları və azadlıqları kontekstindən baxıb dəyər kimi təqdim edirik. Yaxşı, bəs o zaman PKK-nın Türkiyədə, Suriyada apardığı siyasətə necə münasibət göstərməliyik?! Onlar azadlıq mücadiləsimi verir, ya terrorla qardaş Türkiyəni parçalamaqmı istəyir?! Cənublu qardaşlarımızın öz dilində təhsil almaq, danışmaq, özünüidarəetmək istəklərini dəyərlərə söykənib dəstəkləyirik, ya Dövlət (Milli) maraqlara?! Yaxşı, dəyərlərə əsaslanırıqsa, kürd hərəkatına necə baxmalıyıq?! Əgər PKK-ya doğru və əsaslı olaraq terror təşkilatı deyiriksə (bir daha: PKK qanlı terror təşkilatıdır), bu məsələdə qardaş Türkiyənin yanındayıqsa, o zaman bu Dövlət (Milli) maraq deyil də, bəs nədir?! Bu suallar haqqında heç düşünmüsünüzmü?!

 

Və ya biz nədən Abxaziya və Osetiya məsələsində Gürcüstanın yanındayıq?! Dəyər məsələsidirsə, niyə demirik ki, azadlıq, insan haqları, özünüidarə məsələsi abxazların və osetinlərin haqqıdır – ona görə demirik ki, bu Dövlət (Milli) maraqlarımıza ziddir.

 

Bir daha: Dövlət (Milli) maraqlar vacib amil, xalqların varolma məsələsinin təməlidir, bunu gülüş, lağ obyektinə çevirmək ziyanlı və mənasız yanaşmadır. Özünü müxalif hesab edən hər bir təşkilat, qurum, insanlar gələcək hökumət, gələcək Dövlət Adamı kimi düşünməyi, davranmağı indidən öyrənməlidir...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert

Ramanada faciə

Dünən, 17:26 Hadisə