Muəllif:

Cem Toker: Putin istəsə Serj Sarqsyanı bir otağa salıb 2 şillə vurar və…

Türkiyə Liberal-Demokrat Partiyasının sədri Cem Toker — bir neçə dəfə Ermənistanda olmuş və oranı pis tanımayan bir siyasət adamı APA-ya müsahibəsində diqqəti çəkən mülahizələr yürüdüb. Müsahibəni biz də oxucularımıza təqdim etməyi lazım bildik.

— “Qonşularla sıfır problem” siyasətindən vaz keçildiyini düşünürsünüzmü?

— “Sıfır problem” siyasəti gündəmə gələndə biz dedik ki, Suriya, İran və İraqla “sıfır problem” ola bilməz. İndi bizim dediyimiz nöqtəyə gəldilər. “Sıfır problem” real dünyada gerçəkləşməsi mümkün olmayan bir xəyal idi. Ona görə də “hamısı problemli sıfır qonşu” siyasətinə döndülər. Orta Şərqi ciddi qarşıdurmalar gözləyir. Suriyaya hərbi müdaxilədən söhbət gedir, İraqda ərəblərlə kürdlər arasındakı gərginliyin şkalası getdikcə yüksəlir, Qərbin və İsrailin İrana qarşı sanksiyaları da məlumdur. Əslində bu üç məsələni bir-birindən ayıra bilməzsiniz. Bu proseslərdə Türkiyə bir tərəf tutmağa məcbur edildi: şiə bloku dediyimiz Suriya, İraqdakı Maliki rejimi və İran Qərb tərəfindən təhdid kimi qiymətləndirilir. Ona görə də Türkiyədən istifadə edilərək sünni qütbləşməsi yaradılır. Rusiyadan başlayaraq Tehran, Bağdad və Dəməşqi də içinə alan enerji mənbələrinin qabağına bir divar hörülür. Bölgədəki şiə nüfuzunun güclənməsi Avropanın da, ABŞ-ın da xoşuna gəlmir və coğrafi mövqeyinə görə təəssüf ki, Türkiyə də bu oyunun bir aktyoru halına gətirilir. ABŞ-ın keçmiş dövlət katibi Rays 22 ölkənin sərhədlərinin dəyişəcəyindən danışmışdı, qorxuram ki, Türkiyə də bu 22 ölkədən biri ola. Mən hadisələrə bu şəkildə baxıram: ehtimal edilən 3 hərarətli qarşıdurma Türkiyəsiz olmaz. Türkiyənin bu işdə tərəf olması üçün öz içindəki kürd-terror problemini həll etməsi lazımdır. Ona görə də bu səfeh bir “sülh prosesi” Türkiyə hökumətinin önünə qoyuldu. Suriya ilə savaşa girməsi üçün Türkiyə təhrik edildi. Bir neçə il əvvəl prezident Gül dedi ki, öz içimizdəki problemi həll etməsək, başqaları gəlib həll edər. “Başqaları” dediyimiz qüvvələr indi bu işləri təcili şəkildə həll etməyimizi istəyirlər. Ona görə də baş nazir Ərdoğan bir-birinin ardınca tutarsız siyasət ortaya qoyur. 3-4 ay əvvəl edamı geri qaytarmaqdan danışdığı halda, indi eyni insanlarla Türkiyənin yeni Konstitusiyasını yazmağa çalışır. “Sıfır problem”dən başladıqsa, Ermənistan məsələsinə də gələk.

— Mən də oraya gəlməyinizi istəyəcəkdim, Çünki 2015-ə doğru gedən yolda başqa bir cəbhədən Türkiyəyə qarşı təzyiqlərin artacağını görməmək mümkün deyil.

— Ermənistana 5 dəfə gedən, oradakı universitetlərdə çıxış edən və “soyqırım”ı əsla qəbul etməyən bir siyasətçiyəm. Ermənilərə bəri başdan demişdim ki, “soyqırım” məsələsi barədə danışmayacağıqsa, mən ölkənizə gələrəm, onlar da bunu qəbul etdilər və mən 5 dəfə oraya getdim. Daha sonra prezident Gül ilə 1 saat görüşərək Ermənistan siyasətinə dair fikirlərimi onunla bölüşdüm. Türkiyənin Ermənistan siyasəti Azərbaycana indekslənmiş vəziyyətdədir. 2009-cu ildə Türkiyə və Qərb mətbuatında bir yazı yazaraq dedim ki, 6 il çox qısa müddətdir, ermənilər 2015-də Türkiyəyə qarşı geniş kampaniyaya başlayacaqlar, ona görə də hər iki tərəfdən xeyli insanın öldüyü o dönəmi “müştərək faciə” kimi qəbul edək. Çünki iş son dəqiqəyə qalsa, qapımızda qol görə bilərik. Ancaq məni dinləyən olmadı. Bilirəm ki, 2015-in fevral-mart aylarında millət vəkillərimiz əllərində çantalar ABŞ Konqresinin koridorlarında o tərəf-bu tərəf qaçıb deyəcəklər ki, prezident ənənəvi illik müraciətində “soyqırım” deməsin. Ermənistanda görmüşdüm ki, Azərbaycanı, Türkiyəni və Ermənistanı birbaşa maraqlandıran Qarabağ probleminin həllində əsas söz sahibi Rusiyadır. İrəvanda bir siyasətçi mənə demişdi ki, Putin Sarkisyanı bir otağa salıb üstünə çığırar, hətta 2 sillə də vurub deyər ki, Qarabağda güzəştə gedəcəksən, Ermənistan da güzəştə gedər. Çünki Ermənistanın taleyi Rusiyanın əlindədir. Əgər sərhəd açılsa belə, bu, Türkiyə-Rusiya sərhədi olacaq. Erməni siyasətçi dedi ki, ölkənin bütün strateji sektorları — nəqliyyat, aeroport, telekommunikasiya — Rusiyanın əlindədir. Mən Ermənistandakı iqtisadi səfilliyi də gördüm. O şəraitdə yaşayan bir ölkənin başqa bir ölkənin torpaqlarını uzun müddət işğal altında tutması mümkün deyil, ona görə də Ermənistan tezliklə işğal etdiyi torpaqlardan çıxmalıdır.

