Gəncədən “Sınıq Körpü”yə uzanan əzablı yol nə zaman bitəcək – <font color=red> TARİX verildi</font>

Cəmiyyət

10.07.2019 - 14:01

Həkimlər Klinikalar SEO Xidməti

Yolda maksimal sürət 110 km/saat, yayayış yerlərinə yaxın ərazilərdə isə 90 km/saat olacaq

 

Bakı-Ələt-Qazax-Gürcüstan avtomagistralının Gəncədən “Sınıq Körpü”yədək olan hissəsi ciddi narazılıq mənbəyidir. Bu ərazi daim sürücülər üçün problemlər və təhlükəli vəziyyət yaradır.

 

Belə ki, Bakıdan Qazaxa gedən sürücülər, Gəncənin ətrafını dolaşmaq da daxil olmaqla, Şəmkirin girişinədək rahat şəkildə yollarına davam edirlər. Qeyd olunan hissəyədək magistral enli, çoxzolaqlı və birtərəfli olduğu üçün həm sürət həddi yüksəkdir, həm də təhlükəsiz şəkildə ötmə əməliyyatları etmək olur.

 

Lakin elə ki, bu rahat yol bitir və Şəmkirin girişinə çatırsan, əzablı yol başlayır. İkitərəfli və hər iki istiqamətə cəmi bir avtomobilin hərəkət edə bildiyi bu hissədə icazə verilən maksimal sürət həddi, əsasən 60 km/saat (az bir hissədə 90 km/saat) müəyyənləşdirilib. Üstəlik, qarşına saatda 30 km ilə hərəkət edən bir yük maşını düşdümü, vəziyyət daha da qəlizləşir. Nə ötmə əməliyyatı edə bilirsən, nə də mənzil başına vaxtında çata.

 

Sevindirici haldır ki, artıq sözügedən yolun genişləndirilməsinə başlanıb. Bəs təmir və yenidənqurma işi nə zaman başa çatacaq, sürücülər nə vaxt əzab-əziyyətdən xilas olacaqlar? AYNA əməkdaşı bu sualla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə müraciət edib.

 

O, Bakı-Ələt-Qazax-Gürcüstan avtomagistralının Bakıdan Gəncəyə kimi olan hissəsinin müasir standartlara cavab verən şəkildə qurulub istismara verildiyini xatırladıb: “503 kilometr uzunluğu olan Bakı-Ələt-Qazax-Gürcüstan yolunun bir hissəsi hazırdır. Sadəcə 130 kilometr uzunluğu olan Gəncə-Gürcüstan hissəsi qalmışdı. Onun da yenidənqurulmasına başlanıb”.

 

“Magistralın eni genişləndirilərək 27 metrə çatdırılacaq. Layihə çərçivəsində 31 yol qovşağı, 13 avtomobil körpüsü inşa olunacaq, bundan başqa, yolboyu 69 yerdə yeraltı keçidlər tikiləcək. Bu da insanların və heyvanların təhlüləsiz hərəkətini təmin etmək üçündür. Həmin yolda maksimal sürət 110 km/saat olacaq. Yayayış yerlərinə yaxın ərazilərdə isə sürət həddi 90 km/saat olacaq”, - Nəcəfli bildirib.

 

Onun sözlərinə görə, bu, Beynəlxalq Kredit Təşkilatı tərəfindən maliyələşən beynəlxalq layihədir: “Ona görə layihəyə ayrılan maliyyəni dəqiq deyə bilmirəm. Bir onu deyə bilərəm ki, bütün nüanslar öncədən nəzərə alınaraq maliyyə ayrılır. Layihə 2021-ci ilə kimi bitəcək. Vətəndaşların və sürücülərin rahatlığını nəzərə alaraq yol iri yaşayış məntəqələrindən uzaqda olacaq”.

 

AAYDA sözçüsü əlavə edib ki, yolun çəkilişi tender əsasında, İtaliya və Türkiyənin podratçı şirkətləri tərəfindən həyata keçirilir: “Tenderdən keçən yerli şirkət də var. Bu, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasıdır”.

Müəllif: Təranə Xudabaxşiyeva