Stressin unudulduğu cəmiyyət: Yanaşı oturduğun heyvan da müsbət enerji saçır

Stressin unudulduğu cəmiyyət: Yanaşı oturduğun heyvan da müsbət enerji saçır

1-ci yazı

 

Niyə mənim ölkəmin insanı da belə mühitə layiq olmasın...?

 

Bakıdan Almaniyaya can atan soydaşlarımızın orada qurulan o qədər xəyalları var ki... Və bu xəyalların darmadağın olmasında, çox vaxt özümüz günahkar olur. Məsələn, təyyarələrə doldurulub geri göndərilənlərin nümunəsi.

 

Amma nə yaxşı ki, bizi bu ölkədə layiqli təmsil edən, alman cəmiyyətinin hörmətini qazanan soydaşlarımız da az deyil. Bu barədə daha sonra. Bəs bizimkilər niyə Almaniyaya can atırlar?

 

Berlinə ayaq basanda bizi köhnə sovet məhlələrini, küçələrini xatırladan mənzərə qarşıladı. Elə bura da keçmiş sovet ölkəsinin bir insanı kimi dəvət olunmuşdum. Biz o sadəliyi qoruya bilməsək də, müasir zamanda dünyanın qabaqcıl ölkələrindən biri olan Almaniyaya, paytaxt Berlinə bu sadəlik çox yaraşır.

Yad ölkəyə gələn insana nə lazımdır? Ən əvvəl onu insan kimi qarşılayan gülərüzlər, səsinə hay verən birilərinin olması. Azərbaycanda tamarzı qaldığım o gülərüzləri yad torpaqda ilk andan gördüm. Kimsə kimsəyə kəm baxmaz, gözünü zilləməz, hətta bəzən heç baxmaz. Hərə öz halında, öz dünyasındadır. Biz insanlara nifrətlə, qərəzlə baxmaqla nə qədər çox şey itirmişik, İlahi…

 

İnsanımız nə zaman qeybətlə bəslənməyi, “susuzluğunu” mübahisələrlə yatırmağı dayandıracaq? Biz doğrudan da qiymətli vaxtımızı və enerjimizi alan bu hallardan, stereotiplərlə yaşamaqdan birdəfəlik qurtulmalıyıq.

 

Berlin metrosu

 

Bura ilk anda qarışıqlığı ilə adamı çaş-baş qoyan, daha sonra yavaş-yavaş öyrəşdiyin ictimai nəqliyyatdır. Heç sıravi alman da ölkəsində olan metrostansiyaların sayını bilmir. Maraqlıdır, elə deyilmi? Bilirsiniz niyə? Çünki buranın insanlarına uşaqlıqdan əzbərçilik öyrətmirlər, əvəzinə qayda-qanun reflekslərini aşılayırlar.

Metrostansiyalara keçidlər, saysız istiqamətlərə gedişlər çoxdur. Məlumat tabloları olsa belə, qarşıma hər çıxan almandan getdiyim ünvanla bağlı dəqiqləşmə aparanda məlum olurdu ki, vətəndaşlar bəzi hallarda onlara lazım olmayan məkanlarla belə, maraqlanmırlar. Ehtiyac olduğu halda bu haqda düşünürlər.

 

Bəxtimdən suala tutduqlarımın çoxu ingiliscəni bilirdi, bilməyən də yardım etməyə çalışırdı. Berlinin ictimai nəqliyyatı o qədər əlverişlidir ki, adamı bezdirən, aldadan taksi xidmətləri yaratmaq ağıllarına gəlməyib. Berlində olduğum müddətdə maraqlandım ki, niyə taksilər belə azdır. Dedilər, avtobuslar, yerüstü, yeraltı qatarlar (ikimərtəbəli metrostansiyalar), tramvaylar elə gözəl system üzrə işləyir ki, taksiyə ehtiyac qalmır.

Berlinin ictimai nəqliyyatı öz vətəndaşının vaxtına, rahatlığına böyük qiymət verdiyini beləcə sübut edir desəm, daha yaxşı ifadə etmiş olaram. Bir daha əmin oldum ki, əhalinin əhval-ruhiyyəsinin yüksək olması elə problemsiz nəqliyyat sistemindən başlayır. Avropa zamanın qızıl olduğunu tək sözdə yox, həyatında da şüara çevirib. Bəs biz hələ də nəyi gözləyirik?

 

Ən maraqlısı odur ki, on illər əvvəl qurulmuş metrostansiyalar necə var, elə də zahiri vəziyyətdədir. Nə hər il dövləti dirəyirlər ki, bizə pul ayır, nə də mərmər, zər-ziba pulunu “yemək” xatirinə stansiyaları aylarla təmirə bağlamaqla camaatın əsəbi ilə oynayırlar. Sadəlik, rahatlıq, nəzarət mexanizmi və məsuliyyət. Sonuncu ilə aramız olmasa da, bunu artıq dərk etməliyik.

 

İctimai nəqliyyat mədəniyyəti

 

Metrostansiyalara (eləcə də başqa ictimai nəqliyyat vasitələrinə) giriş çox rahatdır, səni yoxlayan polis postu, günlük, həftəlik gediş-gəliş kartlarına daimi nəzarət edən yoxdur, amma əvəzində bir-birinə inanan insan cəmiyyəti var. Hamı, yenə də təkrarlamağa vadar olduğum MƏSULİYYƏT sahibidir. Bilirlər ki, işdir yoxlayan olsa, pulsuz getmədiyini sübuta yetirməlisən. Bir də baxırsan ki, itlə yanaşı oturmusan, baxışları mülayim, davranışları mədəni… O heyvan belə, ətrafa müsbət enerji saçır.