Yermak: “Avropa daha çox məsuliyyət götürməli, daha çox təşəbbüs göstərməli və həqiqətən öz müdafiə potensialını yaratmağa başlamalıdır”
“NATO üzvü olmasa da, Ukrayna uzun müddətdir ki, Şimali Atlantika Alyansının Rusiyanı neytrallaşdırmaqla bağlı strateji konsepsiyasını müstəqil şəkildə həyata keçirir”. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Ukraynanın NATO-dakı missiyasının rəhbəri Alena Getmançukla birlikdə “The Hill” nəşrinə yazdığı məqalədə qeyd edib.
“NATO üzvü olmamasına və NATO qoşunlarını bu işə cəlb etməməsinə baxmayaraq, Ukrayna uzun müddətdir ki, NATO-nun Rusiyanı müttəfiqlərinin təhlükəsizliyinə ən əhəmiyyətli və birbaşa təhdid kimi neytrallaşdırmaq üzrə Strateji Konsepsiyasını müstəqil şəkildə həyata keçirir”, - qeyd edib.
Məqalədə bildirilib ki, “NATO-nun yeni Avro-Atlantik reallığa uyğunlaşması” davam edir. Avropa “daha çox məsuliyyət götürməli, daha çox təşəbbüs göstərməli və həqiqətən öz müdafiə potensialını yaratmağa başlamalıdır”.
Müəlliflər hesab edirlər ki, münaqişə ilə “bərkləşmiş” Ukraynanın bu prosesə qoşulması prosesi sadələşdirəcək və sürətləndirəcək.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında Ukrayna sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq üçün müraciət edib. Lakin Alyansa üzv olan bir sıra ölkələr bu fikrin əleyhinədir. Xüsusilə, ABŞ Ukraynanın NATO-ya üzvlüyünə veto qoyub. Amerika Prezidenti Donald Tramp hesab edir ki, bu, mümkünsüz və yersizdir.