— Türkiyənin Qafqazda sülhün yaranmasının əsas şərti kimi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını əsas şərt kimi irəli sürdüyünü görürük. Sizin də bu mövqeyi bölüşdüyünüz açıq-aydındır. Ermənistandakı iqtisadi səfalətdən danışdınız, belə bir şəraitdə Türkiyə ilə sərhədin açılması Ermənistan üçün hansı nəticəni doğurar?

— Sərhəd açılsa, bir dövlət kimi Ermənistan 3 gündə bitər. Kommunistlər Berlinin sərhədinə necə divar hörmüşdülərsə, Ermənistan da Türkiyə sərhədinə divar hörər, çünki vətəndaşlarının hamısı Türkiyəyə keçər və Ermənistan adlı ölkə qalmaz. Mən oradakı durumu və insanların Türkiyə barədə düşüncələrini gördüm. Biz uşaqlıqda Avropanı görməyi necə xəyal edirdiksə, Ermənistanda da insanların Türkiyəni görmək üçün necə xəyal qurduqlarına şahid oldum. Mən onlara dedim ki, sərhəd açılsa, özünüz qapadacaqsınız. Axıra qədər bu həqiqətin arxasında dururam.

— Sizcə, Türkiyə nə qədər təşəbbüs etsə də, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çıxması üçün sadəcə Rusiyanın mövqeyi təsirli olacaq?

— Bu, sadəcə siyasətçilərin yox, küçədəki vətəndaşların da mənə dediklərindən ortaya çıxan bir nəticədir. O torpaqların işğal edilməsində Rusiya bəlkə də rol oynayıb, amma çıxması üçün Rusiyanın təzyiq göstərməsi önəmli olacaq. Ermənistanın hər yerində bir xəritə var, o xəritədə Türkiyənin 12 vilayəti “Qərbi Ermənistan” kimi göstərilir. Sarkisyanın “Mən Qarabağı aldım, Ağrı dağını almaq gələcək nəsillərin işidir” — sözlərini xatırlayın. Ermənistanın bu cür aqressiv siyasət yürütdüyünü unutmamaq lazımdır. Mən Türkiyədə həmişə bunu deyirəm: kürdlərin müstəqil olmasını bir tərəfə qoyun, onlar muxtariyyət belə əldə etsələr, ertəsi gün ermənilər kürdlərin muxtar bölgəsinə göz dikəcəklər. Əgər Türkiyənin cənub-şərq bölgələrində kürd muxtariyyətindən söhbət gedərsə, Ermənistan o bölgələri asanlıqla kürdlərə yedirməz. Əşyanın parçalarını yan-yana gətirib birləşdirəndə mən deyirəm ki, əgər gələcəkdə müstəqil kürd dövləti qurulsa belə (bizim onu görüb-görməyəcəyimiz məchuldur), ertəsi gün erməni-kürd savaşı başlayar.

— Siz Qərbi də yaxşı bilən siyasətçisiniz. 2015-ci ilə doğru gedən yolda Qərbdəki erməni disaporunun Türkiyəyə hansı kanallardan təzyiq göstərəcəyini düşünürsünüz? Sizcə, ABŞ Konqresi “soyqırım” qərarı qəbul edərmi?

— Mən ABŞ Konqresinin o qərarı qəbul edəcəyinə inanmıram. Çünki iki ölkə arasındakı münasibətlərin indiki dönəmində və Orta Şərqdə cərəyan edən proseslərdə Türkiyənin oynadığı və oynaya biləcəyi rol ABŞ hökumətini Türkiyəni narahat edəcək bir siyasətdən uzaq tutacağına qəti şəkildə inanıram. Bəlkə Konqresin alt komitələrində hansısa qərar qəbul edilə bilər, ancaq Konqresin və ya Senatın hər hansı qərar qəbul edəcəyini və prezidentin o qərarı imzalayacağını zənn etmirəm.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 159