İctimai şuralar: Məqsəd və reallıq arasındakı məsafə nə qədərdir

Cəmiyyət

03.12.2019 - 19:00

İctimai şuraların fəaliyyətinin daha effektiv olması üçün ekspertlər nələr təklif edir?

 

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2014-cü il 16 yanvar tarixində “İctimai iştirakçılıq haqqında” qanunun tətbiqi barədə fərman verilib. 2014-cü ilin 30 may tarixində isə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” təsdiq olunub və 2014-cü il iyunun 1-dən qüvvəyə minib.

 

“İctimai iştirakçılıq haqqında” Qanun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq hazırlanıb. Qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.

 

İctimai şura qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutları tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər.

 

Artıq 5 ilə yaxındır ki, sözügedən qanun qüvvəyə minib. Maraqlıdır, bu müddət ərzində ictimai şuraların yaradılması ilə bağlı qarşıya qoyulan məqsədə nail olunubmu? Yaradılmış ictimai şuraların fəaliyyəti qənaətbəxşdirmi? Ümumiyyətlə ictimai şuraların fəaliyyətinin effektiv olması üçün ekspertlər nələr təklif edir? Suallarımıza həm mütəxəssislərlə, həm də sözügedən ictimai şuralarda təmsil olunan şəxslərlə AYNA tutmağa çalışdıq.

 

“İctimai şuralarda eyni adamlar təmsil olunur”

 

Suallarımıza aydınlıq gətirən hüquqşünas Ələsgər Məmmədli əvvəlcə “İctimai şuralar haqqında” Qanunun mahiyyətini açıqladı və problemləri sadaladı: “İdarəetmə şəffaf olmalıdır və idarəetmənin şəffaf olması üçün ona ictimai nəzarət olmalıdır. İctimai nəzarəti dünyanın hər yerində media və vətəndaş cəmiyyəti institutları aparır. Qanunda vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət ictimai şuraların yaradılması nəzərdə tutulub. Bir ölkədə əgər vətəndaş cəmiyyəti qurumlarının qeydiyyatı problemlidirsə, qeydiyyatda olan təşkilatların təmsilçilərini şuraya seçirlərsə, bu, o deməkdir ki, qeydiyyatı aparan şəxsin ancaq öz istədiyi adamlar şurada olacaq. Hansısa nazirlik və ya qurum özünün yanında ictimai şura yaradanda çalışır ki, orada daha çox onunla işləyənlər, onu tərifləyənlər olsun. Problem də odur ki, həmin tərəflərin sayı məhdud olduğu üçün 20 qurumun, azı 10-da eyni adamlar təmsil olunur. Həmin adamların da ordakı gerçək missiyası ictimai nəzarət aparmaq yox, “iş aşırmaqdan” ibarətdir. Yəni ictimai nəzarət apara bilməmələrinin səbəbi həm hüquqi baxımdan prosesi apara bilməmələri, həm də qurum rəhbərinin özünə yaxın olan şəxsi şuraya üzv etməsidir”.

Image result for ələsgər məmmədli

Hüquqşünas sadaladığı problemlərin həlli yollarını da göstərdi: “İctimai şuraların fəaliyyəti ilk növbədə idarəetmənin şəffaflığından asılıdır. İdarəetmənin şəffaflığını da təmin edən normalar mövcuddur. Məsələn, informasiya əldə etmək haqqında qanunvercilikdə göstərilib ki, istənilən qurum öz internet resursunu yaratmalıdır, xəbər mövcud olduğu gündən etibarən saytda olmalıdır və s. Birincisi, media geniş şəkildə öz işini görməlidir, tələbkarlıq atmalıdır. İkincisi, ictimai nəzarəti təmin etmək üçün qanunvericiliyinin işləməsinə nəzarət mexanizmi güclənməlidir. Bu məsələdə ombudsmanın da üzərinə böyük iş düşür”.

