Ermənistan Parlamenti qanun layihəsini birinci oxunuşda qəbul edib
Ermənistan Parlamenti həbsdə olan Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsinə icazə verən qanun layihəsini birinci oxunuşda qəbul edib. AYNA.AZ xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qanun layihəsinin lehinə 65, əleyhinə 30 səs verilib. Bitərəf qalan olmayıb.
Ermənistan Parlamentinin hazırladığı qanun layihələrinə əsasən, Respublikanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası fəaliyyətində ciddi pozuntular aşkar edib araşdırma apararsa, şirkətin rəhbərliyini dəyişdirə biləcək. Bu zaman komissiya müvəqqəti rəhbər (energetika sektorunda və ya idarəetmə sahəsində ən azı 5 il iş təcrübəsi olan mütəxəssis olmalıdır) dəvət edərək, şəbəkələrin sahiblərini müvəqqəti olaraq idarəetmədən kənarlaşdırmaq hüququna malikdir.
“Ermənistan Elektrik Şəbəkələri” son istehlakçılarla işləmək üçün paylayıcı şəbəkəyə sahibdir, dövlət isə yüksək gərginlikli şəbəkənin sahibi olaraq qalır.
Karapetyan şirkəti 2016-cı ildə əvvəlki hakimiyyətin tələbi ilə alıb və modernləşdirib.