Sabah 165 mindən çox uşaq birinci sinfə gedəcək

Aktual

14.09.2020 - 16:25

Həkimlər Klinikalar SEO Xidməti

Birincilər əyani formada təhsil alacaqlar

 

Sentyabrın 15-də Azərbaycanda 165 mindən çox uşaq birinci sinfə qədəm qoyacaq. Onlar əyani formada təhsil alacaqlar. Təhsil Nazirliyindən AYNA-ya verilən xəbərə görə, bildirilib ki, epidemioloji vəziyyət nəzərə alınaraq Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən) formada keçiriləcək.

 

Həmçinin V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayacaq. Ümumtəhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumtəhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilib. Peşə təhsili müəssisələrində dərslərin davametmə müddəti 30 dəqiqədir. Uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində dərslərin davametmə müddəti 45 dəqiqə olacaq.

 

2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 574 min 206 şagirdin təhsil alacağı gözlənilir. Onlardan 733 min 279 nəfəri qız, 840 min 927 nəfəri oğlandır. Ümumi təhsil məktəblərinin I sinfində 165 min 511, IX sinfində 132 min 734, XI sinfində isə 85 min 44 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Yeni tədris ilində 121 min 696 uşaq ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacaq.

 

Proqnoz üzrə 2020-2021-ci tədris ilinin başlanğıcında respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3 min 319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, eləcə də 60 məktəb-lisey, 50 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 min 440 məktəb fəaliyyət göstərəcək.

 

2004-cü il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Fərman imzalayıb. Sənədə əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və bu gün “Bilik günü” elan edilib. COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq 2020/2021-ci tədris ilində Azərbaycanda “Bilik günü” qeyd olunmayacaq.

 

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları təsdiq edilib. Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq.

 

Bu il I-IV siniflərdə ilk dərslər “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.

 

2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsait çap edilib. Ümumi təhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün bəzi dərsliklər yenidən tərtib olunub və ya təkmilləşdirilib. I siniflər üçün “Musiqi” və “Texnologiya”, V siniflər üçün “Fiziki tərbiyə”, “Rus dili (ikinci xarici dil)” və “İngilis dili (ikinci xarici dil)” dərslikləri ilk dəfədir tərtib edilib. I, V və IX siniflər üçün xarici dil fənni üzrə dərsliklərə müvafiq audiofayllar əlavə olunub. Yeni tədris ilində dövlət peşə təhsili müəssisələri üçün ümumilikdə 96 adda 185 min 699 nüsxə dərslik çap edilib.

 

Xatırladaq ki, 2019-2020-ci tədris ilində COVID-19 pandemiyası şəraitində təhsildə davamlılığı qorumaq üçün mühüm addımlar atılıb. Nazirlər Kabinetinin Azərbaycanda COVID-19 infeksiyasına yoluxma hallarının qarşısının alınması barədə qərarlarına əsasən martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mərhələlərlə tədris ilinin sonunadək dayandırılıb. Eyni zamanda, təhsilin fasiləsizliyini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən təxirə salınmadan yeni təşəbbüslər reallaşdırılıb. İlk növbədə əhatə dairəsinə görə ən geniş olan ümumi təhsil pilləsində teledərslər təşkil olunub. Teledərslər Azərbaycan Televiziyasının “Mədəniyyət” və "ARB Günəş” telekanallarında yayımlanıb. Teledərslərə orta məktəblər üzrə 1,6 milyon şagird tədrisə cəlb olunub. Həmin teledərslər sonradan sərbəst istifadə üçün Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında və rəsmi "Facebook” səhifəsində, "YouTube” kanalında yerləşdirilib. Tədris ilinin sonunadək ümumilikdə 2124 teledərs təqdim edilib.

 

Təhsil sahəsində görülən işlərin davamı olaraq yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə aprelin 2-dən "Virtual məktəb” layihəsinə start verilib. Bir milyondan çox müəllim və şagird “Virtual məktəb” platformasında qeydiyyatdan keçib.

 

Təhsilalanlara daha geniş təlim imkanlarının yaradılması, müəllimlərə təlimlərin verilməsi və mentor dəstəyinin göstərilməsi məqsədilə “onlayn siniflər”in fəaliyyəti təşkil edilib. 1000-dən çox müəllim distant təhsil mövzusunda onlayn təlimlərə cəlb olunub.

 

Qeyd edək ki, teledərslər və "Virtual məktəb” layihəsi 2020-2021-ci tədris ilində də davam etdiriləcək.

 

Xüsusi vurğulamaq lazımdır ki, pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESCO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb.

 

Təhsil Nazirliyi pandemiya dövründə məktəbəqədər təhsilin davamlılığı ilə bağlı tədbirlərin həyata keçirilməsinə də nail olub. Belə ki, nazirliyin Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə “Oynayırıq və öyrənirik” adlı teledərslər təqdim olunub. Ölkə üzrə 33 rayon və şəhərin 308 icmasını əhatə edən 321 icma əsaslı məktəbəqədər təhsil qrupuna 6 min 212 nəfər 3-4 yaşlı uşaq cəlb edilib.

 

Pandemiyanın təsirlərinin azaldılması istiqamətində Təhsil Nazirliyi tərəfindən bir sıra sosial-psixoloji fəaliyyət də həyata keçirilib. Evdə qalan şagird və müəllimlərə, eləcə də vətəndaşlara mənəvi-psixoloji dəstək göstərilib.

Müəllif: Ayna.az