Anomal təbiət hadisələrindən narahat olanlara: “Təşvişə ehtiyac yoxdur”

Cəmiyyət

21.04.2022 - 18:48

Son zamanlar yayla qışın yeri dəyişib? – Mütəxəssislər şərh edirlər

“Qışda qara həsrət qalırıq, yazda havalar isinmir, yayda isə dözülməz istilər müşahidə edilir”. Son illərdə, az qala, hamı təbiətdən şikayətçi olub. Xüsusilə də çörəyi torpaqdan çıxanlar. Təsərrüfatla məşğul olanlar fəsillərdə gözlənilməz hava şəraitinin məhsuldarlığa təsirindən gileylidirlər. Bir tərəfdən də ekoaktivistlər su qıtlığını, qlobal istiləşmənin gətirəcəyi digər problemləri və s. ifadə edir, həyəcan təbili çalırlar.

Təbiətdə nə baş verir? Bu dəyişiklikləri insanın təbiətə müdaxiləsinin acı nəticəsinin təzahürü adlandırmaq olarmı? AYNA bu və digər suallara mütəxəssislərlə aydınlıq gətirməyə çalışıb.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin (MEPM) rəhbəri, ekoloq Telman Zeynalov baş verənləri adi təbiət hadisəsi adlandırıb: “Narahatlıq üçün bir səbəb yoxdur. Adi iqlim dəyişikliyi gedir və buna heç kəs müdaxilə edə bilməz. Azərbaycanda son on ilə yaxındır ki, quraqlıqdır və buna görə biz düz-əməlli nə qar görürük, nə yağış. Fikir verdinizsə, il boyu yağış yağmadı, amma mart ayında ard-arda neçə gün hava yağmurlu keçdi.”.

“Tədricən soyuqluq dövrünə qədəm qoyuruq. Bu, 30-40 ildən bir baş verən prosesdir. Heç bir qlobal istiləşmə-filan baş vermir. Dünyada iqtisadi oyun gedir. Bütün dövlətləri yaşıl texnologiyadan istifadəyə məcbur edirlər. Yəni qazdan, neftdən imtina etmələrini istəyirlər. Ona görə də hər şeyi iqlimin üstünə atırlar”, - deyə mütəxəssis bildirib.

Ekoloq tullantıların idarə edilməsi ilə bağlı problemə də diqqət çəkib: “İnsanın təbiətə ən böyük müdaxiləsi həddindən artıq çox tullantı yaratmasıdır. İnsan onları idarə etmir, yaşıllıqları qırır. Bu da iqtisadi problemlərdir. Əgər dedikləri kimi qlobal istiləşməyə qarşı mübarizə aparırlarsa, o zaman tullantıları idarə etsinlər, ətraf mühiti çirkləndirməsinlər, yaşıllıqları qorusunlar”.

“Okisgenin azalıb-çoxalması bitkilərdən asılıdır. Yaşıllıq nə qədər çox olacaqsa, oksigen də o qədər artacaq. Su qıtlığına qaldıqda isə Azərbaycanın üç tərəfi dağ, bir tərəfi dənizdir. Biz heç vaxt su qıtlığı ilə üzləşə bilmərik. Çünki 8374 çayımız var, onlardan ikisi – Kür və Araz çayları transsərhəd çaylardır. Yəni bizim problemimizi Kür və Araz həll edir. Əgər su qıtlığı yaranacağını deyirlərsə, bu, kommersiya oyunudur, deməli, suyun qiymətini qaldırmaq üçün deyirlər”, - deyə Zeynalov vurğulayıb.

Su və ekoloji çirklənmə üzrə mütəxəssis Rövşən Abbasov da havanın əslində mövsümə uyğun olduğunu deyib. Lakin onun əsaslandırmalarına görə, ölkəmizdə su çatışmazlığı və ərzaq təhlükəsizliyi ilə bağlı problem yaşana bilər: “Bu il müəyyən bir dövrdə atmosfer yağıntıları çox az düşdü, bu isə ölkəmizin aran bölgələrində çox ciddi quraqlığa və ot ehtiyatının tükənməsinə səbəb oldu. Hazırda 2040-cı ilə qədər olan dövrdə ən yaxşı ssenari üzrə belə, atmosfer yağıntılarının 10-15%, ən pis ssenariyə görə isə 15-25% azalacağı gözlənilir. Bu isə ölkəmizdə ciddi su çatışmazlığına və ərzaq təhlükəsizliyinin azalmasına gətirib çıxara bilər”.

