Artıq səkilər də təhlükəsiz deyil – Piyadaların başı dərddə

Cəmiyyət

16.10.2022 - 10:18

Səki ilə tam sürətlə: elektrikli skuter istifadəçiləri piyada hesab edilməməlidir

Bakıda elektriklə işləyən skuterlər və buna bənzər nəqliyyar vasitələrinə getdikcə daha çox rast gəlinməyə başlanılıb. Onlar piyadanın keçməsinə yol vermək üçün dayanmış avtomobilin arxasından qəflətən çıxa bilər. Belə nəqliyyat vasitələrinin piyadaları vurması, nəticədə onların xəsarət alması halları var. Səki ilə gedərkən belə, diqqətli olmalısan: bir anlıq fikrə getsən, ya da gözün telefona ilişsə, belə nəqliyyat vasitələri ilə  toqquşa bilərsən.

Elektrikli skuterlər, giroskoplar və s. vasitələr kompakt və nisbətən ucuzdur. Buna görə də onları yüksək sürətlə idarə edən gənclər və yeniyetmələr üçün xüsusilə cəlbedicidir. Və onlar, əlbəttə ki, öz hərəkətlərinin başqaları və özləri üçün təhlükəli ola biləcəyini düşünmürlər.

Rusiyada bu yaxınlarda fərdi mobillik vasitəsi (FMV) xüsusi statusunu almış elektrik skuterləri, giroskuterləri və seqveylər ilə bağlı yol hərəkəti qaydalarına dəyişikliklər təsdiqlənib. Onların maksimal sürəti 25 km/saatla məhdudlaşdırıldı. Yeri gəlmişkən, məsələn, Soçidə FMV ilə yalnız 10 km/saat sürətlə səyahət edə bilərsiniz.

Bundan əvvəl elektrikli skuterdə olan şəxs piyada sayılırdı. Artıq eyni vaxtda hərəkətdə olarkən piyadalara üstünlük verilir. Belə nəqliyyat vasitələrini səkilərdə, velosiped və piyada yollarında yalnız kütləsi 35 kq-dan çox olmadıqda sürə bilərsiniz. Rusiyada elektrik skuterini yolun sağ tərəfində idarə etmək olar, ancaq 14 yaşdan yuxarı insanlar və maksimum sürəti 60 km/saat olan yollarda.

Ölkəmizdə isə qanunla elektriklə işləyən skuterdən istifadə edənlə piyada eyniləşdirilir və bununla bağlı qanunvericiliyin dəyişdirilməsinə ehtiyac var.

“Sürücülərin Maariflənməsinə Yardım” İctimai Birliyinin sədri Fazil Məmmədov AYNA-ya açıqlamasında paytaxtda elektriklə işləyən skuterlərin və bu kimi digər vasitələrin getdikcə çoxalacağını deyib: “Onlar artıq əsl problemə çevrilib. Bizdə yol hərəkəti iştirakçılarının qanuna tabe olmaması səviyyəsi inkişaf etmiş ölkələrdən qat-qat ciddidir. Bizim ölkədə nə sürücülər, nə də piyadalar qanuna tabe olur. Hər kəs qanuna tabe olmalıdır. Əks halda, heç bir tədbir istənilən effekti verməyəcək”.

Həmsöhbətimizin sözlərinə görə, bizdə avtobuslar üçün nəzərdə tutulmuş zolaq var, amma maşınlar hələ də oradan hərəkət edir: “Hətta paytaxtda elektrik skuterləri üçün xüsusi yollar hazırlansa belə, bunun bir faydası olacağına şübhə edirəm. Amma təbii ki, belə treklərə ehtiyac var. Sadəcə olaraq, belə vasitələr üçün ciddi qaydalar olmalıdır, ona görə də mən hesab edirəm ki, Rusiyada qəbul edilən dəyişikliklər düzgün qərardır. Bizdə isə bu vasitələr piyadalara bərabər tutulur, çünki onların statusunda heç bir dəyişiklik baş verməyib”.

“Təsəvvür edin ki, səkidə elektrikli skuter sürən şəxslə bir piyada və ya iki piyada bir-biri ilə toqquşub. Təbii ki, birinci halda piyadanın sağlamlığına daha ciddi ziyan dəyə bilər. Ona görə də bu iki halda bərabərlik işarəsinin necə qoyulması aydın deyil. Elektrikli skuterlər, giroskoplar, elektrik skeytbordları və s. FMV hesab edilməlidir. Texniki cəhətdən onlar kifayət qədər güclüdür və saatda 35-40 km-ə qədər sürətlənə bilir, ona görə də onlar üçün sürət həddi olmalıdır. Başqa bir məqam isə dövlət qeydiyyat nişanlarının olmasıdır ki, belə vasitə ilə bağlı insident baş verdikdə, istifadəçinin günahı varsa, tapılıb məsuliyyətə cəlb olunsun. Hesab edirəm ki, bu cür vasitlərə də sürücülük vəsiqəsi verilməlidir”, - deyə Məmmədov bildirib.

Onun fikrincə, belə nəqliyyat vasitələrinin sahibləri üçün yol hərəkəti qaydalarını pozmağa görə cəza sərtləşdirilməlidir: “Birinci qayda pozuntusuna görə - cərimə, ikinciyə görə - nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, üçüncüyə görə - vasitənin müsadirəsi. Bu, pozucuların sıralarını xeyli azaldacaq”.

Qeyd edək ki, Azərbaycanda bir ildən çoxdur ki, əsasən moped və motosiklet sürən kuryerlər problemini həll edə bilmirlər. Elektrikli skuterləri çox vaxt daha gənc və müvafiq olaraq daha dəlisov insanlar seçirlər. Belə bir nəqliyyat vasitəsi iş məqsədi ilə istifadə olunursa, qayda pozuntusu baş verdikdə, təkcə onu idarə edən şəxs deyil, həm də işəgötürən məsuliyyət daşımalıdır.

Müəllif: Elya Belskaya