 

Suallarımızı mövcud ictimai şuraların fəaliyyəti barədə ara-sıra tənqidi fikirlər səsləndirən, İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə də cavablandırdı: “İctimai şuraların yaradılması, hansı formada yaranmasından asılı olmayaraq, irəliyə atılan müsbət addımdır və vətəndaş cəmiyyətinin inkişafına, ictimai nəzarətin təmin olunmasına töhfə verəcək. İstər-istəməz, ilkin mərhələdə ideal vəziyyət yaratmaq çətin məsələdir. Növbəti mərhələlərdə ideallığı bərpa etmək üçün isə bir sıra dəyişikliklər edilməlidir. Məsələn, qanunda bir şəxsin bir neçə ictimai şurada təmsil olunması barədə hər hansı qadağa yoxdur. Qanuna görə seçki komissiyası yaradılmalıdır, seçkiyə uyğun təbliğat işləri aparılmalı, seçki keçirilməlidir, QHT öz mövqeyini ortaya qoyub kimlərisə həmin ictimai şuraya seçməlidir. Amma bir neçə ictimai şurada eyni adamların olması çox da yaxşı hal deyil, bu, müəyyən mənada işin keyfiyyətinin azalmasına da səbəb olar. Ona görə də gələcəkdə bu barədə müəyyən təkliflər irəli sürmək olar. Qurumların rəhbərlərinə yaxın olan şəxslərin ictimai şuralara seçilməsi ilə isə razı deyiləm. Hər bir dövlət qurumu maraqlıdır ki, ictimai şurasında daha məşhur insanlar təmsil olunsun. Qurum rəhbərləri düşünürlər ki, məşhur simalar olduqda ictimai şuranın fəaliyyəti daha çox qabağa çəkiləcək”.

Image result for Cəsarət Hüseynzadə

C.Hüseynzadə narazı qaldığı məqamlara da toxundu: “Qanunvericilikdə göstərilir ki, ictimai şuraya seçkiylə bağlı elanlar tək müvafiq icra oqranının saytında yer alsın. Məncə, bu, düzgün deyil, qanuna salmaq lazımdır ki, bu elanlar ixtisaslaşmış KİV-də getsin. Seçki barədə məlumat ictimailəşdirilməlidir ki, QHT-lər də xəbər tutub prosesdə iştirak etsin. Daha çox QHT-nin iştirak etməsi daha sağlam, şəffaf mühitin yaradılması və layiqli namizədlərin seçilməsi deməkdir. Digər problem isə seçkilərin keçirilməsi ilə bağlıdır. Bəzi nazirliklər seçkiləri qanunun tələb etdiyi formada keçirmir. Elə nazirlik var ki, seçki komissiyasına 6 nəfər öz işçisini, 3 nəfər isə QHT nümayəndəsini daxil edir. Bəzi nazirliklər isə, ümumiyyətlə qanuna sığmayan tələblər irəli sürür. Məsələn, səsverməyə gələnlərin şəxsiyyət vəsiqəsi notarial qaydada təsdiq olunmalıdır və s. Bunun üçün də ümumilikdə 40 manata yaxın vəsait tələb olunur. Seçici hansı məntiqlə kiməsə səs vermək üçün 40 manat verər? Bunlar həm qanunaziddir, həm də absurd. QHT-lərin ümumi təklifi bundan ibarətdir ki, ictimai şuaralara seçkiləri hansısa qurum təşkil etsin”.  

 

“Digər bir təklifim ondan ibarətdir ki, qurumların ictimai şuralarında ixtisaslaşmış QHT nümayəndələri təmsil olunsun. Məsələn, Səhiyyə Nazirliyində səhiyyə, Təhsil Nazirliyində təhsillə bağlı. Məncə, bu da müzakirəyə ehtiyacı olan məsələdir. Bildiyim qədər, bununla bağlı qanunvericilik aktalarına müəyyən dəyişikliklər edilməsi də planlaşdırılır”, - deyə QHT sədri əlavə etdi.

