Qoşulmama Hərəkatının sessiyası bağlı elan edilib

Siyasət

25.10.2019 - 16:41

Bakıda BMT Baş katibi Antonio Quterreşin müraciəti oxunub

 

Bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü ündəliyi qəbul edildi, Büro üzvləri seçildi, xüsusi qonaq olan dövlətlərin və təşkilatların siyahısı təsdiqləndi.

 

AYNA Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, daha sonra BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande çıxış etdi. BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini xanım Rozmari DiKarlo Baş katib Antonio Quterreşin müraciətini oxudu.

 

Zirvə Görüşü “77-lər qrupu” təşkilatının sədri Riyad Mənsurun və Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun çıxışları ilə davam etdi.

 

Çıxışlarda Qoşulmama Hərəkatının qarşısında mühüm vəzifələrin durduğu bildirildi, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulandı.

 

Çıxışlardan sonra Prezident İlham Əliyev Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının sessiyasını bağlı elan etdi.

 

Zirvə Görüşü fasilədən sonra işini ümumi debatlarla davam etdirəcək.

 

Qeyd edək ki, Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib.

 

Azərbaycan Respublikası 2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyini əldə edərək təşkilata tamhüquqlu üzv qəbul olunub. Azərbaycan Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb, təşkilatın daxili prosedur və sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Hərəkata üzvlük, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.

 

Bakı Zirvə Görüşündə 4 yekun sənədin qəbulu gözlənilir.

 

Beləliklə, Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Müəllif: Ayna.az