Azərbaycan Ordusu Cəbrayılı azad etməklə üç istiqamətə çıxış qazanıb

Aktual

06.10.2020 - 22:45

“Cəbrayılın azad edilməsi Xocavənd, Qubadlı və Zəngilan rayonlarına çıxmaq imkanı yaradıb”

 

Sentyabrın 27-də işğalçı ölkə Ermənistanın növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları uğurla davam edir. Düşmənin mülki əhali və yaşayış yerlərini atəşə tutmasına baxmayaraq, təxribata uymayan Azərbaycan Ordusu artıq bir neçə kəndi, strateji yüksəklikləri, həmçinin Cəbrayıl şəhərini işğaldan azad edib. Və işğaldan azad edilən Cəbrayılın hərbi-strateji əhəmiyyəti ictimaiyyətdə maraq doğurur.

 

“Biz bütün torpaqların azad edilməsini gözləyirik. Amma işğal altında olan torpaqlarımız hansı ardıcıllıqla azad ediləcək, bu, artıq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş aparan hərbi hissə və birləşmələrinin planlarına daxildir. Onlar da döyüşləri planlı şəkildə aparır və ardıcıllıqla, hansı istiqamətdə nə etmək lazım olduğunu da bilirlər. Əldə olunan məlumatları da Müdafiə Nazirliyinin mətbuat xidməti ictimaiyyətin diqqətinə çatdırır”.

Bunu AYNA-ya ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. Bildirib ki, döyüşlər plan üzrə gedir və qarşıya məqsəd qoyulan hansısa mövqe, yaşayış məntəqəsi və hansı istiqamətdə uğurlar əldə edilirsə, bu, həmin istiqamətdə ümumi döyüş planı üzrə yeni addımlar atmağa imkan verir: “Bunun da strateji əhəmiyyəti bundan ibarətdir. Baş verənlər göstərir ki, Azərbaycan Ordusunun döyüş planı var və döyüşlər bu planlar əsasında gedir. Bunun nəticəsində də gedişatda hansı istiqamətdə hansı ərazilər azad edilib, bu haqda məlumatlar veriləcək. Bizim üçün isə hansı ərazilərin işğaldan azad edilməsinin heç bir fərqi yoxdur. Əsas odur ki, Azərbaycanın işğal altında olan torpaqları azad edilsin. Məhz ona görə də döyüş fəaliyyəti bütün istiqamətlərdə gedir”.

 

Hərbi ekspert Ramil Məmmədli isə AYNA-ya şərhində deyib ki, hərbi əməliyyatlar başlayan gündən Azərbaycan Silahlı Qüvvələri Qarabağın həm Şimal, həm də Cənub istiqamətində irimiqyaslı əks-hücumları davam etdirir: “İlkin mərhələdə hədəf Fizulinin işğal altında olan əsas kəndlərinin azad edilməsi idi ki, bu kəndlərin azad edilməsi ordunun sağ cinahının möhkəmləndirilməsi demək idi. Sol cinah isə Cəbrayıl rayonudur. Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun şimal və cənub istiqaməti ilə hərəkət edərək, vacib məntəqələri işğaldan azad etdi və hər iki istiqamətdə mühüm yüksəklikləri nəzarətə götürdü. Məsələn, şimal istiqamətində Şəybəy, Quycaq və Nüzgər kəndlərini işğaldan azad etməklə, Cəbrayıl şəhərinə olan yol açıldı və bu istiqamətdə lazımi tədbirlər həyata keçirildi ki, bunun nəticəsində də Cəbrayıl şəhəri işğaldan azad edildi”.

“Cəbrayıl rayonu Qarabağın cənub istiqamətində olan o rayonlardandır ki, hazırda işğalda olan Xocavənd, Qubadlı və Zəngilan rayonlarına çıxmaq üçün Cəbrayıl rayonunda mühüm mövqeləri azad etmək lazım idi. Cəbrayıl rayonu tam azad olduqdan sonra Azərbaycan Ordusunun hərbi birləşmələri Qubadlı və Zəngilan rayonlarında hərbi əməliyyatlara davam edərək, Azərbaycanın Ermənistanla həmin istiqamətlərdəki sərhədinə qədər mövqelərini möhkəmləndirə biləcək. Bu, həm də cənub istiqamətindən Qarabağın Dağlıq hissəsinin mühasirə halqasının formalaşması deməkdir. Daha dəqiq desək, Cəbrayıl rayonundan dərhal sonra Qubadlının işğaldan azad olunması, Azərbaycan Ordusunun Laçın rayonuna çıxışını təmin edəcək və bununla da mövqelərimiz daha möhkəmlənəcək”, - mütəxəssis bildirib.

 

Məmmədli əlavə edib ki, Cəbrayıl rayonunu tam azad etməklə, Azərbaycan Ordusunun raket artilleriya bölmələri Ermənistandan Qarabağa istiqamətlənən aşağı cənub nəqliyyat dəhlizini nəzarətdə saxlayacaq: “Bu nəqliyyat dəhlizi həmin ərazidən Qarabağın cənub istiqamətinə yönələn xətdir və buradan zaman-zaman müxtəlif təyinatlı, o cümlədən hərbi təyinatlı məhsullar daşınıb. Ümumilikdə, Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl şəhərini işğaldan azad etməklə şimaldan Xocavənd, şimal-qərbdən Qubadlı, qərbdən isə Zəngilan rayonuna çıxmaq imkanı əldə edib”.

Müəllif: Mərahim Nəsib