İmzaya çevrilmiş əsgər qeydlərini oxuduqca özünü zaman tunelində hiss edirsən
(İkinci yazı, biricinci yazı BURADA)
Reyxstaqın yaxınlığına çatanda adamda qəribə hisslər oyanır. Sovet vaxtı, Moskva, yerli TV-lərdə müharibə iştirakçılarının nəql etdiyi xatirələr, bu mövzuda çəkilmiş filmlərdən fraqmentlər yada düşür. Sovet Azərbaycanının vətəndaşı olmuş birinin düşüncələrə qapılması çətin deyil. Bizə o vaxt “Moskva ölkəmizin paytaxtıdır” deyib inşa yazdırardılar, çünki müharibədə qalibiyyətin əsas səbəbkarı olan Bakı və Azərbaycan əsgərləri də rus ordusunun bir hissəsi idi, guya bizi özlərinə doğma etmişdilər, əziz etmişdilər. Ziyarətdə həvəsimin əsas səbəbi də sovet əsgərlərinin divar yazıları içində bizim əsgərin qeydini tapmaq idi.
Əzəmətli bina, sərt yoxlama, hədsiz maraq
Qeyd edim ki, Berlinin simvolundan biri olan Reyxstaqı - Almaniya Parlamentinin binasını ziyarətin xüsusi qaydaları var. Əvvəldən qeydiyyat olunmaqla bu möhtəşəm binanı gəzmək daha uyğundur, növbədə vaxt itkisi olmur. Binaya daxil olmaq sərhəd-gömrük xidmətindəki yoxlamalardan da sərt və ciddidir, bu da təbiidir. Bina tarixi olduğu qədər, strateji əhəmiyyətli obyektdir. Muzey kimi xaricdən tarixiliyini qorusa da, müasir, yenilənmiş divarları arasında Almaniyanın taleyini həll edəcək qərarlar qəbul olunur, siyasi müzakirə aparılır.
Nəhayət, tarixi binanın daxilindəyik. Bizə bələdçilik edən qadın xəbərdarlıq etdi ki, ekskursiya müddətində təhlükəsizlik naminə parlamentin daxilinin videosunu çəkmək olmaz. Binanın giriş-çıxış qapıları, hətta onun və işçilərin fotusuna icazə verilmir. Bina daxilində gözə dəyən incəsənət, tarixi məqamları əks etdirən nəsnələrdən fotoçəkiliş etmək olar.
Bütün ziyarətçilər kimi binanı gəzməyə tələsirik. Axır ki, vaxtı ilə rus əsgərlərinin əlinə keçən binanın tavanı, divarlara həkk edilmiş əlyazmalarla qarşı-qarşıyayam. Bu canlı tarixi qeydləri görəndə, bir az əvvəl qeyd etdiyim hissləri yaşadım, hətta elə bil qulağıma əsgərlərin qışqırıq səsləri belə, gəldi. Bu reaksiyam Sosialist Azərbaycanında verilən uğurlu təbliğatın, tərbiyənin nəticəsi də ola bilərdi. Emosiyaları gizləmək olmur, divar boyu saysız imzalar, ürək sözləri, qələbə sevinci hissələrini həkk edən əsgərlərin sanki özü qarşında canlanır.
Təbii ki, mən o imzalar içində azərbaycanlı əsgərin xatirəsini axtarmağa başladım. Oxumaqla çatdırmaq olmur, dedim, bəlkə fotosunu çəkib sonra fotoda axtarım. Bələdçi dedi ki, bu divar qeydlərini oxumaq, ayırd etmək üçün saatlar belə, bəs etməz.
Azərbaycanlı imzası sorağında
Tarixi özündə ehtiva etməklə yanaşı, divarlarda yüzlərlə hiss-həyəcan nəticəsində imzaya çevrilmiş əsgər qeydlərini oxuduqca özünü zaman tunelində hiss edirsən. Sovet əsgərlərinin son hədəfi idi buranı ələ keçirmək, buna da nail olmuşdular.