 

C.Hüseynzadənin sözlərinə görə, hələ tam olaraq bütün mərkəzi icra qurumlarında ictimai şuraların yaradılmasına nail olunmayıb: “Qanun xeyli vaxtdır qəbul olunsa da, bəzi nazirliklər buna bu il güclə razı olub. Təcrübə göstərir ki, nazirliklərdə, mərkəzi icra orqanlarında ictimai şuranın fəaliyyətinin fəal və qeyri-fəal olması birinci şəxsin münasibətindən asılıdır. Məsələn, Ədliyyə Nazirliyində bu qanun qəbul olunmamışdan belə, ictimai komitə olub. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ən çox ictimai şura ilə işləyən qurumdur, yeni rəhbər ictimai şuranın nümayəndələri ilə tez-tez görüşür. O cümlədən Dövlət Miqrasiya Xidmətində ictimai şura fəaldır. Bu iki qurumda xüsusilə xarici təcrübə görmüş gənclər təmsil olunur. Ən mənfi məqamlardan biri isə ondan ibarətdir ki, bu qanuna nəzarət mexanizmi yoxdur. Qanun göstərir ki, mərkəzi icra orqanında ictimai şuralar yaradılmalıdır. Hansı qurum ki, yaratmayıb, buna görə hansısa formada məsuliyyət daşımalıdır. Cəza, cərimə və s. hansısa formada bir mexanizm olmadığına görə bu qurumlar ictimai şuranın yaradılmasında maraqlı deyillər”.

 

“Bəzi dövlət qurumları ictimai şuraların fəal olmasını arzu etmir”

 

Bir neçə qurumun ictimai şurasında təmsil olunan ekspert, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə ictimai şuraların fəaliyyəti ilə bağlı səsləndirilən iradları qəbul etmir: “İctimai şuraların fəaliyyəti ilə bağlı daha ciddi məsələlər var, nəinki prosedur məsələləri. Birincisi, ictimai şuralar vətəndaş cəmiyyətinin nümayəndələri arasından seçki ilə formalaşır və səsverməni də vətəndaş cəmiyyətinin nümayəndələri həyata keçirir. Ona görə də vətəndaş cəmiyyətinin nümayəndələri bu məsələdə məsuliyyətli olmalı, bu proseslərdə daha çox iştirak etməyə meyl göstərməlidirlər. Çox hallarda ictimai şuraların işində seçki yığıncaqlarında vətəndaş cəmiyyətlərinin nümayəndələri daha çox fəal olmurlar”. 

Image result for Əliməmməd Nuriyev

Ə.Nuriyev də ictimai şuralara keçirilən seçkilər barədə elanların yetərli olmadığını düşünür: “Bir ay əvvəlcədən, ən azı isə 20 gün qabaq seçkilər barədə saytlarda elan verilir. Ancaq bu, yetərli deyil, elanların təkcə saytlarda yox, digər informasiya resurslarında da getməsi məqsədəuyğun olardı”.

 

Ekspert bir şəxsin bir neçə qurumun ictimai şurasında təmsil olunmasından da danışdı: “Səsverməni QHT-lər həyata keçirir. Hansı QHT rəhbəri düşünürsə ki, bir neçə ictimai şurada səmərəli fəaliyyət göstərə bilər, namizədliyini verir. Burada problem yoxdur. Problem ondadır ki, bəzi QHT-lərin özündən razı, qabiliyyəti, imkanı, həvəsi olmayan, daim gündəmdə qalmaq istəyən rəhbərləri düşünürlər ki, seçkisiz orada oturmalıdırlar. Bəziləri də başa düşürlər ki, seçilməklə bağlı problemləri olar, ona görə də eyni adamların bir neçə ictimai şuraya seçilməsi ilə bağlı fikirləri dövriyyəyə buraxırlar. Ancaq həqiqətən də bir çox dövlət qurumları istəyir ki, ictimai şuralarda onlara yaxın olan, maraqlarını müdafiə edən QHT nümayəndələri təmsil olunsun. Amma bunun qarşısını almaq mümkündür, belə ki, başqa bir şəxs gəlib yaxşı seçki kampaniyası aparmaqla özü seçilə bilər”.