“Bu problemi həll etmək üçün hazırda Milli Su Strategiyası üzərində gərgin iş gedir. Milli Su Strategiyasının əsas məqsədi gələcəkdə Azərbaycanın su təhlükəsizliyini təmin etməkdən ibarət olacaq. Bundan ötrü həm də Nazirlər Kabineti yanında Su Komissiyası yaradılıb”, - deyə Abbasov qeyd edib.

Mövzu ilə bağlı daha bir həmsöhbətimiz Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev iqlim dəyişikliklərinin yalnız hazırkı dövrdə gedən bir proses olmadığına söyləyib: “Yüz illər əvvəl də bu proseslər gedib. Zaman-zaman suların azalması, artması olur, lakin bu, böyük bir mərhələdə baş verir. Qlobal iqlim dəyişikliyini saxlamaq isə mümkün deyil. Sənayenin, nəqliyyatın inkişafı və s. buna təsir edən amillərdir”.

“Mart ayının sonuna yaxın qar, yağış yağması müəyyən bitkilərə zərərli olsa da, ümumilikdə xeyirli proses kimi dəyərləndirmək olar. Ona görə ki, əvvəla, su ehtiyatlarımız azalmışdı və havanın belə keçməsi su ehtiyatlarımızın artmasına səbəb oldu. Dağlara qar yağması dağ çaylarının, bulaqların, yeraltı suların artmasına kömək etdi. Kürün səviyyəsinin qalxdığını müşahidə etdik. Ümumilikdə torpağın rütubət səviyyəsi yüksəldi. Bu da o deməkdir ki, bitkilər üçün təbii münbit şərait yarandı. Bu da xüsusilə taxılçılıq, dəmyə əkinçiliyi üçün olduqca vacib məsələdir”, - deyə müsahibimiz fikrini davam etdirib.

Əlavə edib ki, yağıntıların bu il mart ayında çox olması, bəzən may ayında belə, dağlıq ərazilərə qar yağması təsərrüfat üçün o qədər də ziyanlı deyil: “Bu il mart ayında yağıntı çox oldu. Bu, əslində müətəxəssislər tərəfindən gözlənilən idi. Erkən yazda qar yağmasına qaldıqda isə, bu, çiçəkləyən ağaclar üçün müəyyən qədər zərərli olur. Lakin əksər ağaclarda tumurcuqlar aprel ayında formalaşır. Havaların soyuması ağacın tumurcuğunun da gec ayılmasına səbəb olur. Bu baxımdan erkən yazda qar yağması o qədər də ziyanlı deyil”.

“Lakin cənub bölgəsində rütubətlilik çoxdur, yağıntılar da çox düşəndə subasmalar olur. Suvarma əkinçiliyinin olmadığı yerlər üçün aprel-may aylarında qarın yağması yaxşıdır. Həm də qarın erkən yağması zərərverici həşəratların ölməsi, torpağın nəmlənməsi baxımından yaxşıdır”, - deyə ekspert diqqətə çatdırıb.

Allahverdiyev hazırda sudan istifadənin çoxaldığını, dünyada su ehtiyatlarının azaldığını vurğulayıb: “Ölkələr əkin sahələrini çoxaltmağa çalışır. Çünki əhali sayı artır. Bu da su resurslarının azalmasına səbəb olur. Lakin təbiət özü-özünü bərpa edir. Sadəcə insanlar təsərrüfat işlərini daha diqqətli aparmaq, təbiətə ayaq uydurmağa çalışmalıdır, quraqlığa dözümlü sortlardan istifadə etmək laızmdır. Gübrələrdən düzgün istifadə edilməlidir. Əkin-səpin müddətləri optimallaşdırılmalıdır. Dözümlü sortlardan istifadə etmək laızmdır. Təsərrüfat fəaliyyətlərində müasir dövrlə ayaqlaşmaq, köhnə üsullardan istifadə özünü doğrultmur”.

Müəllif: Aləmdə Nəsib