Postsovet ölkəsi jurnalistlərindən ibarət qrupumuzda hərə öz ölkəsinin əsgərinin səs-sorağını almağa çalışırdı. Öz ölkəsindən olan əsgərin imzasını, yazısını tapan sevinirdi. Düzü, zaman qıtlığından və qrupla ziyarət səbəbindən konkret azəbaycanlı imzası ilə qarşılaşmadım (məşhur Nəcəfov adlı əsgər imzasını axtarırdım), amma bələdçi dedi ki, bütün Sovet ölkəsindən olan əsgər qeydləri qorunur, hətta azərbaycanlıların da binanı ələ keçirəndə böyük qəhrəmanlığı olub.
Məlumat verildi ki, ötən əsrin 90-cı illərində çoxluqla aşkarlanan bu imzalar, divar qeydləri yenidən bərpa olunub. Restavrasiya konservasiya üsulu ilə aparılıb. Divarlar ağardılıb, əlyazmalar üzərində isə mütəxəssislər tərəfindən xüsusi rəngləndirmə işi aparılıb. Ağardılmış divarlarda qara ləkələr də görmək olur, bu, binanın öz tarixi rəngidir, bilə-bilə saxlanılıb ki, tarixiliyi itməsin.
Reyxstaqın bir neçə hissəsində, xüsusilə ən aşağı mərtəbəsində saysız sovet əsgərinin imzalarını görmək olar. Bu yazıları yazan əsgərlər kömür, təbaşir və karandaşdan istifadə ediblər. İti alətlərdən istifadə edərək də divara imzasını həkk edənlər olub.
Merkelin otağı, parlamentə “qonmuş” qartal
Tarixi binanın indiki vəziyyətinə gəlincə, ziyarət sırasında federal Kansler Angela Merkelin iş otağının astanasına da baş çəkdik. Əlbəttə ki, iş otağına daxil olmağa icazə yoxdu. Bələdçi dedi ki, Merkelin daimi otağı Berlində başqa səmtdədir, əsasən orada olur. Amma yerli konstitusiyaya görə, parlamentin plenar iclasında iştirak etməli olan Kanslerin Peyxstaqda da öz kabineti olmalıdır. Qanunvericiliyə görə, Kansleri parlament seçir, hakimiyyət dönəmi 4 ildir və ardıcıl təkrar seçilə bilər. 2005-ci ildən indiyədək ölkəni Xristian Demokratlardan Angela Merkel idarə edir.
Parlamentdə hazırda 6 fraksiya və 709 deputat var. Bu, dunyada Çindən sonra üzvlərinin sayı ən çox olan ikinci parlament hesabat olunur. Parlament zalının bir üstünlüyü də odur ku, sıravi almanlar da zalın müyyən yerində əyləşib plenar iclasa tamaşa edə bilərlər. Bizdəki kimi qanunlar gizli, ictimaiyyətdən kənarda qəbul oluna bilməz, ən azı açıq müzakirələrə şahidlik var. Yəqin, ictimai nəzarət bu olan şeydir.
Parlament zalında göydən asılmış qartal hər kəsin diqqətini çəkib. qartalın müəllifi məşhur Britaniya arxitektoru Norman Fosterdir (Bakıda da bir neçə bina onun “Foster+Partners” memarlıq bürosu tərəfindən tikilib - red.), qartalın çiyin hissəsində imzası da var. Bu qartal uzaqdan kiçik görünsə də, 58 kvadrat metrlik sahəsi var, tərkibi alüminiumdur.
Daxili müasir tələblərə uyğun yenilənmiş indiki parlament zalının dizaynı, memarlığı da bu kişinin əlindən çıxıb. Demək olar ki, köhnə binanın daxili dağıdılıb, yenidən tikilib.
Başıbəlalı Reyxstaq...
Məlumat üçün deyim ki, özülü 1884-cü ildə qoyulan bina 10 ilə inşa edilib. Hələ o zaman da ağıllı alman texnologiyası bu binanın tikintisində özünü göstərib. Belə ki, binanın öz elektrik generatoru, ikiqatlı pəncərə şüşələri, sensorlu mərkəzi isitmə sistemi, su və kanalizasiya xətləri, çoxlu tualetləri, telefonu, pnevmatik poçtu, elektrik ventilyatorları və s. var idi. Tarix boyu binanın başına hər iş gəlib, binadan müxtəlif məqsədlər üçün istifadə olunub.