 

Ə.Nuriyev ictimai şuraların fəaliyyətindəki nöqsanları da dilə gətirdi: “İndiyə qədər cəmi 11 mərkəzi icra hakimiyyətinin yanında ictimai şura yaradılıb, indi də 12-ci yaradılır. Halbuki 29 icra hakimiyyətində də qurulmalıdır. O cümlədən bəzi icra hakimiyyətlərində şuraların yaradılması ilə bağlı məlumatsızlıq olur, düşünürlər ki, onlara məktubla müraciət edilməlidir. Buna görə də məlumatlandırma komitəsinin olması daha çox vacibdir. Həmçinin şuraların işləməsi ilə bağlı bəzi problemlər var, bəzilərinin fəaliyyəti bir sıra hallarda formal xarakter daşıyır. Bəzi icra hakimiyyətləri özləri belə, həmin ictimai şuraların fəal olmasını arzu etmir. Bütövlükdə, ictimai şuraların yaranması prosesi ləngiyir, mərkəzi icra hakimiyyəti orqanları bu şuraların yaradılmasında maraqlı deyil. Çünki ictimai şuralar günəş effekti verir, qurumun bütün fəaliyyətinə işıq salır”.

 

Ekspertin sözlərinə görə, Prezident tərəfindən də ictimai nəzarətin gücləndirilməsi qarşıya qoyulmuş məsələlərdən biridir və bu prosesdə də şəffaflığı daha da genişləndirməyə ehtiyac var: “Əlbəttə ki, şuraların fəaliyyəti haqqında hesabatların verilməsi çox vacib məsələdir, şuralar onları seçən vətəndaş cəmiyyətinin üzvləri ilə görüşləri genişləndirməlidir. Ümumiyyətlə ictimai şuraların yaradılması prosesi daha da genişləndirilməli, vətəndaş cəmiyyəti bu proseslərdə iştirakla bağlı daha fəal olmalıdır”.

Image result for Umud Mirzəyev

“İctimai şuranın üzvü olmaq hansısa dividendlər gətirmir”

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, həmçinin bir neçə ictimai şuranın üzvü olan Umud Mirzəyev isə düşünür ki, ictimai şuralarda yer almaq, seçilmək üçün həm də insanın gördüyü müəyyən işlər olmalıdır: “Mənim bəlli fəaliyyətlərim var, uzun illərdir vətəndaş cəmiyyəti sahəsində çalışıram, cəmiyyətdə tanınıyırlar, dəyərləndirirlər. İctimai şuralarda təmsil olunmaq da sadəcə ictimai fəaliyyətdir, yəni orada olmaq hər hansı üstünlük vermir, hansısa dividendlər gətirmir, əksinə, məsuliyyəti artırır. Bu mənada üzv olduğum ictimai şuralarda çalışıram ki, kifayət qədər töhfə verim, faydalı olum. İctimai şuraların təkmilləşməsinə, inkişaf etməsinə cəmiyyətdə də böyük maraq var və bu, şəffaflığın, dinamikanın artmasına, fəaliyyətin effektiv olmasına səbəb ola bilər. Cəmiyyətimizin ictimai şuralarda təmsil olunmaq istəyi sevindiricidir”.

 

U.Mirzəyev düşünür ki, bütün dövlət qurumlarında ictimai şuraların yaradılmasına şərait yaradılmalıdır: “Çünki buna böyük zərurət, ehtiyac var. Çox təəssüflər olsun ki, bəzi rəsmi rurumlarda buna hələ də maneçilik törədilir. Baxmayaraq ki, bu prosesin inkişafına ən yüksək səviyyədə rəvac verilib. Hesab edirəm ki, bu prosesin sürətləndirilməsinə böyük ehtiyac var”. 

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi “SƏLİS Jurnalist” müsabiqəsi üçün hazırlanıb.

Müəllif: Rumiyyə Miraslan

Ramanada faciə

Dünən, 17:26 Hadisə