Qorxmaz İbrahimli: "Cəmiyyətdə professional şəxslərin Parlamentdə yer alacağı düşüncəsi yaranıb"
Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Parlamentin buraxılması ilə bağlı qərar qəbul edib. Bundan sonra, Parlamentin dekabrın 2-də keçirilən iclasında, Konstitusiyanın 98-1-ci maddəsinə əsasən, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilib.
Nəticədə dövlət başçısı bununla bağlı Konstitusiya Məhkəməsinə sorğu ünvanlayıb. Və sabah sorğuya cavab veriləcək.
AYNA əməkdaşı mövzu ətrafında Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli ilə həmsöhbət olub.
- Qorxmaz bəy, sizcə Parlamentin buraxılması ilə bağlı qərarın mətnində, Milli Məclis deputatlarının əksəriyyətinin fəaliyyətsizliyi, Parlamentin öz fəaliyyətini davam etdirməsinin mümkünsüzlüyü və bu səbəbdən deputatların ölkə vətəndaşları tərəfindən yenidən seçilməsinin zəruriliyi qeyd olunub. Bu haqda nə düşünürsünüz?
- İqtidarda olmayan bir partiyanın sədr müavini, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış və bu gün də Azərbaycanın 30 illik tarixinin siyasi gedişlərini yaxından izləyən şəxs olaraq bəzi məqamları çox yaxşı bilirəm. Belə bir təşəbbüslə çıxış edən partiyanın Parlamentdə olan nümayəndələri ya seçkidə namizədliklərini verməməli, ya da istefa etməlidirlər. Çünki burda əsas mövzu onların yarıtmaz fəaliyyətləridir. Öz fəaliyyətini yarıtmaz hesab edən deputat da təkrar namizədliyini verə bilməz, verməməlidir. Bu baxımdan da, 2015-ci ildə yenilənmiş parlamentdə bu günə qədər fəaliyyətdə olan bəzi adamların fəaliyyətsizliyi, Parlamentin vaxtının bitməsinə 1 ilə yaxın vaxt qalmış bu təşəbbüsə səbəb olub. Ona görə də bu qərarı, hətta gecikmiş hesab etmək olar.
- Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi, Milli Məclisdə çoxluq təşkil edən hakim partiya üzvlərinin təşəbbüsü nəticəsində baş verib. Siyasi baxımdan bu, doğru addımdırmı?
- İlk növbədə onu deyə bilərəm ki, YAP-ı təmsil edən deputatlar bu addımı praktik cəhətdən atıblar. Çünki Azərbaycanda Parlamentin buraxılması paktikası yox idi. Hesab edirəm ki, bu, çox ciddi məsələdir. Ölkə Prezidenti islahatlara başlayaraq, bir çox rəhbər şəxsləri vəzifəsindən uzaqlaşdırıb. Yəni iqtidarda dəyişiklik hiss olunur. Amma Prezident özü də Parlamentdən narazı olduğunu bildirib belə bir təşəbbüslə çıxış edə bilərdi ki, buna fövqəladə səlahiyyəti də çatır. Yaxud da Parlamentə özünü buraxsın deyə müraciət edə bilərdi. Amma YAP rəhbərliyində təmsil olunan şəxslər belə bir təşəbbüslə çıxış ediblər. Bura da isə maraqlı bir məqam var: əgər deputatlar öz fəaliyyətlərini zəif hesab edirdilərsə, niyə vaxtında istefa vermirdilər?
- Yeni parlamentdə müxaxlifət yer ala bilərmi?
- Ümumiyyətlə, müxalifətə və ya iqtidara yer vermək söhbəti olmamalıdır. Sadəcə Konstitusiyaya uyğun olaraq şəffaf şəkildə seçkilər keçirilməlidir. Bunun üçün də ilk növbədə seçki komissiyaları yenilənməli, seçkidə qələbə qazanan namizədlər də Parlamentdə təmsil olunmalıdır. Təəssüf ki, bir neçə seçkidə biz bunun əksinin şahidi olmuşuq.
- Yeni parlamentdən gözləntiləriniz nədir?
- Ölkədə son atılan addımlar onu göstərdi ki, sürətli islahatlara start verilib. Bu baxımdan da cəmiyyətdə professional şəxslərin Parlamentdə yer alacağı düşüncəsi yaranıb. Hesab edirəm ki, bu dəfə namizədliyini verən və real qələbə qazanan şəxslər Parlamentdə təmsil olunacaqlar.