VİDEO"/>

"Yeraltı çaylar" dənizə yox, duz gölünə axır və ya başımız dərddədir - <font color=red> VİDEO</font>

Cəmiyyət

05.09.2019 - 10:11

"Gölə çirkab suları axıdılırsa, oradan duz tədarükünü dayandırmaq lazımdır"

 

Abşeron rayonunun Masazır qəsəbəsi, daha çox gölü ilə məşhurdur. Şəhərdən xeyli aralıda yerləşən qəsəbəyə getmək üçün sınıq-salxaq avtobuslarla kələ-kötür yollardan keçməlisən. Əgər öz avtomobilinlə gedirsənsə, çox diqqətli olmalısan. Əks halda avtomobilin çuxura düşəcək. Eynən bizim kimi...

 

Çətinliklə olsa da, gəlib Masazırda yerləşən məşhur duz gölünə çatdıq. Həmin gölə ki, ölkəni demək olar, duz ilə təmin edir. Turistlərə fəxrlə “duzlu gölümüz var” deyirik.

 

Etiraf edək ki, uzaqdan hiss olunan çəhrayı rəng gölə xüsusi gözəllik verir. Və ilk baxışdan bu gözəlliyə vurulmamaq mümkün deyil. Təpəni aşıb, aşağı düşmək, gölə yaxınlaşıb daha da yaxından baxmaq istədik. Bu zaman qarşımıza çıxan mənzərə isə, bizi sözün əsl mənasında təəccübləndirdi.

 

Sən demə, uzaqdan müşahidə olunan çəhrayı gözəlliyin arxasında çirkab sular gizlənirmiş. Belə ki, dərəyə böyük boru açılır. Həmin borudan dayanmadan kanalizasiya suları gölə bitişik olan düzənliyə axıdılır. Düzənlikdə kanalizasiya sularının yaratdığı “çay” isə düz Masazır gölünə tökülür.

 

Bəli, düz oxudunuz, məşhur duz gölünə. Və biz də həmin gölün duzundan bəh-bəhlə istifadə edirik, xörəklərimizə qatırıq.  

 

Bu mənzərəni görəndən sonra, təbii ki, gölün gözəlliyi, əhəmiyyəti, tamamilə yox oldu. Kanalizasiya sularının gölə axdığını görən istənilən şəxsin, eynən bizim kimi bu göldən iyrənməməsi mümkün deyil.

İnsanların sağlamlığı üçün ciddi təhülkə mənbəyi olan bu mənzərəni araşdırmaq qərarına gəldik. Öncə Masazır Bələdiyyəsinin sədri Siyafər Əliyevlə əlaqə saxladıq.

 

O, AYNA-ya açıqlamasında bildirdi ki, Masazır gölünə çirkab sular axıdılmır: “Əksinə, iki yerdə təmizləyici qurğularımız var. Biri Masazırda, biri isə Novxanı qəsəbəsində yerləşir. Bu məsələ ilə bağlı “Azərsu” Açıq Səhimdar Cəmiyyəti ilə əlaqə saxlamalısınız. Bizim işimiz deyil”.

 

Bələdiyyə sədrinin dediyi kimi də etdik. Zəng etdik “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıya. A.Cəbrayıllı sözügedən məsələnin araşdırılacağını və bizə məlumat veriləcəyini bildirdi.

Amma bir neçə gün gözləsək də, “Azərsu” ASC-dən heç bir məlumat ala bilmədik.

 

Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) də mövqeyini öyrəndik. Nazirlikdən bildirildi ki, 2017-ci ildə Masazır gölü və ətrafında monitorinq aparılıb: “Həmin zaman 17 kanal vasitəsilə çirkab sularının birbaşa gölə axıdılması müşahidə olunmuşdu. Masazır gölünün ən çox çirkləndiyi, məhz 2017-ci il idi. Çünki  orada qaçqın şəhərciyi tikiləndən sonra şəhərciyin çirkli suları Masazır gölünə axıdılırdı. Hətta duz zavodu da məsələdən narazı idi və monitorinqlərdə iştirak edirdi”.

 

“Bu məsələ geniş müzakirə olundu və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə müvafiq tapşırıq verildi ki, Masazır gölü təmizlənsin. Hesablandı və qiymətləndirildi. “Azərsu” hesablamalarının nəticələrinə görə bildirdi ki, kanalizasiya çəkmək baha başa gəlir və ona görə də yalnız nasosxana tikə bilərlər. Nəticədə, 2017-ci ildən sonra aparılan işlər sayəsində gölə axıdılan çirkab sularının səviyyəsi aşağı düşüb. Amma yenə də qurunt suları, məhz bu gölə axır. İnzibati tədbirlər görülüb”, - deyə ETSN-dən qeyd olundu.

Məsələ barəsində AYNA-ya danışan ekoloq Rövşən Abbasov vurğuladı ki, gölə çirkab suları axıdılırsa, oradan duz çıxarılmasını və istehsalı davam etdirmək doğru deyil: “Ya duz istehsalı dayandırılmalıdır, ya da çirkab sularının həmin əraziyə axıdılmasının qarşısı alınmalıdır. Əlavə ekspertiza aparılmalıdır ki, duz istehsalı necə həyata keçirilir”.

 

“Özüm də bu vəziyyətin şahidi olmuşam. Hələ də bu problem qalmaqdadır. Bir müddət öncə əraziyə əhalinin girişinə qadağa qoyuldu ki, onlar duz çıxarmasınlar və ya ora müalicə məqsədi ilə istifadə edilməsin. Təəssüflər olsun ki, çirkab suları hələ də axıdılır”, - deyə ekoloq qeyd etdi.

Müəllif: Təranə Xudabaxşiyeva