Bakı Minsk Qrupundan imtina edib: "Ağılları varsa, özlərini buraxsınlar"

Siyasət

19.01.2022 - 10:24

Deputat: "Azərbaycan əslində bunu çoxdan etməli idi"

Politoloq: "Azərbaycanın nəzərində Minsk Qrupu bacarıqsız qurum, tarixi mənasızlıqdır"

Qarabağ münaqişənin sülh yolu ilə həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupu İkinci Qarabağ müharibəsindən sonra qeyri-rəsmi də olsa, fəaliyyətinə xitam verib. Müharibədən sonra Azərbaycana və Ermənistana bir dəfə səfər edən həmsədrlər dəaliyyətləri ilə bağlı rəsmi Bakıdan müsbət cavab almadılar. Hələ o vaxt Prezident İlham Əliyev bildirmişdi ki, münaqişə həll olunduğu üçün Minsk Qrupunun nə iş görəcəyi aydın deyil. Bu, Azərbaycanın həmsədrlərdən imtinası kimi dəyərləndirilir. 

Minsk Qrupunun fəaliyyətində, bundan sonrakı danışıqlarda iştirakında İrəvan maraqlıdır. Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, yekun sülhə aparan danışıqlar Minsk Qrupunun vasitəçiliyi ilə həyata keçirilməlidir. Bakı isə mövqeyində israrlıdır: "münaqişə bitib, Azərbaycanın ərazi bütövlüyü təmin olunub". 

Azərbaycan Prezidenti Minsk Qrupu ilə bağlı son bəyanatında da Bakının mövqeyinin dəyişmədiyini bildirdi. Ölkə başçısı yerli telekanallara müsahibəsində qeyd etdi ki, həmsədrlərlə bağlı onda məlumat yoxdur: "Hesab edirəm ki, onlar indi yubiley tədbirlərinə hazırlaşırlar. Çünki bildiyiniz kimi, Minsk Qrupu 1992-ci ildə yaradılmışdır və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması onları məşğul edir. Amma əgər bu zarafatları kənara qoysaq, hesab edirəm ki, onlar özləri üçün bir gündəlik formalaşdırmalıdırlar. Bu, bizim işimiz deyil. Halbuki mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər". 

"Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıb. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər", - deyə Prezident qeyd edib. 

"Bildiyimə görə, indi həmsədrlər arasında da əvvəlki dövrlərdəki kimi birlik yoxdur. Mənim mülahizələrim buna dəlalət edir. Həm bu ölkələr arasındakı münasibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda, keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. Məncə, onlar öz aralarında bir razılığa gələ bilmirlər. Hər halda onların fəaliyyətinin belə aşağı səviyyədə olması bizi qətiyyən narahat etmir, bəlkə də əksinə. Prinsipcə 30 il böyük iş stajıdır, pensiya ərəfəsindədirlər. Ona görə onlara uzun ömür, cansağlığı arzulayıram", - deyə Prezident Əliyev vurğulayıb.

Azərbaycanın mövqeyi aydındır. Amma açıq sual da var: Minsk Qrupu rəsmən buraxılmayıb və ya buraxıldığını elan etməyib. Belədirsə, demək ki, prosesdə rol alacaqları ilə bağlı hansısa ümidləri qalıb.  

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Elman Məmmədov AYNA-ya bildirib ki, Prezident İlham Əliyev bir daha onların fəaliyyətinə ehtiyac qalmadığını bildirdi: "Hesab edirəm ki, Azərbaycan bugünkü vəziyyətdə ATƏT-in Minsk Qrupundan tam imtina edib. Bu, Prezidentin açıqlamasında da əksini tapdı. Ölkə başçımızın "Onlar Qarabağ məsələsi ilə məşğul olmamalıdırlar, biz buna imkan verməyəcəyik" sözləri o deməkdir ki, həmsədrlər yoxdurlar". 

"Azərbaycan əslində bunu çoxdan etməli idi. Minsk Qrupunu yarandığı gündən Azərbaycanın əleyhinə, Ermənistanın xeyrinə fəaliyyət göstərməklə məşğul olub. Bunun qarşısını isə 44 günlük Vətən müharibəsində almış olduq. Bizim həmsədrlər nəyimizə lazımdır?!", - millət vəkili söyləyib. 

Deputat hesab edir ki, Minsk Qrupunun yenidən fəaliyyətə başlaması Azərbaycanın ziyanınadır: "Cənab Prezidentimizin bəyan etdiyi kimi, artıq belə bir münaqişə yoxdur, biz ərazilərimizi işğaldan azad etmişik. Minsk Qrupunun vasitəçiliyinə nə ehtiyacımız var? Bunlar nəyə gəlmək istəyirlər? Yenidən bölgədə münaqişəni qızışdırmağa, münaqişə ocağını alovlandırmağa, yenidən ermənilərin xeyrinə "status" məsələsini, cürbəcür absurd məsələləri ortaya atmağa gəlmək istəyirlər? Prezidentimiz dedi, "biz buna imkan verməyəcəyik". Bəli, biz buna imkan verməyəcəyik".

"Məncə, həmsədrlərin ağılları varsa, özləri özlərini buraxsınlar. Rəsmən bəyanat versinlər ki, Minsk Qrupunun 30 illik fəaliyyəti heç nəyə yaramadı. Etiraf etsinlər ki, onların "fəaliyyəti" iflasa uğradı", - deyə Məmmədov söyləyib.

 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də bildirib ki, həmsədrlərin gösrəcəyi iş qalmayıb: “Görünən odur ki, Azərbaycan Minsk Qrupundan imtina edib, həmsədrlər rəsmi Bakı tərəfindən qəbul olunmur. Bilirsiniz, Qarabağ münaqişəsi ilə bağlı uzun illərdir aparılan mənasız danışıqların nəticə vermədiyinin şahidi olduq. Biz də, dünya da, elə Minsk Qrupunun özü də bunun şahidi oldu. Sonunda da Azərbaycan hüququndan istifadə edərək ərazilərini işğaldan azad etdi. İndi Minsk Qrupu hansı üzlə vasitəçilik etmək istəyir və yaxud nəyə vasitəçilik edəcək?!". 

"Azərbaycanın nəzərində Minsk Qrupu bacarıqsız qurum, tarixi mənasızlıqdır. Rəsmi Bakı bundan sonra qalan məsələlərlə bağlı aparılacaq danışıqların yeni formatı kimi Türkiyə, Rusiya, Ermənistan, Azərbaycan rəsmiliyini nəzərdə tutub. Danışıqlar da artıq bu istiqamətdə aparılır. Faktiki olaraq yeni format yaranıb ki, həmsədrlər bunu qəbul etməlidirlər", - politoloq vurğulayıb. 

 

Müəllif: Anar Bayramoğlu