Yeni SSRİ, yoxsa sonun başlanğıcı – İmperiya sağa-sola vurnuxur

Siyasət

08.01.2022 - 14:16

Politoloq: “Rusiya SSRİ-ni bərpa etmək yox, postsovet məkanında olan-qalan mövqelərini də itirməmək üçün çabalayır”

Qazaxıstanda 2022-ci ilin ilk günlərindən sosial problemlərə, qiymət artımına narazılıqla başlayan, sürətli şəkildə ölkəni xaosa sürükləyən etiraz aksiyaları ilə bağlı fikirlər müxtəlifdir. Hadisələri dəyərləndirən yerli və beynəlxalq ekspertlərin əksəriyyətinin gözardı etmədiyi bir məsələ var: Qazaxıstandakı etirazların belə kəskinləşməsi həm də Rusiyanın marağındadır. Hətta proseslərin vətəndaş müharibəsi həddinə çatmasının təşkilatçısı kimi Kremli nişan verənlər də az deyil. Qazaxıstan Prezidentinin etirazçıları terrorçu adlandırması, ixtişaşları yatırmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsi, qurumun sülhməramlı adı altında hərbçiləri sürətlə Qazaxıstan şəhərlərinə yeritməsi proseslərin Moskvanın marağına uyğun cərəyan etməsi fikrini gücləndirir. 

Bəzi analitiklər iddia edirlər ki, vəziyyətdən istifadə edən Rusiya lideri xiffətini çəkdiyi keçmiş SSRİ-ni yenidən bərpa etmək planlarını işə salıb. Bəziləri isə bu planın əvvəlcədən olduğunu düşünür və Qazaxıstandakı hadisələrin baş verməsini də məhz planın tərkib hissəsi kimi dəyərləndirirlər. Ekspertlər hesab edirlər ki, Rusiya SSRİ-nin qurulmasının 100 illiyində - 2022-ci ildə imperiyanı başqa adla da olsa, yenidən "xortlatmaq" niyyətindədir ki, bu niyyətə də çatmaq üzrədir.

Milli Strateji Tədqiqatlar Mərkəzinin (MSTM) sədri, politoloq Natiq Miri isə AYNA-ya şərhində deyib ki, SSRİ-nin yenidən dirildilməsi utopiyadan başqa bir şey deyil: “Nüvəsi Moskva olan bir imperiyanı formalaşdırmaq naminə Rusiya ətraf dövlətlər üçün cəlbedici olmalıdır. Bu gün Rusiya heç bir ətraf və dünya dövlətləri üçün cəlbedici deyil. Baxın, Rusiya iqtisadi cəhətdən ciddi sanksiyalar altında olan, vətəndaşları dilənçi kökünə düşmüş bir dövlətdir. Əməkhaqlarını kəskin qiymət artımlarına uyğunlaşdıra bilməyən Rusiya imperiya qura bilər?! Bu, gülüş doğuran iddiadır”.

“Eyni zamanda, bu gün Rusiya hər tərəfdən NATO kimi güclə əhatələnib. Hazırda Rusiyanın özünün təhlükəsizliyi təhdid və sual altındadır. Hərbi güc var, amma 21-ci əsrdə hərbi güc vasitəsilə ittifaq qurmaq, imperiya formalaşdırmaq mümkün deyil. Bu gün dünyada müxtəlif güc mərkəzləri yaranıb, birqütblü dünyadan çoxqütblü dünya formalaşıb. Pandemiyadan sonra dünyanın yenidən şəkilləndirilməsi prosesi gedir ki, bunun önündə gedən dövlətlər arasında Türkiyə var, Rusiya yox. Müxtəlif regional və qlobal güclərin ortaya çıxdığı bir vəziyyətdə Rusiyanın SSRİ-ni "diriltməsi" mümkün görünmür. Bu, absurd olduğu qədər, gülüncdür", - deyə siyasi şərhçi bildirib.

Onun fikrincə, Rusiyanın addımları, xüsusilə də, Qazaxıstandakı vəziyyəti fürsətə çevirmək cəhdləri Rusiyanın özünün təhlükəsizliyi ilə bağlı məsələdir: “Fikir verin, səssiz bir proses gedir və NATO Rusiyanı tamamilə çevrələmək üzrədir. Gürcüstan və Ukrayna NATO-ya daxil olduğu halda, demək olar ki, Rusiyanın çevrələnməsi prosesi başa çatacaq. Ayrıca, NATO-Rusiya qarşıdurması fonunda daha bir məsələ - Finlandiya məsələsi ortaya çıxdı. Finlandiya Rusiya təhlükəsinə qarşı NATO-da bərabərhüquqlu üzvlük hüququnu saxladığını bəyan etdi. Düşünürəm ki, bu, Avroatlantika ilə razılaşdırılmış bir məqamdır. Belə olan halda, hesab edirəm ki, əvvəlcə Belarusda, indi isə Qazaxıstanda baş verən hadisələr Rusiya üçün bir növ prosesi fürsətə çevirmək cəhdidir”.

N.Miri xatırladıb ki, Rusiya Belarusda rəngli inqilabın qarşısını almaq üçün bu ölkəyə hərbi müdaxilə etdi: "Bu gün Rusiyanın Belarusda ən müasir hərbi qüvvələri və raket sistemləri yerləşdirilib. Qazaxıstanda xalqın sosial problemlərlə bağlı etiraza qalxması Kreml üçün bir fürsət oldu. Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmaq üzrə olan Rusiya Qarabağa sülhməramlı adı altında hərbçilərini yerləşdirməklə öz mövqelərini nisbətən kompensasiya etmiş oldu. Demək istədiyim odur ki, Rusiyanın addımları SSRİ-ni bərpa etmək yox, postsovet məkanında mövqelərini tam itirməməyə hesablanıb".

Politoloq qeyd edib ki, hazırda baş verənlər Rusiyanın Qazaxıstandakı uduşu kimi görünə bilər: "Amma məsələyə uzaq perspektivdə baxılmalıdır. Rusiya bu cür hərbi müdaxilə ilə, "Vaqner" muzdluları vasitəsilə silahsız insanları atəşə tutması ilə özünə pislik edir. Qazax xalqı heç zaman onlara qarşı edilən bu pisliyi unutmayacaq. Rusiya əslində Qazaxıstanda öz hörmətini də, ümumilikdə, Qazaxıstanı da itirmiş oldu. Düşünmürəm ki, bu hadisələr Turan birliyinin sonunu gətirən hadisədir. Əksinə, baş verənlər nüvəsi türkçülük olan bir birliyin daha da güclənməsinə stimul olacaq. Məsələyə bir qədər strateji baxmaq lazımdır".

"Düşünürəm ki, Qazaxıstanla bağlı proses hələ bitməyib, indi başlayır. Çünki ortada ciddi qanunsuzluqlar var. Elbaşı Nursultan Nazarbayev Qazaxıstan Konstitusiyasına əsasən, ömürlük olaraq ölkənin Təhlükəsizlik Şurasının rəhbəridir. Prezident səlahiyyəti imkan vermir ki, Nazarbayevi vəzifəsindən qovsun. Elbaşının Təhlükəsizlik Şurasından uzaqlaşdırılması üçün referenduma, parlamentin dörddə üçünün səsinə ehtiyac var. Lakin Qasım Comərd Tokayev qanunsuz olaraq Nazarbayevi vəzifəsindən uzaqlaşdırdı. Bu baxımdan, hesab edirəm ki, yaxın perspektivdə Nazarbayev özünün varlığını xatırladacaq. Ondan sonra ola bilsin ki, proseslər fərqli müstəviyə keçsin", - deyə analitik fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu