Qaraçı məndən 11 manatı necə “qopardı” və ya gəlin, sizə düşməninizi tanıdım

Cəmiyyət

20.09.2019 - 10:15

“Mənə pul ver, saçından qırıb onun içinə büküm, 8-10 günə saçın qızaracaq və şad xəbər alacaqsan”

 

“Fala inanma, faldan da qalma” deyimi hələ də aktuallığını saxlayır. Günümüzdə falçılığı daha primitiv formada yaşadanlar isə qaraçılardır. Və bu günlərdə həmin qaraçılardan biri ilə maraqlı söhbətimiz baş tutdu.

 

Avtomobili park edib gözləyirdim. Birdən avtomobilin pəncərəsini cavan bir qadın döyəclədi. Qucağında körpə uşaq vardı, başını qadının çiyninə qoyub mışıl-mışıl yatmışdı.

 

Qadın qucağındakı uşağa xatir məndən pul istədi. Uşaq ən zəif yerim olduğu üçün istəyini geri çevirmədim, pul verib pəncərəni bağlamaq istədim. Bu zaman qadın rus dilində danışmağa başladı. Mənə bir-iki söz demək istədiyini söylədi.

 

“Sənin ürəyin təmizdir. Hər kəsə bütün sirrini verirsən. Ona görə də düşmənlərin çoxdur. Sənin əsas iki düşmənin var. Onlar sənin irəli getməyini istəmirlər. Onlardan ehtiyatlı ol. Çalış, heç kimə ürəyini açma. Düşmənlərinin baş hərfləri S və R ilə başlayır. Amma səni bir nəfər sevir və sənə görə hər şey edir”, - dedi.

 

Güldüm, “düşmən varsa, lap yaxşı, demək irəlidəyik”, - cavabını verdim. Qadın qaşlarını çatıb bir az da ciddi görkəm aldı və daha yüksək tonla sözünə davam etdi: “Mənə sənin heç nəyin lazım deyil. Sadəcə bunu sənin gözlərindən oxuduğum üçün deyirəm. Ayıq ol”.

 

Qadın danışdıqca fikirləşdim ki, dialoqu davam etdirim. Amma jurnalist olduğumu desəm, qaçacaq, ya da qeyri-səmimi söhbət alınacaqdı. Yaxşı məqam idi. Ona görə qadının söhbətinə davam etməsinə fürsət yaratdım.

 

Qucağında yatmış uşağının yerini rahatlayıb, yenidən söhbətə başladı: “Sən mənə pul ver, saçından qırıb onun içinə büküm. 8-10 günə saçın qızaracaq və səni şad xəbər gözləyəcək. Hətta, o qədər sevinəcəksən ki, mənim övladım üçün bahalı hədiyyə də alacaqsan”.

Güldüm:

 

- Mən belə şeylərə inanmıram.

- İnanmayan insanların arzuları daha tez reallaşır.

 

Dialoqun davamı üçün ona 1 manat verdim. Saçımdan bir tel çıxarıb pula bükdü. Sonra dedi ki, mən onu boş əllə götürə bilmərəm. Eyni rəngdə olmayan başqa pulla götürməliyəm. Əlimdə başqa rəngdə olan cəmi 10 manat məbləğində pul var idi. Oyunu davam etdirmək üçün 10 manatımdan da keçməli oldum.

 

Bu zaman bir cavan oğlan pəncərəyə yaxınlaşıb “Xanım, o, fırıldaqçıdır, inanmayın”, - dedi. Gülümsədim, ona necə deyəydim ki, reportaj üçün oyun oynayıram?!

 

Qaraçı qadın, onun “alverinə” mane olan oğlandan yaxa qurtarmaq üçün, nağıl uydurmağı bacardı, “oğlan mənimlə tanış olmaq istəyir, ona görə yaxınlaşıb”, - deyə məni inandırmağa çalışdı.

 

Qadın məndən “qopardığı” 11 manatı bükərək, yenə pul istəyirdi. Ki, gələcəkdə məni daha nələrin gözlədiyini “xəbər versin”. Lakin bu oyun mənə baha başa gələcəkdi. Sakitcə pəncərəni qaldırdım və qadın bir anda gözdən itdi.

 

Mən bu oyunun sonunu, zatən əvvəlcədən bilirdim. Sadəcə peşə marağından dolayı geri oynamaq istədim. Oxuculara isə məsləhətim – faldan da, falçıdan da uzaq olun. Qaraçı mənə “düşmənlərimin” adlarının baş hərflərini demişdi, halbuki, ən böyük düşmən mövhumatın özüdür…

Müəllif: Təranə Xudabaxşiyeva

Ramanada faciə

Dünən, 17:26 Hadisə