1933-də binanın bir hissəsi yanıb. İkinci Dünya Müharibəsi illərində binanın yan qüllələrində zenit qurğuları, binanın özündə isə hospital yerləşdirilib. Müharibə illərində hətta AEG şirkəti burada elektron lampaları da istehsal etməyə başlayıb. Almanların məğlubiyyətindən sonra bina çox bərbad vəziyyətə düşüb, hətta 1933-cü il yanğınından sonra qismən təmir edilən künbəz də uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Özü uçmamış almanlar özləri onu uçurublar.
Bir müddət sonra sonra bina təmir edilməyə başlandı. Memar Paul Baumqartenin rəhbərliyi altında davam edən restavrasiya işləri 1973-cü ilə qədər davam etdi, lakin o, binanın künbəzini bərpa etməkdən imtina etdi. Təmirsonrası parlament binasından deputatlar ürəklə istifadə edə bilmirdilər. Buna səbəb qalib ölkələrin Qərbi Almaniya ilə bağlı dördtərəfli qəbul etdikləri qərarlar idi. Bu qərarlara əsasən, Reyxstaqda plenar iclasların keçirilməsinə müəyyən məhdudiyyətlər qoyulurdu.
1990-cı ildə Almaniya birləşdiriləndən sonra elə həmin günün ertəsi Reyxstaqda Ümumalmaniya deputatlarının ilk birgə iclası keçirildi. 1991-ci ildən isə Bonnda yerləşən Almaniya Parlamenti (almancada Bundestaq) tarixi məkanları olan Reyxstaqa köçürüldü. Bundan sonra binanın rekonstruksiyasına qərar verildi. Müsabiqənin qalibi az əvvəl adını çəkdiyim memar Norman Foster oldu. Foster 1995-ci ildə deputatların qərarı ilə müasir tipli künbəz də tikdi. Hündürlüyü 23.5 metr, diametri 40 metr olan künbəz şəffaf şüşədən və poladdan hazırlanıb. Künbəzə çıxmaq üçün uzunluğu 230 metr olan spiralvari ramp inşa edilib. Bura çıxan ziyarətçilər panoram meydançasına daxil olur və burdan Berlinə tamaşa edirlər.
Künbəzin tam üstü isə açıqdır. Bu, ona xidmət edir ki, parlamentin iclas zalı təbii işıqlandırma ilə təmin edilsin. Həm də bu, şəffaflığın, demokratiyanın təcəssümüdür. Burada quraşdırılan 360 güzgü ecazkar işıq oynamasına yol açır və işığı həm əks etdirir, həm də keçirir. Güzgü panellər xüsusi filtrlərlə təchiz edilib. Kompüter vasitəsilə idarə olunan bu panellər ilin fəsli, hava şəraiti və günün saatından asılı olaraq plenar iclas zalına düşən gün işığının miqdarını tənzimləyir. Eyni zamanda, künbəzin ağzında quraşdırılan ventilyasiya şaxtası plenar iclasdan yuxarı qalxan isti havanı binanın isitmə sisteminə ötürərək enerji sərfiyyatını da azaldır.
Və nəhayət, xüsusi texnoloji həllər vasitəsilə künbəzin açıq dairəsindən zala bir damcı da olsa, yağış və qar düşmür. Buna görə də dəqiq hesablanaraq tikilən və bərpa olunan binadan turistlər də, almanlar da, alman deputatlar da zövq alırlar.
Nə deyim, tarixiliyi ilə müasirliyin sintezi olan binada o zövqü aldım, hissləri yaşadım. Maraqlı detallara getmədim, bunu da sizə saxladım. Unudulmaz təəssüratlar üçün yolunuz Berlinə düşəndə bura mütləq baş çəkin.
P.S. Ziyarət müddətində elə hey düşündüm ki, görəsən, nə vaxtsa, tarixi hadisələrə şahidlik etmiş Milli Məclis binası da muzeyə çevriləcəkmi? Tarixi tarix etmirlər, tarixi yaradırlar. Binanın həndəvərindən keçməyə cürət etməyənlərin bu bina daxilində hansı tarixlə söhbətləşəcəyi də sual doğurur. Bizdə tarix də silinir axı. Elə silinir ki, heç yenisi də yardılmır. Heç bilmirəm, yaradılmayan tarix barədə kitablarda nə yazılacaq. Yəqin boş səhifələr...